Gözünüzə su verin…

0
429

Bilirəm, bu yazıya görə məndən inciyənlər də olacaq. Ola bilsin ki, elə bu yaxınlarda müsahibə aldığım Rizvan Fərzəliyev də… Amma eyib etməz, qoy incisinlər. Mən bu yazını yazmaya bilmərəm, çünki mən də onlardan incimişəm. Futzal üzrə millimizin keçirdiyi hər üç oyunu mən də həyəcanla izlədim. Serbiyadakı fövqəladə və səlahiyyətli səfirimiz Eldar Həsənovun sözü olmasın, həmin oyunlara baxanda yerimdə sakit otura bilmirdim. Nə isə…
Bəli, futzal üzrə millimiz Avropa çempionatının yarımfinalının bir addımlığında Rusiya ilə bacarmadı (2:6), bununla da mübarizəni dayandırdı (Bizim idman yazarları demişkən, 1/4 finala çıxmaqla tarixinin ikinci ən yaxşı nəticəsini göstərdi). Həmin oyun başa çatan kimi bizim oyunçulardan biri belə bir açıqlama verdi: “Qismət bura qədərmiş”. Vallah, belə deyil, qardaş. Axı siz babat oyun nümayiş etdirə, bir-birinizlə anlaşa bilmədiniz, müdafiədən hücuma sürətlə çıxmaqda çətinlik çəkdiniz, mənasız ötürmələrlə həm özünüzü yordunuz, həm də azarkeşlərinizi. Burada bir neçə oyunçu barədə danışmasam, lap ürəyim partlayar. Onlardan biri “vuran ayağımız” sayılan Amadeudur. Mənə elə gəldi ki, həmin oyundakı Amadeu başqa bir Amadeu idi. Elə bil o həmin oyuna əsəblərimizi tarıma çəkməyə çıxmışdı. Auqustonun o qədər epizodu boşa verməsinə isə dastanlar qoşmaq olar. Bəlkə də qoşulub.Bir sözlə, heyətimizdəki braziliyalıar “mandraja” düşmüşdülər. (Sergey Çuykovun orada turist kimi təmsil olunmağından isə əsla bir şey başa düşmədim). Əgər bir aydan sonra dünya çempionatının “pley-off” mərhələsində də belə oynayacaqlarsa, vay bizim halımıza.
Bu məğlubiyyətdə komandamızın baş məşqçisi cənab Tino Peres də yanlış qərarları da ruslara əlavə imkanlar yaratdı. Sonradan o, öz qərarlarına təxminən belə bir don geyindirdi: “Müəyyən epizodlarda qol vurmaq şanslarımız da oldu, lakin yararlana bilmədik. Rəqib isə təcrübəsi hesabına qələbə qazana bildi. Hesabın böyük olması isə son 2 dəqiqədə daha çox risk etməyimizlə bağlı idi”. Halbuki Peres müəllim Rusiya ilə oyunun başa çatmasın sona 14 dəqiqə 38 saniyə qalmış qapıçını sahə oyunçusu ilə əvəz etməklə böyük hesabla məğlub olmağımıza daha əlverişli şərait yaratdı. Oyun öz axarınca getsəydi, bəlkə də nəyə isə nail olmaq olardı. Bəli, Serbiyaya yollanarkən hamı cənab Peresin xarüqələr yaradacağını deyirdi. Amma belə olmadı. Halbuki uzun müddət Rusiyada çalışmış Tino Peres rəqibini daha yaxşı tanımalı idi. Məhz bu amil komandamıza kömək etməli idi. Amma belə olmadı. Görünür, Rusiya Tino Peresi daha yaxşı tanıyıb.
Bəli, millimiz bir qədər də irəliləyə bilərdi. Amma, lakin, ancaq… Etiraf edək ki, ilk oyunda İtaliyaya uduzan (0:3) millimiz çempionatın ən zəifi hesab olunan Çexiya üzərində güc-bəla ilə qələbə çalıb qrupdan çıxa bildi (6:5). Şübhəsiz ki, bizə başqa bir komanda rəqib olsaydı, qrupdan çıxmaq şansımız çox az olardı.
Bu yarışda digər komandaları deyə bilmərəm, amma onu deyə bilərəm ki, son Avropa çempionu İtaliyaya göz dağı (5:2) çəkərək yarımfinala vəsiqə qazanan Qazaxıstan (bu komanda yarışın debütantı idi) komandası daha əzmkar təsir bağışladı (Yeri gəlmişkən, onların cəmi 3 braziliyalıları var ki, həmin 3 oyunçu bizim 6-7 legionerimizə dəyər). Sonrakı Üçüncü yer uğrunda oyunda isə onlar Serbiyanı məğlub etməklə (5:2) qalib gəldilər.
Bilmirəm, bizimkilər bunun fərqinə vardılar, ya yox, amma mənə belə gəlir ki, varsalar, yaxşı olardı. Bu yerdə bir zamanlar atamın mənə Maqsud adlı şagirdi göstərərək: “Ona bax, gözünə su ver” dediyi sözlər yadıma düşdü. Onda həmin ifadənin mənasını anlamırdım. Atam onu belə izah etdi: “İbrət götürmək, ibrət almaq”. Mən sonradan doğrudan da gözümə su verdim. İndi bilmirəm, bizim millimiz Qazaxıstana baxıb gözünə su verəcək, ya yox? Yenə təkrar edirəm, yarışın debütantına…

Qvami Məhəbbətoğlu