“Gülyazla mən hamı tərəfindən məhəbbətlə “bacılar” kimi çağırıldıq

0
470
Müsahibimiz Azərbaycanın Əməkdar artisti, sevilən müğənni Gülyanaq Məmmədovadır.
– Gülyanaq xanım, səhnəyə ilk gəlişinizi necə xatırlayırsınız?

– Təbii ki, səhnəyə gəlişim kiçik yaşlarımdan olub. İlk dəfə Əlifba bayramında səhnədə həvəslə “Nargilə” mahnısını ifa elədim. Bu ifam çox yaxşı qarşılandığından məndə oxumağa həvəs daha da artdı.  Daha sonra 8 yaşım olanda bacım Gülyazla səhnədə birgə “Azərbaycan gəncləri” mahnısını oxuduq. Elə həmin ildə dövlət televiziyasının “Şəlalə” Xalq Çalğı Alətləri Ansamblı ilə çıxışımız oldu. Yadımdadır, onda diktor Xalidə Gözəl idi. Bu, mənim televiziyada ilk çıxışım idi. Gülyazdan əlavə, böyük bacım Rəhimə də muğamlarımızı, xalq mahnılarımızı çox gözəl, məlahətli səslə oxuyurdu. Mən də onlar kimi oxumaq istəyirdim, amma deyirdilər ki, oxuma, sən hələ yaxşı oxuya bilmirsən. Amma məndə oxumaq həvəsi çox güclü idi və ona  görə də harada gəldi oxuyurdum. Rayonda tədbirlər olanda Rəhimə və Gülyazı da dəvət edirdilər. Mən də zorla onlarla gedir, tədbirlərdə oxuyurdum. Mənim ilk səhnəm fermalar, kiçik müsabiqələr, müxtəlif tədbirlər olub.

Mən xoşbəxtəm ki, ilk səhnəm fermalar, tamaşaçılarım isə sadə insanlar olublar. O vaxtlar rayonlararası musiqi müsabiqələri keçirilərdi və bu müsabiqələrdə münsif kimi iştirak etmək üçün Bakıdan tanınmış müğənnilər gələrdilər. Əlibaba Məmmədov, Nəriman Əliyev, İslam Rzayev, Şövkət Ələkbərova kimi ustad sənətkarlar qarşısında çıxış etmək böyük cəsarət tələb edirdi. Onlar bəyəndikləri istedadlı uşaqları Bakıya gətirirdilər. Məni də belə müsabiqələrdən birində yaxşı oxuyan kimi Bakıya gətirdilər. Müsabiqədə “Azərbaycan gəncləri” mahnısını oxudum və qalib adını qazandım. Onda mənim cəmisi 9 yaşım vardı. Bununla bağlı “Azərbaycan gəncləri” qəzetində haqqımda “9 yaşlı qalib” adlı məqalə çıxdı. Onu da deyim ki, ilk dəfə əlimdən tutub, məni səhnəyə çıxaran Əlikram müəllim olub. Müğənni Xavər Yusifovanın bacısı Sədaqət xanım kənd klubunda işləyirdi. Onun, həmçinin qarmonçalan qardaşım Atəşin bizim üzərimizdə böyük zəhməti olub.

– Kənddə o vaxtlar sizin ailənizi müğənnilər ailəsi kimi tanıyıblar. Hətta nənənizin də yaxşı səsi olduğunu və irsən siz bacıların da ona oxşadığınızı deyirlər…

–  Mənim həm ana, həm də ata tərəfim yaxşı oxuyanlar olublar. Rəhmətlik nənəmin də yaxşı səsi olub, eyni zamanda ana tərəfimdən də gözəl səsi olanlar var. Nənəmdən əlavə, atam da kənddə zurnaçalan olub. Anamın da yaxşı səsi var. Anam bizim ilk musiqi müəlliməmiz olub. O, biz bacılara mahnıları necə oxumağı, səhnədə necə hərəkət etməyi öyrədib. Anam bizə, bacılarım Kinayətə, Rəhiməyə, Gülyaza və mənə ara mahnılarını oxumağa icazə verməz, ancaq xalq mahnılarını oxumağı məsləhət görərdi. Ona görə də biz 4 bacının xalq mahnılarından ibarət repertuarı vardı.

