“Güclü iş adamı böyük kapitalı idarə edən deyil, kapitalın böyüməsində iştirak edəndir”

623

Ötən illərdə olduğu kimi bu il də ölkəmizdə bir sıra uğurlu iqtisadi layihələr həyata keçirilməkdədir. 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar olaraq Azərbaycanda qeyri-neft sənayesinin inkişafı ilə bağlı nəhəng layihələr həyata keçirilməyə başlanılıb. Ötən illə müqayisədə sənaye sektoruna yatırılan investisiyalar, bu sahəyə ayrılan kreditlər dəfələrlə artıb. Ölkə iqtisadiyyatının hazırkı vəziyyəti, gələcək inkişafı, mövcud problemlər və “Sənaye ili” ilə bağlı bizi maraqlandıran sualları İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) İdarə Heyətinin sədri, iqtisadiyyat elmləri namizədi Vüqar Bayramova ünvanladıq.

 

– Vüqar müəllim, hazırda Azərbaycanın iqtisadi vəziyyəti necədir?

– Azərbaycan iqtisadiyyatını müstəqil şəkildə qiymətləndirsək, son illər bir sıra pozitiv mərhələlərdən keçdiyini, eyni zamanda bir sıra ənənəvi problemlərin həllini tapmasını qeyd edə bilərik. Məsələn, 2014-cü il Azərbaycanın ümümdaxili məhsulunda qeyri-neft sektorunun payının 62%-ə çatdırılması proqnozlaşdırılır ki, bununla da dövlət büdcəsində qeyri-neft sektorunun payının 25%-dən 35%-dək artırılması nəzərdə tutulub. Bunlar həm ümumdaxili məhsulun, həm də dövlət büdcəsi gəlirlərinin formalaşdırılmasında qeyri-neft sektorunun payının artırılacağından xəbər verir. Dövlət büdcəsi bu il ilk dəfə neft fondundan transfert həcmini 17,7% azaldaraq, qeyri-neft sektorundan toplanan vergilər hesabına kompensasiya ediləcək. Beləliklə, qeyri-neft sektorundan toplanan vergilərin 6%-ə qədər artırılması nəzərdə tutulur. Qeyri-neft sektorunun payının artırılması, iqtisadiyyatın ciddi şəkildə şaxələnməsindən xəbər verir və bu baxımdan neft sektorunun dominantlığının azaldılması müsbət tendensiya kimi qiymətləndirilməlidir.

– Bir ölkənin iqtisadi artımı nə ilə ölçülməlidir?

– Ölkənin iqtisadi artımı ölkədə istehsal olunan məhsul və xidmətlərin həcmi ilə ölçülür. İqtisadi artımı qiymətləndirərkən ümumi daxili və ümumi milli məhsul terminindən istifadə olunur. Ümumi milli məhsul ölkədə istehsal olunan məhsulların həcmini göstərir. Ölkədə məhsul və xidmətin həcmində artım varsa, bu inkişafın göstəricisidir. Ümumi daxili istehsalda isə ölkənin dövlət gəlirlərinin artımı müşahidə olunmalıdır. Ümumi daxili yüksəliş birbaşa iqtisadi göstərişlərin yaxşılaşdırılmasından tutmuş, məşğulluğun artırılması və insanların sosial ehtiyaclarının qarşılanmasına qədər kompleks məsələləri əhatə edir. Dövlət gəlirlərindəki artım da, öz növbəsində, əhalinin əmək haqları və gəlirlərinin çoxalmasına gətirib çıxarmalıdır.

– Bir ölkənin iqtisadiyyatı daxili və xarici investorların qoyacağı kapital və sərmayədən asılı olmalıdırmı?

