“Gözləyirik ki, bəxt gəlib bizi axını ilə aparsın”

470

Müsahibimiz tanınmış biznes-təlimçi və konsultant Fəxri Ağayevdir.

– Fəxri bəy, söhbətimizin əvvəlində oxucularımıza özünüz haqda məlumat verərdiniz.
– 42 yaşım var, Türkiyədə ali təhsil almışam. Mərmərə Universitetinin ingiliscə iqtisadiyyat fakültəsinin məzunuyam. Ali təhsillə birlikdə 10 il Türkiyədə yaşamışam. Daha sonra Azərbaycana geri dönmüşəm. Azərbaycanda özəl şirkətlərdə satış marketinq müdiri vəzifələrində çalışmışam. Bundan əlavə, bəzi avtomobil şirkətlərinin rəhbəri, baş direktoru olmuşam. Son üç ildə fəaliyyətim bir neçə sahədən ibarətdir. Xarici və yerli şirkətlər üçün biznes konsultantam, biznesin idarə olunması, böhran dövründə idarəetmə kimi müasir idarəetmə mövzularında təlimlər verirəm. Bundan başqa, təlimçiyəm, müxtəlif şirkətlərə, beynəlxalq qurumlara təlimlər verirəm. Bundan əlavə, iki bloqum var, orada məqalələr yazıram. Biri sağlam həyat tərzi, digəri peşəkar inkişaf mövzusundadır. İlk kitabım Rusiyada çıxıb, ikinci kitabım isə bu yaxınlarda təqdimetməsi olan “Saxla zamanı, gələr zamanı” adlı kitabım işıq üzü gördü. İdmançıyam, marafon qaçıram. Yarışlarda iştirak edirəm.
6 il öncə mən tamamilə fərqli insan idim. Çəkim 120-130 kiloqram idi və 18 il siqaret çəkmişdim. 6 il əvvəl dostlarıma deyəndə ki, marafon qaçacam, idmançı olacam, məşhur olacam, dedilər bir qarnına bax, əlindəki siqaretə bax. Bir anlıq qərarla siqareti tərgitdim. Daha sonra özüm bir sistem hazırladım. Bir ay ərzində hər gün 20 saat tibbi ədəbiyyat oxudum. Nəticədə sağlam həyat tərzi ilə bağlı sistem əmələ gəldi. 3 ayda 50 kiloqram arıqladım. Anormal dərəcədə bir enerji gəldi mənə. Yorğunluq nədir unutdum. Bir çox işlər görməyə başladım. 1 şirkət yox, 5 şirkət idarə etdim. Amma diqqət etdim ki, mən zamanımı doğru şəkildə tənzimləyə bilmirəm. Enerji var, həvəs var, ancaq doğru şəkildə dəyərləndirə bilmirəm. Mənim özəl kitabxanam var, xaricdən şəxsi inkişafla bağlı olan kitabları sifariş etdim. Bir il ərzində bu kitabları oxuyub öyrəndim.
– Bu dəyişikliyə 38-39 yaşlarında başlamısınız, bu qədər gözləməyinizin səbəbi nə idi?
– O vaxta qədər mən Azərbaycanda hər kəsin bildiyi stereotiplərə inanırdım ki, müvəffəqiyyət karyeradır. Amma 37 yaşına çatdım və anladım ki, insanlar mənə Azərbaycanda paxıllıq edir. Avtomobilimə, vəzifəmə, maddi imkanlarıma görə; amma heç kim bilmir ki, mənim mədəaltı vəzim, qaraciyərim, ürəyim xəstə idi. Mən ailəmlə olan bağlarımı itirmişdim. Mən müvəffəqiyyətin üstündə idim, hamı orada görürdü məni, amma heç kim bilmirdi ki, mən orada tək qalmışam və xəstəyəm. Ona görə bir il ərzində effektivlik mövzularında