Gözümdən düşən “bombardir”

0
537

Səhv etmirəmsə, bir neçə il əvvəl “İnter”in futbolçusu Peter Xrappan belə bir açıqlama ilə çıxış etmişdi: “Buraya gəlməzdən öncə Azərbaycan adlı bir ölkənin olduğunu bilirdim, ancaq Azərbaycan futbolu barədə, səmimi desəm, heç nə bilmirdim”. Bu günlərdə “Qarabağ”ın ispaniyalı yeni yarımmüdafiəçisi Dani Quintananın müsahibəsində də elə bu məqam diqqətimi cəlb etdi. Yəni o, jurnalistin: “Bəs Azərbaycan futbolu barədə hansı məlumatınız var idi?” sualına belə cavab verib: “Düzü, heç bir məlumatım yox idi”. (Axtarsaq, arasaq, əcnəbilərin belə açıqlamalarının kifayət qədər olduğu qənaətinə gələ bilərik).

Sözün düzü, bir istədim: “Necə yəni heç nə bilmirdim, elə isə tanımadığın, bələd olmadığın bir ölkənin futboluna bəs niyə təşrif buyurmusan?” sualı ilə Daniyə müraciət edib onun  abrını ətəyinə büküm, lakin bu fikrimdən vaz keçdim. Daha doğrusu, tanışım belə bir addım atmağıma izn vermədi. Dedi ki, a kişi, heç  bizim öz futbolçularımızdan xəbərin varmı? Onlarla tanış olandan sonra Danini nə qədər istəsən topa tutarsan.

… Nə isə, nişan verilən “məkana” üz tutub jurnalistin “Bakı”nın, həm də Topaz Preymyer Liqasının bombardiri, perspektivli futbolçu kimi təqdim edilən Nurlan Novruzova ünvanladığı sualların cavabları ilə tanış olarkən Daninin “günah”ına girməkdən məni çəkindirdiyinə görə tanışımın ölənlərinə cani-dildən rəhmət oxudum. Bilirsinizmi niyə? Bu futbolçunun, yəni Nurlan bəyin, sən demə, heç yaşadığı məmləkətdən belə xəbəri yox imiş. Xəlil Rza Ulutürku, Məmməd Arazı, Babəki tanımayan, belə şəxslərin varlığından xəbərdar olmayan 22 yaşlı Nurlan Novruzov: “Cahargah”, “Humayun” və ya “Şüştər”. Söhbət nədən gedir?” sualına isə belə cavab verir: “Bilmirəm, qardaşım…” Bəlkə, də onun bu “günah”ından keçmək olardı. Lakin: “Şəhidlər xiyabanına girəndə birinci kimlərin məzarını görürük?” sualına cavab verə bilsəydi. Görün o, bu suala necə cavab verib: “İnanırsan, Şəhidlər Xiyabanında olmamışam”. Bir sözlə, şəxsən mən Nurlan bəyin dünyagörüşünə “valeh oldum”.

Nurlanın dünyagörüşü ilə tanışlıq zamanı nədənsə millimizin baş məşqçisi Pobert Prosineçki yadıma düşdü. Əgər xatırlayırsınızsa o, Nurlan Novruzovu milliyə dəvət etməməsinin səbəbini belə açıqlamışdı: “Statistikaya baxanda, haqlısız: çempionatda 10 qol vurub. Amma mən öz sistemimdə onu görmürəm. Çünki mənim sistemimə uyğun futbolçu deyil”. Kim bilir, bəlkə də Prosineçki “mənim sistemimə uyğun deyildir” deyəndə elə Nurlanın savadsızlığını da nəzərdə tutubmuş. Bir anlığa təsəvvür edək ki, Nurlan millinin tərkibində hansısa ölkədə çıxış edir və qol vuraraq fərqlənir. Həmin ölkənin jurnilstləri də ondan müsahibə götürərkən Azərbaycanla bağlı suallar verirlər. Nurlan da: “Vallah, bilmirəm. Bilmirəm, qardaşım…Yox, belə şeyləri bilmirəm”, – deyə cavablandırır. Görünür, Prosineçki bizi bu biabırçılıqdan xilas etmək naminə belə bir addım atıb. Buna görə ona “sağ ol” düşür.

Bu yerdə haşiyəyə çıxıb bir əhvalat söyləmək istərdim. (Özü də bunu sənətşünas Ziyadxan Əliyevdən eşitmişəm). Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri bütün yaradıcılığı boyu zaman-zaman təşkil olunmuş Azərbaycan təsviri sənəti sərgilərində nümayiş olunsa da, paytaxt tamaşaçıları onun sənətinin böyüklüyünü axıra qədər duya bilməmişdilər. Yalnız onun 1973-cü ildə Moskvada açılan fərdi sərgisi Səttar sənətinin necəliyini bədii-fəlsəfə tutumu ilə başqalarına göstərmişdi. Həmin sərgini heyranlıqla izləyən bir paytaxt tamaşaçısı isə gördüklərinin nəticəsini rəssamın özünə belə etiraf etmişdi: “Azərbayan xalqı nə qədər böyük və istedadlı bir xalqdır ki, 60 il ərzində sizin kimi bir sənətkarı dünyadan gizlədə bilmişdir”.

Nə demək istəyirəm? Demək istədiyim budur ki, görünür, bizim futbol aləmimizdə Nurlan kimilərinin sayı heç də az deyil. Klublar isə  onların “istedad”larını gizlətməklə məşğuldurlar. Təklif edirəm ki, AFFA belə “istedadlar”la məşğul olsunlar ki, heç olmasa özümüzü tanısınlar.

Bir də unumayaq ki, futbolu təkcə ayaqla yox, həm də başla oynayırlar. Amma görünən bu ki bizimkilər baş işlətmək istəmirlər. Bəlkə elə uğursuzluqlarımızın əsas səbəblərindən biri budur. Və nəhayət. Bu yazını tamamlayarkən, sözün həqiqi mənasında, gözümdən nəyinsə düşdüyünü “gördüm”. Fərqinə varmadım, amma mənə elə gəldi ki, o, Nurlan Novruzov idi…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here