Gül mənəvi gözəlliyin xəbərçisidir

0
824

Deyirlər ki, qadına veriləcək ən gözəl hədiyyə güldür. Doğrudur, qadınlar gülü çox sevirlər, ancaq gül elə bir gözəllikdir ki, qəlbində hissi, duyğusu olan heç kəs ona biganə qala bilməz. Həm özü gözəldir, həm ətri. Xüsusilə də, səhər gözünü açan kimi kiminsə sənə gül bağışlaması ovqatını təzələyir, könlünə yeni duyğular bəxş edir.

Gecələr daha ətirli olur. Üstəlik, o ətirli havada gecənin dərinliyindən gələn bülbülün nəğməsi adamı nağıllar aləminə aparır. Gül bolluğunda gül hədiyyə etmək sevgini, hörməti ifadə edir.

Nə qədər ki, bağda-bağçada gül var, masanın üstündəki güldandan gül əskik olmasın. Çünki evdə gül yüksək əhvali-ruhiyyə deməkdir. Gül ətri xoş ovqat, xoş duyğu ilə yanaşı, insana bildiyimiz və bilmədiyimiz bir çox faydalar verir.

Güldana gül düzmək özü də insandan yüksək zövq tələb edir. Bilirsiniz ki, Yaponiyada İkebana Universiteti var və orada beş illik təhsil ərzində hansı gülün hansı güllə, hansı rəngin hansı rənglə uyuşduğunu öyrədirlər. Hər şey insanın fantaziyasından asılıdır. Şükür Allaha, iyun ayında hər tərəf yamyaşıl olduğu üçün nə gül seçməkdə çətinlik çəkəcəksiniz, nə də rəng axtarmaqda. Əsas odur ki, güldanınız böyük olsun, tutumlu olsun.

Solmuş gülləri güldandan götürəndə, yenilərini düzəndə uşaqların köməyindən mütləq istifadə edin. Bilirik ki, onların köməyinə sizin ehtiyacınız yoxdur, ancaq bu bir tərbiyə işidir. Elə edin ki, onlara da güllə davranış vərdişi aşılansın, gül düzməyi, buket bağlamağı, hansı gülün hansı güllə, hansı rəngin hansı rənglə uyuşduğunu özləri əyani olaraq görsünlər. Həm də güldana gülləri düzərkən işi dialoqla, müzakirə ilə tamamlayın. Hər kəs öz fikrini söyləsin, hər kəs öz rəyini bildirsin. Əgər güldanda nəyinsə yerini dəyişmək lazımdırsa, onda da bir-birinizin fikrini öyrənin. Ya da gülləri güldana növbə ilə düzün, hər kəs də öz fantaziyasını nümayiş etdirsin. Bir sözlə, ailədə bu zövqün inkişafına təkan verin, hətta bunun üçün lazım olan hər şeyi edin.

Bəlkə də bu kimlərəsə adi görünə bilər, ancaq sizi inandırıram ki, kimlərinsə adi gördüyü bu iş sizin övladınıza verdiyiniz ən dəyərli töhfələrdən biri ola bilər. Çünki gül sevgisi mənəvi gözəlliyin xəbərçisidir, gülü sevən adam xəbis ola bilməz. Bu yolla siz ailədə gözəl bir ənənənin təməlini qoymuş olarsınız. Əgər hər şey istədiyiniz kimi alınsa, o ənənə inkişaf edə-edə nəsillər boyu davam edəcək.

Gülü sevin, gülü sevdirin. Hər səhər ovqatınızı güllə təzələyin, hər səhər gözünüzü güllə açın. Sevdiklərinizə gül hədiyyə etməyi də unutmayın. Həyatınız gül kimi təravətli olsun!