kitablar oxudum. Həmin mövzularla bağlı bütün texnika və alətləri Azərbaycan şərtlərində icra etməyə başladım. Özüm üçün yeni bir sistem hazırladım. Gördüm ki, Azərbaycanda həm dövlət qurumlarında, həm özəl şirkətlərdə insanlar şəxsi həyatlarında effektiv deyillər. Yəni bir iş adamı ilə tanış oluram; 40 yaşı var, binaları var, var-dövləti var, amma ürəyi xəstədir. Niyə sağlamlığını qorumursan deyirəm. Cavab bu olur ki, vaxtım yoxdur: ya karyeramı seçməliyəm, ya da sağlamlığımı. Bu insanlar ailə əlaqələrini itirirlər. Gənclərə baxanda görürük ki, universitetlərdə oxuyanların gələcəklə bağlı məqsədləri yoxdur. Məqsəd olmadığına görə də plan yoxdur. Plan olmadığına görə gənclər imtahandan imtahana dərslərini oxuyurlar. Düşünürlər ki, diplom alacam, iş tapacam. İş həyatına diplomla gəlir, diplomun arxasında dəqiq biliklər olmadığına görə adam işsiz qalır. Ona görə düşündüm ki, gəncləri maarifləndirmək lazımdır. Hamı gənclərdən narazıdır. Bir gəncin 4 ilini necə effektiv keçirəcəyi ilə bağlı təlim proqramı hazırladım. Bununla bağlı Azərbaycanda olan bütün universitetlərdə ödənişsiz təlimlər verdim. Son iki ildə 20 mindən çox tələbəyə zamanın effektiv keçirilməsi mövzusunda təlim və seminarlar vermişəm. Təlimlərdə verdiyim mesajlar bunlardır: hər bir adam Azərbaycanda müvəffəqiyyət qazana bilər; hər birimiz gündəlik seçimlərlə, qərarlarla, gələcək müvəffəqiyyətimizi qururuq. Sadə bir misal deyim: Fəxri Ağayev özü seçir səhər saat 6-da oyanıb idman eləsinmi, yoxsa 8-ə qədər yatsın? Mən özüm qərar verirəm ki, gedim hazır yeməkmi yeyim, yoxsa gündə 4 alma yeyim? Və mən özüm qərar verirəm ki, bir paket siqaretmi çəkim, yoxsa idmanmı edim? Bunlar seçimdir. Gənclərə 3-cü mesajım isə budur ki, bəxt yoxdur həyatda. Azərbaycanda insanlar bəxt gözləyir. Həyatda əzmkarlıq var, zəhmət var, iradə gücü və nizam-intizam var. Digər seminarlarda gənclərə mesajım bu idi ki, 24 saatınız keçəndə və bir həftədə 168 saatınız keçəndə geriyə baxıb, özünüzə hesabat verin: mən gələcək məqsədlərimə doğru nə etdim? Məsələn, mən Fəxri Ağayev bu gün bu işləri görə-görə ayda peşəkar mövzularda ən azı beş kitab oxuyuram. Necə oxuyuram? Gün ərzində 20 dəqiqə vaxtım oldu oxuyuram, yarım saat vaxtım oldu oxuyuram. Ən vacib mesajım budur ki, diploma, universitetə və təhsilə gələcəyinizi etibar etməyin. İnanın, amma özünüzü inkişaf elətdirin. Çünki ali təhsil 4 ildir, dünya inkişaf edir, bizim inkişafımız ömür boyu davam etməlidir.
– Bəs necə oldu ki, kitab yazmaq qərarına gəldiniz?