– Təkcə 2013-cü ildə rekord həcmdə – 28 mlrd dollar investisiya cəlb edilib. İnvestisiyanın əksər hissəsi daxili investorların payına düşür. Artıq ölkə iqtisadiyyatına yönəldilən kapitalın təxminən 75%-i regionların payına düşür. İnvestisiya qoyuluşunda birinci məqam daxili investisiyanın həcminin artırılmasıdır, digəri isə cəlb edilən investorların yalnız paytaxtda deyil, bütün regionları əhatə etməsidir. Bu gün bütün ölkələr investoları cəlb etmək uğrunda mübarizə aparırlar. İnvestisiyanın cəlb edilməsi əslində asılılığın yaradılması demək deyil. Əgər ölkə investisiya cəlb edə bilirsə və bu investisiya yeni iş yerlərinin yaradılmasına xidmət edirsə, burada asılılıq yox, xarici investisiyasının ölkə iqtisadiyyatına töhfə verməsindən danışmaq lazımdır.

– İnvestorun hansı ölkə vətəndaşı olması ölkə bazarında bir məna kəsb edirmi?

– Ümumiyyətlə, rəqabətli ölkələrdə investorların hansı ölkəni təmsil etməsi əhəmiyyətli deyil. Vacib olan investisiyanın istehsal və sənaye sektoruna yatırılması, çirkli pulların yuyulmasına xidmət etməməsi, məcburi öhdəliklərdən, vergidən qaçmaması, gəliri büdcədən yayındırmamasıdır. İnvestisiya həyata keçirən şirkət əldə etdiyi gəlirin bir hissəsini Azərbaycan dövlət büdcəsinə ödəyir. Bu baxımdan əhəmiyyətli olan onun hansı ölkəni təmsil etməsi deyil, ölkə iqtisadiyyatına hansı xeyri verməsidir. Xüsusən iri şirkətlərin ölkədə çox pay alması yaxşı hal deyil. Məsələn, Ermənistan təcrübəsini götürsək, Rusiyadan asılı olmasının səbəbi rus şirkətlərinin Ermənistanda dominantlıq etməsidir. Rusiya investisiyası onlarda aparıcı rola malikdir və bu da onların iqtisadiyyatını Rusiya iqtisadiyyatından asılı vəziyyətə salır, öz növbəsində, Rusiyaya Ermənistana siyasi baxımdan ciddi təzyiq etmək imkanı verir.

– Azərbaycanı belə bir təhlükə gözləyirmi?

– Azərbaycan üçün bu vəziyyət fərqlidir. Bu gün biz investor rolunu oynayırıq. Türkiyə ilə yanaşı, digər qonşu ölkələrdə investisiya qoyuruq. Lakin yenə də strateji əhəmiyyət daşıyan tenderlər keçirilərkən Azərbaycan şirkətlərinin qalib gəlməsi vacibdir. Strateji əhəmiyyət daşıyan müəssisiələrin özəlləşdirilməsi, səhmlərin satılması, layihələrin reallaşdırılmasında, xarici deyil, yerli şirkətlərin iştirakı daha məqsədəuyğundur.

– Bu gün bazarda belə bir vəziyyət yaranıb; güclü şirkətlər özlərindən aşağıda olanlarla rəqabət aparmaq əvəzinə sıradan çıxarmağa, onun biznesinə zərər yetirməyə çalışırlar. Bu, ölkə iqtisadiyyatına, istərsə də həmin şirkətlərə nə dərəcədə ziyan vurur?

– Dünya iqtisadiyyatında iri şirkətlər kiçik şirkətləri boğmur, onlarla əməkdaşlıq edirlər. Çünki onların istehsal etdiyi məhsullar böyük şirkətlərin istehsal etdiyindən daha ucuz başa gəlir. Məsələn, “General Motors” təxminən 900 000 kiçik şirkətə sifariş verərək, ona lazım olan bütün ehtiyat hissələrini həmin şirkətlərdən alır. Kiçik müəssisələrdə əmək haqqının az olması, vergi güzəştləri həmin şirkətlərin istehsalı daha ucuz etmələrinə səbəb olur. Ona görə də böyük şirkətlərin bazarda hegomonluq etməsi, kiçik şirkətləri sıxışdırması iqtisadiyyata ziyandır. Bu, xərclərin artmasına və böyük şirkətlərin monopoliyasına gətirir.

– Hazırki firmaların, sizcə, sərmayəsi nə olmalıdır? Belə deyək, nə çatmır ölkə biznesində?

