Güclü manat iqtisadiyyata inamı artırır

504
Ötən il milli valyutamızın – manatın məzənnəsi istər dünyanın aparıcı valyutaları, istərsə də əsas ticarət tərəfdaşımız olan ölkələrin milli valyutaları qarşısında yüksəlib. Son bir il ərzində dollar manat qarşısında 0,01%, avro isə 12,3% dəyərdən düşüb. 
Dünyanın bir nömrəli valyutası hesab olunan ABŞ dolları manata nisbətən 0,01% ucuzlaşıb. 2014-cü ilin ilk günündə 1 dollar 78,45 qəpiyə bərabər olduğu halda, dünən 78,44 qəpik səviyyəsinə düşüb. Dünyanın digər aparıcı valyutası avro isə manat qarşısında daha çox -12,3% dəyərdən düşüb. Əsas ticarət tərəfdaşımız olan Rusiyanın milli valyutası – rubl son bir il ərzində manat qarşısında 54% ucuzlaşıb. Əgər ötən ilin əvvəlində 1 rublu 2,91 qəpiyə əldə etmək olurdusa, hazırda 1,34 qəpiyə 1 rubl almaq mümkündür. Bundan başqa, 2014-cü il ərzində  İran rialının məzənnəsi manata nisbətən 9,3%, Gürcüstan larisi 7,8%, Türkiyə lirəsi 7,5%, Ukrayna qrivnası 47,4%, Çin yuanı isə 2,7% aşağı düşüb. Qeyd edək ki, ötən gün Belarusun “Delovaya qazeta” saytında yerləşdirilən “MDB və Şərqi Avropa ölkələrinin valyuta məzənnələrinin dinamikası” adlı yazıda da Azərbaycan manatının MDB və Şərqi Avropa məkanında ən sabit valyuta olduğu bildirilib. Hər kəsə məlum olduğu kimi, manatın möhkəmlənməsində Mərkəzi Bankın rolu danılmazdır. Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında da qeyd olunur ki, 2015-ci ildə də manatın məzənnəsinin sabitliyi mühüm prioritet olacaqdır. Onu da bildirək ki, manatın məzənnəsinin möhkəmlənməsi mütəxəssislər tərəfindən birmənalı qiymətləndirilmir. Manatın möhkəmlənməsinin əleyhinə olanlar belə hesab edirlər ki, manatın  digər valyutalar qarşısında bahalanması ixrac əməliyyatları zamanı əldə olunan real gəlirin həcmini azalda bilər. Ancaq unutmayaq ki, hazırda ixrac məhsulları arasında neft, təbii qaz və neft məhsullarının payı üstünlük təşkil edir. Ötən il ümumi ixracın 92%-i bu məhsulların payına düşüb. Məlum olduğu kimi, məzənnə dəyişikliyinin neft, təbii qaz və neft məhsullarının satışına ciddi təsiri yoxdur. Çünki neft və təbii qaz strateji məhsul kimi dünya bazarlarında dollarla alınıb-satılır. Bu baxımdan milli valyutalarda baş verən dəyişikliyin neft satışına təsir etməsi mümkün deyil. Təbii ki, manatın möhkəmlənməsi qeyri-neft məhsulları üzrə ixraca təsir edə bilər. Ancaq qeyd etdiyimiz kimi, ümumi ixracda qeyri-neft məhsullarının payı olduqca azdır. Bu baxımdan manatın möhkəmlənməsi əhalinin milli valyutaya və eyni zamanda da ölkə iqtisadiyyatına olan inamını artırmış olur.

 

 

Allahverdi Cəfərov