– Kitab yazmadan özüm-özümə suallar verdim ki, həqiqətən də, bizim həyatımızda şərtlər çoxmu vacibdir? Uğurlu məhsul çıxarmaq üçün şərtlər çox vacibdir? İkinci sualım bu idi ki, ideal zaman varmı həyatda? Ətrafımızda elə insanlar var ki, deyirlər, 6 ay vaxtım olsaydı, ingilis dilini öyrənərdim. Amma 30 ay keçir, bu adam hələ öyrənmir. Üçüncü sualım bu idi ki, biz azərbaycanlılar gözləyirik ki, bəxt gəlib bizi axını ilə aparsın. Biz axının əks istiqamətində qarşımıza çıxan maneələr və şərtlərə qarşı gedərək müvəffəqiyyət əldə edə bilərikmi? Düşündüm ki, mən bunu insanlara çatdıracağam. Bu kitabı 5 ulduzlu oteldə oturub yazmamışam. Çünki elə olsa deyəcəklər ki, Fəxri müəllim kefdədir, onsuz da pulunu qazanıb, oturub rahat yerdə, deyir ki, səhər durun, ağır şərtlərə qatlanın. Ona görə qərar verdim ki, bu kitabı yazanda özümü süni şəkildə ağır şəraitə salım. 8 ay ərzində gündəlik 4 manat xərc limiti ilə yaşamağa başladım. Hər gün səhər evdən ac çıxırdım, 8 ay ərzində mən səhər və günorta yeməyi yemədim. Bu kitabı Bakının ən ucuz çayxanalarında yazmışam. Səhər tezdən bir çayxanada otururdum, günortaya qədər, 3-4 saat durmadan yazırdım. Orada siqaret çəkirdilər, içki içirdilər, qumar oynayırdılar. Bir müddətdən sonra öz-özümə dedim ki, bax burada adamlar spirtli içki içirlər, söyüş söyürlər, siqaret çəkirlər, nərd və domino oynayırlar və eyni məkanda mən də gənclərin inkişafı üçün kitab yazıram, amma bu adamlar özlərinə zərər verirlər. Tamamilə ac qalırdım, axşam saat 21:00-da evə gedirdim. Bu kitabı Azərbaycan dilində yazdım, amma mən rusdilliyəm. Azərbaycan dilini mən sonra öyrənmişəm.
Bu kitabı rusca yazıb, sonra öz dilimizə tərcümə etsəydim, kitabın dili öləcəkdi. Ona görə qərar verdim ki, Azərbaycan dilində yazım. Bir də özümə sual verdim ki, başqa necə şərtləri çətinləşdirə bilərəm? Kitabda olan mesajlarımdan biri də budur ki, ideal zaman yoxdur. Madam ki, vaxtın yoxdur özünü inkişaf etdirməyə, səhər tez oyan, gecə az yat. Kitabı bitirim sonra belə bir nəticəyə gəldim ki, bizim qarşımıza çıxan şərtlər yox, məqsədlərimiz vacibdir. Biz o maneələrə baxmadan məqsədimizə doğru gedək. Bu 8 ay ərzində ancaq kitab yazmadım, mənim digər işlərim də çox vacibdir. Bu vaxt ərzində 20 şirkətə konsultasiyalar verdim, bu şirkətlərdə iclaslar, müzakirələrin hamısında iştirak edirdim. Seminar və təlimlərdə verirdim. Bundan əlavə, beynəlxalq təşkilatlara və yerli rəsmi qurumlara da təlimlər verdim. Avropa Şurasının prokurorlar və Azərbaycanda hakimlər üçün layihəsi var idi, orada təlimlərim oldu. Daha sonra xanımlar üçün təlimlərim oldu, 150 nəfərdən ibarət 2 qrupa seminarlar verdim. İlin təlimçisi seçildim. Bu təlimlərdən əlavə Qafqaz Universitetində həftədə bir gün dərs deyirdim. Bu 8 ay ərzində şirkət açılışları, tədbirlər, konfranslar keçirilir, hamısında iştirak etmişəm. Milli marketinq forumu keçirildi, orada spikerlərdən biri mən idim. Böhran dövründə müştəri davranışları ilə bağlı çıxışım oldu. Bu 8 ay ərzində idmanla da məşğul oldum. Məşqlərdə 2000 kilometr qaçdım, 100 kilometr üzdüm. Kross üzrə Bakı çempionu oldum.