–  Bacınız Rəhimə ərə gedəndən sonra ona səhnədə çıxış etməyə icazə vermədilər. Buna peşman deyil ki?

– Bacım xoşbəxt ailə sahibidir, övladları var. Bu baxımdan  oxumadığı üçün peşman deyil. Amma oxumaq arzusu, təbii ki, gözündə qaldı. Ona görə də biz oxuyanda o kövrəlir. Onun qeyri-adi səsi vardı. 25 illik fasilədən sonra bizim həyətdə keçirilən böyük tədbirdə bir ağız oxuması ilə Rəhimə hamını özünə heyran elədi. Bacım da o vaxt məşhur ustad Nəriman Əliyevdən dərs almışdı…

– Nəriman Əliyevdən söz düşmüşkən, o da sizin müəlliminiz olub. Bu baxımdan Nəriman Əliyevlə ilk görüşünüzü necə xatırlayırsınız?

– Böyük ustadla bizim tanışlığımız o hələ Şəkiyə istedadlar arxasınca gələndə baş vermişdi. Nəriman müəllim Gülyazla mənim səsimi bəyənmiş və demişdi ki, böyüyəndə gələrsiniz yanıma. Sonra birdən soruşdu ki, siz hansı kənddən oldunuz? Cavab verdik ki, Böyük Dəhnə kəndindən. O da dedi ki, mənim Şəkinin Böyük Dəhnə kəndində yaxşı oxuyan bir qız tələbəm var, III kursda oxuyurdu, amma indi dərsə gəlmir. Onu tanıyırsınızmı? Biz də elə bildik ki, Nəriman müəllim bizi Rəhiməyə görə tanıyıb. Ona görə də dedik ki, bəs Rəhimə bizim bacımızdır. Bunu eşidəndə Nəriman müəllim əlini əsəbi halda stola vuraraq dedi ki, bəs belə bir istedadı da boğarlar? Ona deyin dərsə gəlsin, o, bir tapıntıdır. Biz ona deyə bilmədik ki, həyat yoldaşı qısqancdır, onu oxumağa qoymur. Düzdür, üstündən illər ötəndən sonra yeznəmiz də dəyişib. İndi o vaxt bacımızı oxumağa qoymadığı üçün peşman olub. Bizə yalvarır ki, aparın bu bacınızı oxudun. Ancaq indi onun səhnəyə çıxan vaxtı deyil.

– Bacınız Gülyazın sizin səhnəyə çıxmağınızda, oxumağınızda böyük rolu olub. Bu barədə nə deyə bilərsiniz?

– Həqiqətən də, Gülyazın mənim səhnəyə gəlməyimdə, oxumağımda böyük rolu olub. O vaxt məni oxumağa qoymurdular. Gülyaz isə məni müdafiə edir, oxumağıma, səhnəyə çıxmağıma şərait yaradırdı.  Qardaşım Atəş də oxuya bilməyim üçün yardım edir, oxumağıma razı olmayan ata-anamı dilə tuturdu. Mən iki il dalbadal Bakıya gəlib, Asəf Zeynallı adına Musiqi Məktəbinə sənəd verdim. Ancaq hər dəfə də kəsildim. Yalnız test üsulunun tətbiqindən sonra bu musiqi məktəbinə qəbul oluna bildim. Sonralar da Gülyaz həmişə mənə arxa, dayaq durdu. Biz səhnəyə də birgə çıxdıq və respublikamızda hamı tərəfindən məhəbbətlə “bacılar” kimi çağırıldıq, bu adla da tanındıq.

– Heç aranızda hansınızın səsi yaxşıdır deyə mübahisə olubmu?

