“Gül satanların bazarı açılıb” deməyə ehtiyac yoxdur

496

Xalqımızın “gül” kimi adəti var: Bayram günləri ərəfəsində, mövsümün özəl vaxtlarında, el dilində desək, qiymətlər od tutub yanır. Bu gün də yeni tədris ilinin başlanğıcıdır. Məlum məsələdir ki, artıq bir neçə gün öncədən və ya elə indi valideynlər övladının ilk məktəb günündə müəllimlər üçün gül buketləri alırlar. Bu, artıq ənənə kimi formalaşıb. Yəqin ki, “gül satanların bazarı açılıb” deməyə ehtiyac yoxdur. Amma necə deyərlər, gözümlə görməsəm, inanmaram. Maraqlıdır, gül bazarında vəziyyət necədir?

Şəhərin mərkəzində yerləşən gül salonlarında alıcı çoxluğundan addım atmağa yer yox idi. Təbii, alıcıların əksəriyyətini valideynlər təşkil edirdi. Satıcılardan bircə kəlmə soruşmaq mümkün deyildi. “Təki bazar olsun” deyib digər gül salonlarına üz tutduq.

Camaat çarəsizlikdən gül alır

Paytaxtın Nəsimi rayonunda yerləşən gül salonunun əməkdaşı hazırda müştərilərin çox olduğunu desə də, ümumi alıcı sayından şikayət etdi: “Elə bir vaxtda gəlmisiniz ki, heç danışmağa vaxt yoxdur. Bu gün sabaha kimi oyaq qalacağıq. Sifarişləri çatdırmaq lazımdır. Düzdür, indi məktəb mövsümü olduğu üçün dükanda alıcılar çoxdur. Amma keçən ilə nisbətən ümumi vəziyyət pisdir. Alıcılıq qabiliyyəti çox zəifdir. Camaat çarəsizlikdən gül alır. Bu dəqiqə hər yerdə gül satırlar. Amma təbii əl işlərinə üstünlük verənlər çoxdur. Ona görə biz təkcə gül satmırıq, insanlara yaradıcı işlər də təklif edirik. Belə olmasa, alıcılar bizə müraciət etməz”.

Gül salonuna daxil olanda alıcı sayı iki idisə, qısa zamanda birə beş artdı. Hər kəs növbədə idi. Bir tərəfdən iş stressi, digər tərəfdən valideyn məsuliyyəti alıcılarda bir növ aqressivlik yaratmışdı.

“Deyirlər, sentyabrın axırında yenə devalvasiya olacaq”

“Ağ ləçəyim” adlı gül salonunda da eyni vəziyyət müşahidə edilirdi. Salonda iki satıcı müştərilərlə maraqlanır, digər üç əməkdaş isə gül buketləri düzəldir. İşləri çox olsa da, floristlərlə həmsöhbət ola bildik. Aqil adlı florist ölkədə, gül bazarının zəiflədiyini bildirdi. Onun sözlərinə görə, güllərin 70 faizi xaricdən, 30 faizi isə Bakı kəndlərindən gətirilir:

“Devalvasiyadan sonra alıcılar çox azaldı. Təbii, böhran qiymətlərə təsir edir. Amma biz gülləri hələ də eyni qiymətlə satırıq. Qiymətlər 15-25 manat arasında dəyişir. Bu aralıq gül sayından, buket növündən asılıdır.

Elə dükanlar var ki, bayram günlərində qiyməti qaldırır. Düzdür, topdan satıcılar da fürsətdən istifadə edir. Amma biz bacardığımız qədər qiymətlərə əl dəymirik. Güllər, adətən, Hollandiya, Türkiyə, İrandan, eyni zamanda, Maştağa, Nardaran, Şüvəlandan gətirilir. Amma bu dəqiqə yerli mal xarici maldan qat-qat üstündür”.

Elə söhbətin üçüncü dəqiqəsində dükan satıcısı floristə “Tez ol, camaat növbədədir” deyib yeni sifarişləri qeyd etdi. Bu zaman digər florist: “Xanım, deyirlər, sentyabrın axırında manat 2.50 AZN olacaq. Yenə camaata od qoyacaqlar. Onsuz da alıcılar azdır. Yəqin, bundan sonra heç olmaz”.

Florist Aqil: “Siz ona fikir verməyin. Biz iki-üç gündür, yatmırıq. Sifarişləri çatdırmaq üçün bütün günü buradayıq. Ona görə elə danışır. Amma dediklərində həqiqət var. Bu gün gül bazarında vəziyyət pisdir”.

Floristlərdən alıcıların ən çox hansı gülləri aldığını soruşanda “Bu il heç bir dənə də süni gül satmamışıq. Hamı təbii güllərə üstünlük verir. Ən çox çöl gülləri alınır” dedi.

Digər florist müdaxilə edərək yarı zarafat, yarı ciddi: “Aqil, olanı de də…Qəbirstanlıq gülləri alırlar”.

Aqressivliyə meyilli cəmiyyət içində bu cür deyib-gülən, zarafatcıl, müştərilərə gülərüz münasibət göstərən gül salonu işçilərinin olduğunu görmək insanda yaxşı təəssürat yaradır.

Gül bazarında monopoliya var

Növbəti gül salonunun əməkdaşı ilə həmsöhbət olmaq istəsək də “mən siyasətə qarışmıram” deyib qırağa çəkildi. Amma alıcıların ucuza qaçdığını bildirib şikayətlənməyə başladı. Kamran adlı satıcının sözlərinə görə, əvvəllər 100-150 manatlıq gül buketləri alan var idisə, indi 10-25 manatlıq buketlərə üstünlük verirlər:

“Son iki ildir ki, gül bazarında alıcı qabiliyyəti zəifdir. Buketlərimizin qiyməti 10 manatdan 320 manata qədərdir. Amma indi hər kəs ucuza qaçır. Devalvasiya qiymətlərə də təsir etdi. Təsəvvür edin, topdan gül satanlar malın üstünə 50-60 qəpik qoyur. 700 ədəd qızılgülə 300 manat verirəm. Bu dəqiqə əksəriyyət qızılgülə üstünlük verir.

Digər sahələrdə olduğu kimi bu sahədə də monopoliya var. Şəhərdə iki-üç yer var ki, topdan gül satır. Onlar da öz aralarında razılaşıb konkret qiymət oxuyurlar. Qiymət artanda başqasına müraciət edə bilmirsən. Gül bazarını idarə edən var”.

Bu arada, alıcıları müşahidə edən zaman onların da vəziyyətdən narazı olduğu hiss olunurdu. Büdcə ilə satıcı-alıcı arasındakı söhbət müddəti tərs mütənasib idi.

Yəni cibdə pul nə qədər azdırsa, söhbət bir o qədər uzanırdı. Bir tərəf malının dəyərini salmaq istəmir, digər tərəf övladını göstərib onun xətrinə iki-üç manat güzəştə getməsini xahiş edir. Güllərin qiyməti 4 manatdan başlayırdı. Təbii, bu, bir gülün qiymətidir. Ümumi vəziyyət ürəkaçan olmasa da, mövsüm olduğu üçün gül satanlar arı kimi işləyirdi. Təki iş olsun.Modern.az