– Bu qədər işi görmək necə mümkün olur?
– Çox rahat. Məsələn, bu gün mən səhər saat 05:30-da oyanmışam. Yarım saat kitab oxudum, 06:30-a qədər paltarlarımı dəyişdim. İdman zalına getdim. Evdən idman zalına gedənə qədər audio kitab dinlədim. Artıq günlük bir saat kitabım var. İdman zalında 1-1,5 saat məşq etdim. Bu məşq zamanı da qaça-qaça audio kitab dinlədim. Qalan yarım saatı da fitneslə məşğul oldum, gündəlik planımı hazırladım. Sonra 1 saatlıq şirkətlərin birində iclasım oldu. İclasdan çıxdım, bir saat görüşlərim oldu. Ondan sonra buraya gəldim. Bu görüşdən sonra da bütün hər şey planlaşdırılıb. Əslində çox sadədir.
– Bu kitab əsasən kimlərə xitab edir?
– Ruhu gənc olanlara. Bu kitabda əsasən texnikadan danışıram. Zamanın idarə olunması, şəxsi effektivlik, müvəffəqiyyətli karyera, gündəlik həyatın planlaşdırılması. Məsələn, kitabda bir bölümdə günümü necə planlaşdırıram hamısı qeyd olunub. Həmin planda mənim günümü misal olaraq vermişəm. İradəsi olan insanlara xitab edir, iradə o qədər önəmlidir ki bu məsələdə… Əslində çox sadə kimi görünən şeylərdə belə iradəsizlik edilir. Məsələn, işləyən adam axşam evə gələndə, onun 30-40 dəqiqəlik vaxtı olur. İnsanın özü qərar verir serialamı baxsın, yoxsa kitabmı oxusun. İş tapa bilməyən gənclərə deyirəm ki, özünüzə son bir ilinizin hesabını verin. Sən bir il ərzində bu gün inkişaf etmək üçün nə eləmisən? 1000 manat maaş almaq üçün nələr etmisən? Mən bir ildə 80 kitab oxuyuram, bu qədər işin arasında, sən nə qədər kitab oxumusan son bir ildə? Bu eksperimentləri aparmaqda ana məqsədim bu idi ki, biz deyirik Amerikada, Avropada filankəs bunu elədi. İlk reaksiya bu olur ki, onlarda mümkündür. Mən Azərbaycan reallığında, ən çətin şərtlərə rəğmən, ən iyrənc ab-havası olan çayxanada oturub kitab yazdım. Mənim üçün vacib deyil hansı şərtlərdəyəm. Bütün bu uğurları Azərbaycan şərtlərində qazanmaq mümkündür. Sağlam həyat tərzi əslində çox ucuzdur. Bir qutu siqaretin əvəzinə, 4 kiloqram alma ala bilərik. Burada siqaret çəkməkdənsə, alma yemək çox faydalıdır. Biz verdiyimiz qərarların hesabını 50-60 yaşında ödəyəcəyik. Kimisi hesab ödəyəcək, kimisi qərarlarının mükafatını alacaq. Mən 6 il öncə verdiyim qərarların mükafatını indi-indi almağa başlayıram. Seminarlarda gənclər mənə ona görə inanırlar ki, mən öz etdiyimi, yaşadığımı danışıram.