– Mən Gülyazın muğam ifasına heyranam. Mən ondan çox şey öyrənmişəm və öyrənməkdə də davam edirəm. Hətta indinin özündə belə, müəllim kimi çətinə düşəndə ona müraciət edərək məsləhət alıram. Mən ondan həmişə güc almışam. Hərdən mənə elə gəlir ki, biz əkizlər kimi doğulmalıydıq. Bizim hər birimizin oxşarlığı, eyni zamanda fərqli oxuma, ifa tərzimiz var. Ancaq bu ifa tərzimizlə səhnədə bir-birimizi tamamlayaraq oxuduğumuz mahnılara, belə demək mümkünsə, yeni bir nəfəs veririk. Amma  beş barmağın beşi də bir olmadığı kimi, təbii ki, həyata, müxtəlif hadisələrə münasibətdə fərqli baxışlarımız var. Xasiyyətimizə gəlincə, mən anama, Gülyaz atama çəkib.

– Bir vaxt Gülyaz xanım mətbuata verdiyi açıqlamasında demişdi ki, biz həmişə bir yerdə olmuşuq. Amma bilmirəm, Gülyanaq ərə gedəndən sonra bizim bir yerdə olmağımıza imkan olacaq, yoxsa olmayacaq?

– Biz indi də, demək olar ki, bir yerdəyik, qonşu mənzillərdə yaşayırıq. Qapılarımız arasında məsafə cəmisi bir addımdır. Divarın o tayında odur, bu tərəfində biz. Balkondan qapılarımız var, istənilən vaxt oradan bir-birimizə gedib-gələ bilirik. Bir sözlə, bir evli kimiyik. Gülyaz yenə də bizə böyüklük edir həmişə məsləhətlərini verir.

– Səhnəyə ilk professional gəlişinizi necə xatırlayırsınız?

– Mən 1993-cü ildən professional səhnədəyəm. 1995-ci ildə Elçin Cəlilovla birgə konsertimiz oldu. O vaxt hələ onda bilmirdilər ki, mən Gülyazın bacısıyam. Gülyaz onda ailə qurduğu üçün bir müddət səhnədən ayrı düşmüşdü. Sonra onun övladı dünyaya gəldi, onunla məşğul oldu və səhnəyə çıxmağa imkanı olmadı. Yalnız o, sonralar səhnəyə yenidən qayıda bildi. Biz konsertdə birgə duet halında “Heyratı” oxuduq və bundan sonra həmişə professional səhnədə cüt çıxış edirik.

–  Fəxri ad almağınızı ilk dəfə harada eşitdiniz?

– Sözün düzü, fəxri ad almağımızdan xəbərimiz olmayıb. Həmin vaxt Gülyaz yataraq dincəlirdi. Ona birdən zəng edib soruşublar ki atanın adı nədir? O da deyib, amma  bundan sonra zəng edən heç nə demədən telefonun dəstəyini qoyub. Gülyaz da heç nədən şübhələnmədən yenidən qayıdıb yatıb. Bir azdan yenidən zəng edib deyiblər ki, bəs sizə fəxri ad veriblər. Həmin vaxt mən kənddə bacım Rəhimənin övladlarının kiçik toyunda idim. Mənə dedilər ki, fəxri ad almısan, inanmadım. Axşam saat 12 xəbərlərində  bu xəbəri qulağımla eşitməyənə kimi fəxri ad almağıma inanmadım.

– Bu gün yolunuzu davam etdirən gənc müğənnilərdən daha çox nələri gözləyirsiniz?

– Bilirsiniz, istedadlı müğənnilərimiz çoxdur və hörmətli Mehriban xanımın xüsusi diqqət, qayğısı və tapşırığı ilə respublikamızda keçirilən muğam müsabiqələrimiz çoxsaylı istedadların üzə çıxarılaraq muğam sənətinin inkişafına yeni bir təkan verdi. Bu məni çox sevindirir. Amma təəssüflər olsun ki, bəzi gənc müğənnilərimizdə müvəffəqiyyətdən başgicəllənməsi baş verir və onlar özlərini az qala qaldırıb dağın başına qoyurlar, təvazökarlıq hisslərini itirirlər.

