“Gümüş  mükafat da yüksək nailiyyətdir”

628

Bu gün Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində “Rio-2016” Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış (kanoe üzrə) Azərbaycan idmançısı Valentin Demyanenko ilə görüş keçirilib. Görüşdən sonra isə mətbuat konfransı təşkil olunub.

Konfransda Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse prezidenti və “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin baş direktoru Natiq Abbasov çıxış ediblər. Onlar bildiriblər ki, artıq 9 ildir ki, Milli Avarçəkmə Federasiyası fəaliyyət göstərir. Bu gün ölkəmizdə bu idman növünə maraq artıb. Hazırda Mingəçevirdə yüzlərlə idmançı bu idman növü ilə məşğul olur. Vurğulanıb ki, Demyanenko 4 qat dünya, 3 qat Avropa çempionudur. Bir çox beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edib. Onun idman karyerasının zirvəsi “Rio-2016″da gerçəkləşdi. Demyanenkonu Mingəçevirdə hamı tanıyır. O, 9 ildir ki, bu şəhərdə yaşayır. Onun olimpiadada gümüş medal qazanması bütün ölkə ictimaiyyətini sevindirir. Bundan sonra da Azərbaycan avarçəkənləri yüksək nəticələr uğrunda mübarizə aparacaqlar.

d3

Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli qeyd edib ki, Demyanenkonun qazandığı Olimpiya mükafatı Azərbaycanın avarçəkmə tarixində ilkdir. Onun sözlərinə görə, bu olimpiadada Demyanenko ilə yanaşı, Azərbaycanın digər idmançıları da böyük uğurlara imza atıblar: “Bütün Mingəçevir ictimaiyyəti adından idmançılarımızı təbrik edirəm”. O daha sonra bildirib ki, respublikamızda avarçəkmə idman növü üçün əsas baza Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzidir: “İdmançımız Valentin də məhz bu idman bazasında bu kimi yarışlara hazırlaşır. Onun gərgin məşqləri sonda olimpidanın gümüş medalını almasına gətirib çıxardı”.

V.Demyanenko isə olimpiada ilə bağlı təssüratlarını bölüşüb: “Olimpiadada hər kəs qızıl medal qazanmaq istəyir. Mən də istərdim ki, qızıl medal qazanım. Amma nəsibim gümüş oldu. Qızıla, əgər belə demək mümkünsə, santimetrlər çatmadı. Məncə, gümüş  mükafat da yüksək nailiyyətdir”. O çıxışını bu sözlərlə yekunlaşdırıb: “Avarçəkmə mənim həyatımdır”.

O, qazandığı nailiyyətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, gənclər və idman naziri Azad Rəhimov, Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova minnətdar olduğunu da söyləyib.

d2

Tədbirdə iştirak edən idmançının anası Demyanenkonun idman aləminə gəlişindən ətraflı söz açıb. O da idmançı oğlunun bu uğuru ilə fəxr etdiyini dilə gətirib.

Qeyd edək ki, bu tədbirdən öncə idmançı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəlin önünə tər çiçəklər qoyub.

Bir daha xatırladaq ki, “Rio-2016” Yay Olimpiya Oyunlarında 33 yaşlı atletimiz birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşündə çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çebana qarşı yarışıb. Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız gümüş medal qazanmağı bacarıb. Qızıl medal isə ukraynalı Yuri Çebana (39,279) qismət olub.

Esmira Hidayətova, Mingəçevir