“Hər birimizi səhər qaranlıqda yataqdan oyadacaq güclü məqsədlərimiz olmalıdır”

– 25-30 yaşlarında iradəsiz, necə gəldi yaşayan bir adam dəyişilib uğur qazana bilər?

– Bu suala bir az geniş cavab verim. Mən İstanbulda marafon qaçışlarına 3 il hazırlaşdım. Bu vaxt ərzində Amerika, İspaniya və İtaliyada olan bütün marafon yarışlarına müraciət elədim. Amma ayağım zədələndi, əməliyyat olundum, xəstələndim, sonda tələbələrim mənə dedilər ki, Fəxri müəllim, bəlkə qismət deyil? Dedim, qismət deyil sözünü o vaxt deyərəm ki, biləcəm ki, son nəfəsimi verirəm, bundan sonra sonsuzluqdur. O ana qədər mən hər dəfə divara çırpıla-çırpıla geri dönəcəm. Əgər alınmasa da, ən azından mübarizə məni gücləndirəcək. Ona görə hesab edirəm ki, biz hər an həyatımızı dəyişdirə bilərik. Yetər ki, məqsədlərimiz olsun.

– İnsanların kitabınıza münasibəti necə oldu? Yəni sizin dediyiniz həyat tərzi bizə bir az uzaqdır.

– Mən illərdir bu həyat tərzini təbliğ etdiyimə görə insanlar bunu məndən gözləyirdilər. Kitab təqdimatında qarşılama çox müsbət oldu. Kitabın satışını çatdıra bilmirik, sifarişlər verilir. Qeyri-ənənəvi satış forması seçmişəm. Kafelərdə satılır kitablar. Mənim fikrimcə, insanlar belə şeylərə acdırlar. Azərbaycanda gəncləri tənqid edən insan deyir ki, siqaret çəkməyin, amma özü çəkir. Dedikləri təsir etmir. Mən bunları yaşamışam və yaşadıqlarımı danışıram. Bəzən şəhərdə gəzəndə insanlar yaxınlaşırlar, təşəkkür edirlər. Bəziləri həyat tərzini müəyyən mənada dəyişib, bəziləri siqareti tərgidib. Bəziləri deyir ki, sizin seminarlardan sonra hazırlaşıb Amerikaya oxumağa getdim.

– Necə fikirləşirsiniz, bu mövzular universitetlərdə dərs kimi tədris oluna bilər?

– Xarici ölkələrin ali məktəblərində bu mövzular çox aktualdır. Bu kitabın ana məqsədi nəyisə öyrənmək yox, öyrənməyi öyrətməkdir. Vacib olan da elə budur. Çünki biz 4 il ərzində istənilən bir gəncin həyatına baxsaq, bizə hər şey bəlli olacaq. İş üçün yanıma müsahibəyə gələn tələbədən soruşuram:

– İngilis dilini bilirsənmi?

– Xeyr.

Kitab oxuyursanmı?

– Yox.

– Universitetdə özünü inkişaf etdirirsənmi?

– Yox.

Deyirəm, mənə yox, özünə hesab ver. 4 il ərzində hər gün 1 saat ictimai nəqliyyatda vaxt keçirmisən. 1 saat az yatsaydın, 1 saat internetdə az zaman keçirsəydin, bunların əvəzinə özünü inkişaf elətdirsəydin, hesabladım 4 il ərzində 8760 saat edir. Bunu bacarmaq çətindir? Yox, çətin deyil.

Əslində müvəffəqiyyət qazanmaq çox sadədir. Ona görə də mən hesab edirəm ki, gənclərimiz 1-ci kursdan bunun üzərinə getməlidirlər. Gənclərlə çox ünsiyyətdə oluram, onları yaxşı tanıyıram, görürəm ki, onların məqsədləri yoxdur, planları yoxdur, buna görə də icraat olmur. Ona görə mən bütün seminarlarımda yüksək səslə qışqıraraq deyirəm ki, hər birimizi səhər qaranlıqda yataqdan oyadacaq qədər güclü məqsədlərimiz olmalıdır. Bu məqsədlərimiz yoxdursa, bir tələbənin 4 ilini boş keçirməsi normaldır. Neyləməlidir? Məqsədi yoxdur bu uşağın. Bilmir necə seçim etsin, bilmir maliyyəçi ilə auditorun fərqi nədir; amma maliyyəçi olmaq istəyir. Soruşanda, dərinə gedəndə görürsən ki, bir qohumu var, maliyyəçidir, kostyumda, qalstukla görüb həmişə. Oradan bu işə simpatiyası yaranıb. İş həyatına gedəndə isə görür ki, maliyyəçi olmaqla bunun heç bir əlaqəsi yoxdur. Çünki bunun xarakterinə ziddir. Bu gənc əslində marketoloq ola bilər, amma 4 il ərzində boş arzu ilə yaşayıb ki, mən maliyyəçi olacam.

