“Gözləri” oğurlanan qonaq

100

 

Ən çox biznes aləmində işlənməsinə baxmayaraq, ilk təəssürat anlayışına gündəlik həyatımızda da tez-tez təsadüf olunur. İlk baxışda yeni, mədəniyyətlərin inteqrasiya nəticəsi kimi görünüb, dilimizə qərbdən siyarət etdiyi düşünülsə də, “Üstümü unlu görüb, adımı dəyirmançı çağırma”, –  atalar sözümüzün daha qədim olmasına şübhəmiz yoxdur. İnsanların başqalarında yaratdığı təəssürat ədəbiyytaımızın da ən qədim və ən aktual problemlərindəndir:

Adam var ki, adamların naxşıdı,

Adam var ki, anlamazdı, naşıdı,

Adam var ki, heyvan ondan yaxşıdı,

Dindirərsən, heç insanı bəyənməz. (Aşıq Abbas Tufarqanlı)

***

Ata və 25 yaşlı oğul qatarda yol gedirdilər. Oğlan pəncərədən bayıra baxıb sevincək qışqırdı: – Ata, bax ağaclar arxamızca necə qaçırlar!

Ata zərif, xoş bir təbəssümlə qarşılıq verdi. Həmin vaqonda bir cütlük onların yol yoldaşları idilər. O boyda oğlanın özünü uşaq kimi aparması onların marağına səbəb oldu. Oğlan yenə qışqırdı: – Uraaa!… Ata, buludlar bizimlə yarışırlar.

Nəhayət, cütlük tərəddüdə üstün gəlib oğlanın atasl ilə danışdılar: – Siz onu niyə bir yaxşı həkimə aparmırsınız?

Ata gülümsəyib dedi: – Aparmışam, indi elə xəstəxanadan gəlirik. Oğlum anadangəlmə kor idi, gözlərinə yalnız bu gün qovuşa bilib.

(www.quora.com)

Deməli, hər şey görünüdyü kimi olmaya bilər. Həyatımızın bütün sahələrində olduğu kimi, təəssürat hasil emək, tələsik nəticə çıxarmaq bizi çıxılmaz vəziyyətə sala bilər.

Yenə qayıdaq qərb mədəniyyətinə. Onlarda “yox, xeyr” deməyin bir yolu var, o da kübarcasına, qarşısındakının qəlbini incitməməklə. İngilis onun ayağını tapdayan birisindən dərhal üzr istəyir. Niyə? İnsanlarla konflikt  yaratmaq çox asandır, lakin o konfliktin yan təsirlərini yaşamaq, həzm etmək, unutmaq çox çətindir.

Tez-tez eşidirik ki, indi adamlar daha kəmhövsələ, daha aqressivdir. Elədir ki var. Bu, uzun illərin laqeydliyindən, insanların ürəklərində mərhəmət, şəfqət, məhəbbət bəsləmləri yerinə öz egolarına qul olmalarının nəticəsidir. Ona görə də bir-birimizlə münasibətlərimizdə kökləri çox qədim zamanlara bağlı milli-mədəni dəyərlərimizin bərəkətindən bəhrələnməyə çalışmalıyıq.

***

İlk təəssürat həm də geniş ictimai anlayışdır. Hər birimiz ailə, təhsil müəssisəsi, iş yerimiz, yaşadığımız kənd, şəhər və ölkənin də təəssübünü çəkməli, öz hərəkət və davranışlarımızla müsbət təəssürat yaratmağa səy göstərməliyik. Yəqin ki, hər biriniz öz həyatınızda şahid olmusunuz, bir iş üçün müraciət etdiyin adam  səni elə qarşılayıb, elə yola salır ki, işini düzəltməsə də ona minnətdarlıq edir, uzun müddət o xoş təəssüratı yaşamaq istəyirsən. Bunun əksini düşünsək, gözəl bir yaz günü göy üzünü başdan-başa bürüyüb dünyanı qaraldan qara buludlar keçər xəyalımızdan.

Haçansa oxuduğum bir həyat hekayət sizin üçün də maraqlı olar:

Gənc bir cütlük yeni evlərinə köçmüşdülər. Səhər yeməyi zamanı gənc xanım qonşu binanın balkonunda paltar asan bir qadını seyr edərək həyat yoldaşına deyir: – Ona bax, paltar yumağı da bacarmır, bəlkə də yaxşı sabundan istifadə etməyib, kirlidir, təmiz yuyulmayıb. Yeni qonşu bir müddət qonşusu haqqında bu sözləri deyərək, onu qınayırmış. Bir səhər yenə qonşusunu paltar asan görüb ərinə deyir: – Bax, qonşu nəhayət ki, paltar yumağı öyrəndi. Görəsən, təmiz yumağı kim öyrətdi ona?

Həyat yoldaşı xanımına heç gözləmədiyi bir cavabı verir: – Bu səhər qalxan kimi pəncərəmizi silmişəm, əzizim.

Müvəqqəti qonağı olduğumuz həyat da belə deyilmi? Başqasına qiymət verməzdən əvvəl öz qəlbimizin pəncərəsini silməyimız nə qədər əhəmiyyətli imiş!

