Günə xoş əhvali-ruhiyyə ilə başlamaq uğurları artırır

1228
Zəngli saatınız çalır, siz söndürürsünüz. Sonra yenidən çalır və siz yenə söndürürsünüz. 
Nəhayət, başınızı güclə yastıqdan qaldırmağa müvəffəq olursunuz. Ancaq bir də görürsünüz ki, hazırlaşıb evdən çıxmaq üçün çox az vaxtınız qalıb. Ağzınıza bir loxma qoymağa belə imkan tapmamış, tələm-tələsik evdən çıxırsınız. Bundan sonra da yol macəraları başlayır. Dayanacaqda az qala yarım saat avtobusu gözləməyiniz, mindikdən sonra dayanmağa yer tapmamağınız, mənzil başına çatdıqdan sonra isə avtobusdakı izdihamın içindən sıyrılıb çıxmağınız günün dadı-duzu olsa da, bunu əhvalınızı pozan səbəblərdən saymaq olar. “Günə necə başlasanız elə də davam edər”, misalı yəqin ki, hər kəsə agahdır. Səhər yaşadığı gərginlikdən sonra bir çoxları üçün bu vəziyyət günün sonuna qədər hökm sürür. Bəs insan günə xoş başlamaq üçün neyləməlidir? Ətrafda baş verən neqativ hallardan yan keçmək və hər zaman pozitiv olmaq mümkündür?

“Pis əhvali-ruhiyyə başqalarında xoşagəlməz fikirlər formalaşdırır”

Ətraf mühit, insanlar, həyat şərtləri, qayğılar və s. kimi bir çox faktorlar insanları təbii halından uzaqlaşdırır. İnsan qüsursuz yaradılsa da, sonradan qazandığı bəzi vərdişlər onun təbiliyinə xələl gətirir. Bu da onda yorğunluq, əsəbilik, stress, hətta, erkən yaşlanma kimi biruzə verir və gündəlik həyatın səmərəsiz keçməsinə səbəb olur. Əhval-ruhiyyənin yerində olmaması təkcə insanın özünə deyil, həm də onun ətrafındakılara mənfi təsir göstərir. Bu vəziyyət işdə, evdə, və ya olduğunuz hər hansı mühitdə insanlarla münasibətin pozulmasına gətirib çıxarır. Qəzetimizə müsahibə verən psixoloq Hüseyn Xəlilov günə xoş əhval-ruhiyyə ilə başlamağın verimliliyi artırdığını bildirdi. Onun sözlərinə görə, neqativlik həm də yorğunluğun artmasına səbəb olan amillərdəndir: “İnsan səhər günə xoş əhvali-ruhiyyədə başlayarsa, həm günü verimli olar, həm də nisbətən az yorular. Ümumiyyətlə, insan işə və ya dərsə gələrkən də yolda baş verən hər hansı səbəbdən əhvalı pozula bilər. Lakin o, problemlərini də özü ilə işə daşımamalıdır. Evdə həyat yoldaşı və ya qayınanası ilə mübahisə edibsə, buna görə üz turşutmaq, aqressiv olmaq, neqativliyini başqalarına da əks etdirmək düzgün deyil. Bu işin fəaliyyətinə təsir etməklə yanaşı, həm də iş yoldaşları ilə münasibətin pozulmasına da gətirib çıxara bilər”. Psixoloq insanların gün ərzində yaşadıqları hadisələrə uyğun olaraq əhval-ruhiyyələrinin formalaşdığını bildirdi. Nəzərə almaq lazımdır ki, insanın əhvalı hər zaman müsbət olmaya da bilər. H. Xəlilov bu halın insanın səhhətindən də qaynaqlandığını vurğuladı: “Bu həm bioloji, həm də sosioloji səbəblərdən qaynaqlana bilər. İlk növbədə, insan səhhətini qorumalıdır. Özü-özünə diqqət etməli və sağlamlığının qayğısına qalmalıdır. Ola bilər ki, insan səhər evdən xoş əhvali-ruhiyyədə çıxır, lakin yolda yaşadığı hər hansı problem səbəbilə əhvalı dəyişir. Ümumiyyətlə, insan səhər işə gələnə qədər hər cür hadisə ilə qarşılaşa bilər. Ancaq buna adaptasiya olmaq lazımdır. Problemsiz gün olmur. Müdirin bir sözündən inciyib əhvalı pozulan insanlar var ki, bunu da hərəkətləri və ya qaş-qabaqlı simaları ilə biruzə verirlər. Düşünürəm ki, bunu aradan qaldırmaq və işçini motivasiya etmək üçün müəssisələrdə seminar və treninqlər təşkil olunmalıdır”.

“Mənfi informasiyalardan uzaq olmaq lazımdır”

Bəzən həddindən artıq həssaslıq, başqalarının halına yanmaq xüsusiyyəti insanların tez təsirlənmələrinə, əhvallarının pozulmasına gətirib çıxarır. Xüsusən də, günə TV-yə baxmaq və ya qəzet oxumaqla başlayan insanlar aldıqları hər neqativ xəbərdən təsirlənə bilir və günün sonuna qədər eyni ruhda qala bilirlər. Psixoloq Hüseyn Xəlilov bu cür insanlara mənfi informasiyalardan uzaq olmağı tövsiyyə etdi: “Bəzi insanlar çox həssas olurlar və ən xırda hadisədən də təsirlənə bilirlər. Eşitdikləri hansısa xəbər onları kədərləndirə bilir. Yaxşı olar ki, əhval-ruhiyyələrinə mənfi təsir edən hadisələrdən uzaq olsunlar. Günə zövq aldıqları işlə başlasınlar. Məsələn, musiqi dinləsinlər”. İnsanların həm mənfi, həm də müsbət vərdişlərinin olduğunu deyən psixoloq mənfiləri azaltmağın fayda verəcəyini bildirdi. Müsahibimiz onu da qeyd etdi ki, insan deyingənlikdən, üz turşutmaqdan uzaq olmalıdır. Bunlar ətrafa mənfi enerji verir və insanlarla münasibətdə xoşagəlməz halların yaşanmasına səbəb olur. İnsan səhər yenidən oyana bildiyi üçün şükür etməyi bacarmalıdır. İşinə vicdanla yanaşmalı və üzərinə düşəni layiqincə yerinə yetirməlidir. Mənfi duyğulardan uzaqlaşmağa çalışmalıdır. Təbii ki, hər kəsin sıxıntısı, dərdi ola bilər. Problem hər zaman var və olacaq. Əksinə, insan əhvalını pozan şeylərə qarşı mübarizə aparmalı və onların öhdəsindən gəlməyə çalışmalıdır. Bilməlidir ki, kefini pozmaqla, çöhrədən təbəssümü uzaqlaşdırmaqla heç bir problemdən yaxa qurtarmaq olmur. Ona görə də problemlərə təbəssümlə cavab verin.

Xəyalə Sadıqova