– Bütün bunların səbəbi nədir? Niyə xarici ölkələrdə uğur əldə etməyin asan, biz də isə çətin olduğu düşünülür?

– Əslində bu düşüncə səhvdir. Mən hər zaman deyirəm ki, Amerikada, Almaniyada, Türkiyədə müvəffəqiyyətli olmaq bizdən daha da çətindir. Çünki orada insanlar çox şüurludur, hamı oxuyur. Çox böyük rəqabət var. Biz də isə rəqabət yoxdur. Mən ona görə tələbələrə deyirəm ki, hərəniz ayda 2 kitab oxusanız, ildə 24 kitab edir. Bir ildə 24 kitab oxumuş insan gəlsin yanıma, indi onu işə qəbul edəcəm. 100% o adama iş tapılacaq. Yəni belə adamlar bizdə çox deyil. Ay ərzində 2 kitab oxumaq üçün gün ərzində yarım saat vaxt ayırmaq lazımdır. Birindən soruşursan ki, filankəs, niyə əsəbisən? Cavab verir ki, bir yerə getmişdim, məni yarım saat gözlətdilər, əsəbiləşdim. Deyirəm neylədin yarım saatda? Deyir ki, deyirəm axı əsəbdən partlayıram. Deyirəm, bu gözlədiyin vaxtda kitab oxu. Mənim yanımda hər zaman elektron kitablar olur. Yarım saat ərzində insan 20 səhifə kitab oxuya bilər. Hər gün 20 səhifə kitab oxuyan adam ayda 600 səhifə kitab oxumuş olar. Bir dəfə təxminən 300 tələbənin olduğu bir auditoriyada dedim ki, kim keçən il 20 kitab oxuyub? Sonra 30 kitab soruşdum. Anladım ki, kitab sayını yuxarı qaldırmaq yox, əksinə, aşağı salmaq lazımdır. Ən çox oxuyan il ərzinə 5-6 kitab oxuyur. Onlar da faydasız kitablardır, demək olar ki kitab deyil.

– Siz gənclərin məqsədlərinin olmadığından danışdınız. Dediniz ki, bir çoxları təhsil alsalar da kitab oxumurlar, hədəfləri yoxdur. Gənclər sizin kimi təlimçilərlə hər an görüşə bilmirlər, görüşdükləri vaxt təsiri qalır və müəyyən müddət o təsirlə yaşayırlar. Amma sonra eyni vəziyyətə qayıdırlar. Sizin fikrinizcə, burada valideynlərin üzərinə nə düşür? Valideynlər daha yaxşı uşaq yetişdirmələri üçün nə eləməlidirlər?