Halbuki biz həmişə özümüzdən böyük ustadların qarşısında özümüzü yığışdırır, hərəkətlərimizə fikir verir, artıq-əskik danışmaqdan ehtiyat edirdik. Qaldı ki, gələcəyinə inandığımız istedadlı  tələbələrimiz çoxdur. Onlardan Kamilə Nəbiyeva, Nigar Rəhimova, Sima Qasımovanın və digərlərinin adlarını xüsusi qeyd etmək istəyirəm.

– Zirvəyə qalxmaq çətindir, yoxsa orada dayanmaq?

– Zirvədə dayanmaq çox çətindir. Gərək həmişə zirvədə qalmağa çalışasan. Çünki zirvədəki yeri qoruyub saxlamaq zirvəyə qalxmaqdan həmişə çətin olub.

– Ailə qurmağınız səhnə fəaliyyətinizə mane olmadı ki?

– Xeyr, mən çox xoşbəxtəm ki, məni başa düşən sevimli həyat yoldaşım, xoşbəxt ailəm var. Bəzən elə problemlər də olur. Məsələn, uşaq xəstələnir, sən isə tədbirə tələsirsən. Onda yoldaşım deyir ki, işi qoyub, uşaqla məşğul ol.  Ailədə belə hallar olur. Amma hər dəfə biz anlaşa bilirik.

– Bir az da pedaqoji fəaliyyətinizdən danışardınız?

–  Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasında müəlliməyəm. Yaxşı istedadlı tələbələrimiz var. Arzu edərdim ki, istedadlı gənclərimizə ali məktəbə qəbul zamanı güzəştlər edilsin. Çünki elə istedadlı gənclərimiz var ki, ali məktəbə qəbul ola, sənətlərini davam etdirə bilmirlər.

– Əməkdar artist fəxri adı almağınızdan, səhv etmirəmsə, 16 il ötüb. Sizə elə gəlmirmi ki, Xalq artisti fəxri adı almağınızın vaxtı çoxdan çatıb.

– Bizim elə sənətkarlarımız olub ki, 60-70 yaşlarında Xalq artisti fəxri adı alıblar. Onlarla müqayisədə biz hələ bu adı almağa çox gəncik. Amma belə götürəndə bizim qədər zəhməti olmayanlar Xalq artisti fəxri adı alıblar. Biz bacılar Prezidentimizdən çox razıyıq. O hər şeyə diqqət yetirir, sənətkarlara mütəmadi olaraq qayğı göstərir.  Amma fəxri ad üçün də təqdimat olmalıdır ki, Prezidentimiz bunu dəyərləndirsin. Bilmirəm, bəlkə də, fəxri ad almaq məsələsində Mədəniyyət Nazirliyində bizi unudublar… Bununla belə, bizə ad verilsə də, verilməsə də, xalqımıza, millətimizə, dövlətimizə xidmət edirik və xidmət etməkdə də davam edəcəyik

– Sizi hazırda ən çox narahat edən məsələ nədir?

– Biz 20 il idi ki, Mahnı Teatrında işləyirdik, bura bizim ikinci evimiz olub. Amma indi Mədəniyyət Nazirliyinin göstərişi ilə Mahnı Teatrının keçmiş əməkdaşları işdən azad ediliblər, yeni kollektiv yığırlar. Açığını deyim ki, insanın işdən çıxarılması adama təsir edir. Mahnı Teatrı bizim evimiz idi. Amma bunu giley-güzar kimi də qəbul etməsinlər. Allaha şükürlər olsun ki, İncəsənət Universitetində işləyirəm. Bütün hallarda bizə xalqın sevgisi yetər. ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here