– Birincisi, bizdə rəqabət formalaşmayıb. Şirkətlərin heç də hamısı doğru rəqabət aparmır. Tutaq ki, sizin meydançanız var, kimlə oynayacağınızı özünüz müəyyənləşdirərək həmişə zəiflərlə oynayırsınız. Bir gün qapı açılır, meydana güclü rəqib gəlir və uduzursunuz. Buna görə ölkəyə böyük şirkətlərin gəlməsinə ehtiyac var. İkincisi, strateji yanaşma yoxdur. Çalışırlar qısa müddətdə gəlir əldə etsinlər. Strateji düşünmə xərcləri taktiki və qısamüddətli planlaşdırilmamalıdır. Bank sektorunda da eyni vəziyyət təkrar olunur. 30%-lə kredit verirlər. Bununla tez bir zamanda xeyli gəlir əldə etmək istəyirlər. Ancaq Milli Bankın açıqlamasına görə 800 milyona yaxın pul geri qayıtmayıb. Qısa müddətdə gəlir əldə etmənin də böyük riski var.

– İş adamları anlayışı olsa da, çox da nəzərə çarpacaq şəxslərimiz yoxdur. Özümüzü bazara tanıda bilmirik, yoxsa başqa səbəblər var?

– İş adamlarının önə çıxması istehsal etdiyi məhsulun ölkə daxilində və xaricində tanınması, brendləşməsindən asılıdır. Dünyada markalaşmağa meyil var. Bu sahədə payın yarısı Türkiyənindir. Çünki onlar məhsullarını dünya bazarındakı tendensiyaya uyğunlaşdıra bilirlər. Azərbaycanda isə şirkətlər brend istehsalını həyata keçirmədikləri üçün xaricə çıxma imkanları da yoxdur. Həmçinin kooparativ sosial məsuliyyət də inkişaf etməyib. Əslində hər bir şirkətin kooparativ sosial məsuliyyəti olmalıdır. Bizdə bu sosial məsuliyyətin zəif inkişaf etməsi və ya iş adamlarının maraqlı olmaması tanınmamasına gətirib çıxarır. Qazandığı pula şəxsi pul kimi baxılmamalıdır. Avropada biznesmenlər qazandığı pulun bir qismini cəmiyyyətə xərclədiyi halda, bizdə şəxsi pulu kimi xərcləyir, sosial layihələrdə az iştirak edirlər. İqtisadiyyatda bu, belə deyil, qazandığı pulu digərləri ilə bölməlidir.

– Güclü biznesmen necə olmalıdır? Hansı keyfiyyət onu ön sıralara çıxara bilər?

– “Güclü iş adamı” beynəlxalq terminologiyada öz kapitalı ilə iş quran adam kimi qeyd edilir. Öz xırda kapitalını böyük kapitala çeviribsə, böyük iş adamıdır. Bunu Bil Geyts timsalında söyləmək olar. Güclü iş adamı böyük kapitalı idarə edən deyil, kapitalın böyüməsində iştirak edəndir. Sosial məsuliyyəti olan, xalis rəqabətdən qorxmayaraq, rəqibləri ilə ədalətli rəqabət aparandır, əlaqələrindən istifadə edərək bazarda yer tutan deyil.

– Bu ilin “Sənaye ili” elan edilməsi nə dərəcədə effektli olacaq?

– Ölkə başçısının bu addımı, yəni 2014-cü ili “Sənaye ili” elan etməsi, sənayeyə diqqətin artırılması baxımından olduqca əhəmiyyətlidir. Bununla da, bir daha bütün diqqət yenidən sənayeyə yönəltilmiş oldu. Artıq ümumdaxili məhsulda sənayenin payının artımı müşahidə edilməkdədir. Bu sektorun inkişaf etdirilməsində müsbət məqam, ölkə iqtisadiyyatının qurulması və dayanıqlılığı baxımından olduqca vacib rol oynamasıdır. Həmçinin neft hasilatının azaldılması proqramının hazırlanması sənayenin inkişafına imkan verməklə bu sektora investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bu proqram imkan verəcək ki, bu sahə ilə bağlı nəzərdə tutulmuş layihə və islahatlar davam etdirilsin. Bu da ölkə iqtisadiyyatının inkişafı baxımından önəmlidir.

Elvin Əliyev