– Kitab oxumamağın səbəbkarı tək valideynlər deyillər. Bizim valideynlərimiz də bu ab-havanın qurbanıdırlar. Mən uşaqlığımdan kitab ab-havasında yetişdirilmişəm. Əvvəllər şəhərdə 70 kitab mağazası var idisə, indi nə qədər var?! Əvvəlki kitabxanalarımız çayxana və gözəllik salonları olub. Sovet dönəmində kitab almaq bizim üçün böyük hədəf olduğu halda, indi insanlar, kitab almaq yerinə, kitab yerlərində gözəllik salonu və çayxanalar görürlərsə, təbii ki, bu, gənclərə də təsir eləyəcək. Valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Çox sevdiyim bir söz var: “Övladlarınıza tərbiyə verməyin, çünki onlar onsuz da sizin etdiklərinizi edəcəklər”. Mən nə qədər də övladlarıma oxuyun desəm, əgər onlar məndə onu görməsələr, heç vaxt oxumayacaqlar. Ona görə bu məsələdə biz azərbaycanlılar valideyn olaraq, insan olaraq özümüzü kitab oxumağa məcbur eləməliyik. Seminarlarda tələbələrə deyirəm həmişə – Novruz bayramı deyəndə ağlınıza nə gəlir? – Səməni. Səməni deyəndə ağlınıza nə gəlir? – Şəkərbura, paxlava. Amma biz azərbaycanlılar bilmirik ki, Amerikada, Avropada səməni plantasiyaları, fermaları var. Çünki səmənidən sıxılan şirə, insan orqanizminə çox faydalıdır və insanı cavanlaşdıran mayedir. Bu yağın 50 qramı Avropada 50 avrodur. Çox bahalı mayedir. Mən bunu haradan bilirəm? Oxumuşam. Bilik oxumaqdır, müvəffəqiyyət isə bilikdir. Hamıya deyirəm, bunlar kitabımda da var, müvəffəqiyyət əslində çox sadədir. Bilmək lazımdır, bildiklərimizi icra edəcək qədər də gücümüz olmalıdır. Biz özümüzü buna məcbur eləməliyik. Valideyn olmaq çox böyük məsuliyyətdir. Yaş dövrlərinə görə övladlarımızın psixologiyasını bilməliyik. Onlarla ünsiyyət qurmağı bacarmalıyıq. Bütün bunlar üçün mütləq oxumaq lazımdır. Bizdə insanlar çox təbii üsullarla valideyn olurlar. Təbiət necə imkan verirsə, elə edirlər. Bitki yetişdirirmiş kimi övlad yetişdirilir. Şüurlu valideyn olmaq lazımdır. Biz öz həyat tərzimizlə uşaqlarımıza nümunə olmalıyıq. Bir ana gün ərzində ancaq seriallara baxırsa, uşaqdan başqa şey gözləmək çox çətindir. Düzdür, istisna hallar var. Amma uşaq gördüyünü götürür.

– Fəxri bəy, kitabınızın adı, “Saxla zamanı, gələr zamanı”dır, amma bu fikir əslində “saxla samanı, gələr zamanıdır”. Nə demək istəyirsiniz kitabın adı ilə bağlı?

– Kitabın adını çox düşündüm. Belə qərara gəldim ki, bu kitabın adı elə olmalıdır ki, hər bir azərbaycanlı onun əvvəlini oxuyan kimi ardını deməlidir. Hər bir azərbaycanlı bu kitabı görəndə deməlidir ki, bu mənim canımdır, qanımdır. Xətai adında bir dostumuz var, peşəkar “copywriter”di (reklam mətni yazan mütəxəssis), onunla məsləhətləşdim. Ona dedim ki, sən mənə bir ad fikirləş, məsələn, elə bir ad olsun ki, “mənim gözüm səndən”, deyəndə hər bir azərbaycanlı “su içmir” dediyi kimi dilə yatımlı olsun. “Saxla samanı, gələr zamanı” atalar sözündə bir hərfi dəyişək dedi, razılaşdım. Ən əsası kitabın verdiyi mesaj da, insanlara zamandan doğru istifadə haqdadır.

– Kitabın qiyməti 18 manatdır. Belə baha olmasının səbəbi nədir?

– Təqdimatda kitabın qiymətini soruşdular, demədim. Kitab haqda danışdım, daha sonra dedim ki, kitab çox bahadır. Hamı əl çaldı, sonda dedim ki, qiyməti 18 manatdır. Yenə hamı əl çaldı, bu dəfə sevinclərindən. Çünki kitabın haqqında danışdıqlarıma əsasən daha da baha qiymət gözləyirdilər. Burada çox vacib bir şey var. Birinci növbədə baha sözü çox nisbi anlayışdır. Kitabın effektini bilmirik, əsasən onun xarici görünüşünə görə dəyərləndiririk. Bu məhsuldan daha çox, yatırımdır. İkincisi, mən hesab edirəm ki, bu kitab xarici kitablar səviyyəsində dəyərləndirilməlidir. Mən bu kitaba ruhumu vermişəm. Bu kitabı oxuyun, bu kitab deyil, bu, daima sizin yanınızda Fəxri Ağayevin olmasıdır, motivasiyadır.

Rasim Məmmədli