***

2000-ci illərin əvvəllərinə təsadüf edən, olmuş bir əhvalatla davam edək sözümüzə:

Uzun yay günlərindən biri idi. Axşam düşürdü. Qapımızın  zəngi çalındı. Bir nəfər məni kəndin o zaman icra nümayəndəsi işləyən, keçmiş qonşumuz və kəndimizin gözəl ziyalılarından olan Zabit müəllim və sahə müvəkkilinin çağırdığını dedi. Həmin adamın təsvir etdiyi yerə çatanda onların yanında uca boylu, yüklü velosipedini yanında tutan üçüncü bir nəfəri də gördüm. Dərhal onun əcnəbi olduğunu duydum. Bizim tərəflərdə şortiklə gəzmək adəti yox idi o zaman. Salamlaşdıq. Əcnəbi də “Salam” deyib əlimi sıxdı. O, dərhal sənədlərini göstərib özünü təqdim etdi. Qonağmız Amerika universitetlərindən birində təhsil alırmış və gələcək etnoqraf kimi azsaylı xalqların həyat tərzini öyrənirmiş, dünyanın bir neçə ölkəsini gəzib, indi də Xınalıq kəndinə gedirmiş.

Zabit müəllim əcnəbi qonağın kəndimizdə nə üçün dolaşdığını, nə itirib, nə axtardığını – “dilini açmağımı”xahiş etdi. Məlum oldu ki, kimləri isə axtaran qonağı gündüz rastlaşdığı, kəndimizin “yes”, “no” bilən bir neçə yeniyetməsi pivəyə qonaq edib və onun eynəklərini götürüblər. İndi o, həmin uşaqları axtarırmış. Mən lazımı köməyimi göstərib evimizə qayıtdım. Artıq qaranlıq çökmüşdü. Bir azdan Zabit müəllim məni qapıya çağırıb, rayonda müvafiq qurumla əlaqə saxladığını və ona əcnəbi qonağı nəzarətsiz buraxmamağı tapşırdıqlarını dedi. O və sahə müəkkili xahiş etdilər ki, dil məsələsinə görə qonaq bizdə gecələsin. Bundan gözəl bir təsadüf olardımı? Nən məmnuniyyətlə razılaşdım.

 

 

Yay gecəsi qısa olsa da, qonağımızla onu kifayət qədər uzada bildik. Şam yeməyi zamanı rəhmətlik atamın divardan asılmış eşmə bığlı şəklini seyr edib onun kim olduğunu soruşdu. Gülümsəyərək, bizimkilərə çox oxşayır dedi. Sonra mənim iş-gücüm, ailə üzvlərimizlə tanışlıq oldu. Nəhayət, növbə qonağın özünə çatdı. O, ötən dövrlərdəki kino lentlərinin kadrları formasında olan çərçivələri böyüdücünün içərisinə qoyaraq öz dədə-babalarının şəkilləri, onların məşğuliyyətlərini əks etdirən görüntüləri bizlərə seyr etdirdi. Məlum oldu ki, onlar Amerikaya şimaldan-Norveçdən gəliblər. O, təhsili, ixtisasına uyğun gəzdiyi ölkələr haqqında ətraflı məlumat verdi. Söhbət əsnasında yükünün içərisindən bir çanta çıxardı və oradakı yol hazırlığına aid əşyaları göstərməyə başladı. Mənim üçün ən maraqlısı xəritə oldu. Açılanda döşəmənin xeyli hissəsini tutan bu xəritədə (Səhv etmirəmsə Macarıstan nəşri idi) ərazimizin demək olar ki, cığırları da əks olunmuşdu. O qədər aydın idi ki, onunla yol tutan heç vaxt aza bilməzdi. Sonra qonaq qaynaqçı dostu tərəfindən xüsusi olaraq müəyyən qədər dəyişdirilmiş, xeyli yük götürə bilən velosipedindən, “gözlərim” dediyi dağ eynəklərinin oğurlanmasından bəhs etdi. Sonuncu mənə təəccübdən çox xəcalət yaşatdı. Mən yeri gəldikcə kəndimizin qədimliyindən, camaatının zəhmətsevərliyi və halallığından danışaraq qonağın təəssüratını müsbət məcraya yönəltməyə çalışdım. Uşaqların öz şıltaqlıqlarını qəhrəmanlıq kimi zənn etdiklərindən, onlarla öyündüklərindən bəhs edərək sözümü Mark Tvenin “Tom Soyerin macəraları” əsərinə gətirib onun könlünü almağa cəhd etdim. Ürəyimdə isə bir qonağı, qərib bir yolçunu yolundan edənləri şiddətlə qınadım.

Qonaq məndən kömək etməyimi xahiş edib, dəftər qələmini götürdü, dilimizdəki gündəlik sadə sözlər, vacib cümlələrin ingiliscə qarşılığı və tələffüzü ilə kiçik bir sözlük də tutdu. Artıq gecədən xeyli keçmişdi. Mən dil praktikası üçün belə bir fürsətin qarşıma çıxmasından, qonaq da öz dilini bilən bir adamın evində olmağından məmnun idi. Beləcə qısa gecənin səhərinə yetişdik. Səhər yeməyindən sonra qonağı ötürmək üçün küçəyə çıxdıq. Orada onu heyrətlə seyr edən kənd sakinləri ilə söhbətləşdik. Bu arada Zabit müəllim əcnəbi qonağın ötən gün oğurlanmış eynəklərini tapıb gətirdi. O, çox sevindi, təşəkkür edib, velosipedinə oturdu, Xınalığa yol tutdu. Bir az aralanandan sonra dönüb əl yelləyərək uzaqlaşdı. Öz-özümə fikirləşdim: kaş bu əl lövhəni silən bir əl kimi kəndimizdə yaşanmış xoşagəlməz əhvalatı qonağın yaddaşından silə biləydi.

Bu gün də qorxuram ki, bələ də məşhur etnoqraf olmuş həmin adamdan həyatında ən yaddaqalan əhvalatlardan danışması xahiş olunsa “gözlərinin” oğurlanıb tapılmasını dilə gətirər. Kaş belə olmasaydı!

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi