Gülün ki…

0
511

Vallah, biz çox qəribəyik. Bəzən elə şeylərə reaksiya veririk ki, adam qalır mat-məəttəl. Yox, mən həmin o qəribəlikləri bir-bir sayıb, vaxtınızı almaq istəmirəm. Deyirəm, bəlkə aranızda hara isə tələsən var? Odur ki, tezbazar mətləbə keçirəm ki, kimsə intizarda qalmasın. Nə isə…

Məsələn, biz elə bil ağlamağa vərdiş etmişik. Bu və ya digər məhsulun qiyməti artan kimi elə həmin andan başlayırıq ağlamağa, başqa sözlə desək, şikayətlənməyə. Özü də elə ağlayırıq ki, heç yaxınlarımız rəhmətə gedəndə belə şivən qoparmırıq… Hə, onu deyirdim axı…

Bu günlərdə belə bir xəbər yayıldı ki, bəs Tarif Şurasının iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib. Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik müəyyən olunub. Bunu eşidən camaat da başlayıb ağlamağa, vay-şivən qoparmağa. Yəni deyirlər ki, Bakı vağzalından Sumqayıt vağzalınadək elektrik qatarına 80 qəpik ödəməkdənsə elə taksilərə bir manat verib mənzilbaşına çatarıq da… Özü də həmin ikimərtəbəli qatardan daha tez. Bir sözlə, Bakıdan Sumqayıta və ya əks istiqamətə 80 qəpik gediş haqqı çox bahadır. Bu məbləğin üzərinə qatarın təyin olunmuş dayanacağına gəlmək üçün lazım olan xərcləri də gəlsək, bu xidmət haqqı gəlib çıxır kəllə-çarxa. Sonra da ərz edirlər ki, ən azından ilkin dövrlərdə bu qiymətləri aşağı götürmək olardı. Üstəlik, ərz edirlər ki, bəs dövlət dotasiya sistemi tətbiq etməklə qiymətləri, heç olmasa, 50 qəpik müəyyənləşdirə bilərdi. Nəticədə ucuz qiymətə çoxlu müştəri toplamaqla tıxac probleminin həllinə də nail olunardı.

Hə, onu da deyim ki, son illər Tarif Şurasının təsdiq etdiyi bütün tariflər camaat tərəfindən, demək olar ki, elə belə qarşılanır. Lakin bu şura hələ də göz yaşlarına inanmır ki, inanmır.

Eşitdiklərimə, oxuduqlarıma əsasən deyə bilərəm ki, belə şeylərə ağladıqca vəziyyət daha da ağırlaşa bilər. Bu yerdə bir rəvayət yadıma düşdü, qoy onu nəql edim, bəlkə onda nə dediyimi əməlli-başlı başa düşərsiniz. Deməli belə: günlərin bir günü padşah əmr edir ki, bəs gedin filan kənddən töycü toplayın. Uzun sözün qısası, töycüyığanlar qayıdandan sonra padşah onlardan soruşur ki, camaat sizi necə qarşıladı? Onlar də ərz edirlər ki, padşah sağ olsun, camaatın hamısı bir nəfər kimi “bizim heç nəyimiz yoxdur, güc-bəla ilə dolanırıq” deyərək elə ağladı, elə ağladı ki, lap ürəyimiz ağrıdı. Lakin biz onların ağlamasına fikir vermədik, tapşırığını canla-başla yerinə yetirdik.

Padşah onların bu sözlərinə heç bir reaksiya vermir. Bu əhvalatdan bir neçə gün keçmiş padşah yenə adamlarını həmin kəndə töycü dalınca göndərir. Bu dəfə də töycüyığanlar padşaha camaatın ağladığını söyləyir. Padşah yenə bu məsələ ilə bağlı onlara heç nə demir. Xülasə, padşah bu “əməliyyatı” bir neçə dəfə həyata keçirir. Sonuncu “əməliyyat” zamanı adamları padşaha məlumat verirlər ki, padşah sağ olsun, bu dəfə kənddə imkanım yoxdur deyib ağlayan olmadı, bir sözlə, kənd bizi gülə-gülə qarşıladı. Bu sözləri eşidən padşah adamlarına deyir ki, geri qayıtsınlar, həmin kənddən daha töycü yığmasınlar.

Hə, indi başa düşdünüzmü niyə belə deyirdim? Mənim fikrimcə, bu və ya digər artımı da təbəssümlə qarşılamaq daha məqbuldur. Şair əbəs yerə deməyib ki, “nə gözəl yaraşır insana gülmək”. Odur ki, yenə deyirəm, gülün ki, daha üstünüzə gələn olmasın. Əks halda…

Qvami Məhəbbətoğlu