Gültəkin Quliyeva: “Valideynlər də bizə dəstək olmalıdılar”

166

 

Mingəçevir M.Hüseynzadə adına 3N-li tam orta məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” ilə bağlı valideynlərlə söhbətlər aparılıb.  Məktəbin direktoru Gültəkin Quliyeva əvvəlcə bu qaydalar ilə valideynləri məlumatlandırıb.  Qeyd edib ki, 2023-cü ilin əvvəlindən etibarən  bu sənədin tətbiqinə start veriləcək: ”Lakin biz istədik ki, bunu yaxın günlərdə məktəbimizdə tətbiq edək. Bu qaydalar təkcə məktəb tərəfindən müzakirə olunmamalıdır. Valideynlər də bizə dəstək olmalıdılar”.

Mövcud qaydalarla bağlı məktəb direktoru  məktəb  idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb. Məktəblərdə ictimai şuraların yaranmasının vacibliyini də diqqətə çatdırıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” məktəblər tərəfindən qoyulmuş qadağalar kimi deyil, əksinə uşaqlar üçün daha rahat mühit və sivil davranışın tənzimlənməsi imkanlarıdır.

Gültəkin Quliyeva  müəllimin vəzifələri ilə yanaşı valideynin də övladının mənəvi yetkinliyinə cavabdehliyi məsələsinə toxunub. Bildirib ki, valideynlər də öz məsuliyyətlərini anlamalı, qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirməli və məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirak etməlidirlər.

Daha sonra valideyinlərdən Səbirə Səmədova 3 övladının bu məktəbdə təhsil aldığını bildirib və qeyd edib ki, biz bu şərtlərlə tam razıyıq və heç bir narazılığımız yoxdur. Digər valideynlər isə övladlarının repetitor yanına necə gedəcəklərinin narahatlığını bildiriblər.

Məktəb direktoru  hər iki sənədin mahiyyəti barədə ətraflı məlumat verərək bunun məktəb idarəetməsində səmərəliliyin artırılması işinə böyük töhvə verəcəyini diqqətə çatdırıb. Bildirib ki, qaydalar və nizam-intizam olmadan təlim-tərbiyə baxımından istənilən nəticəni əldə etmək mümkünsüzdür.

Qeyd edək ki, müzakirələrdə polis şöbəsinin azyaşlılarla bağlı şöbənin əməkdaşı da iştirak edib. Görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.

Esmira Hidayətova, Mingəçevir