Gözəllik üzdə deyil, qəlbdədir

0
767
İnsanın ən güclü silahı özünə olan inamıdır. Əgər insanın özünə güvəni varsa, o istənilən mühitdə öz düşüncələrini rahat şəkildə ifadə edə biləcək. Geniş dünyagörüşü, zəka, hazırcavablıq əminliyi təşkil edən əsas amillər olsa da, bunların arasında ən önəmlisini xarici görünüş hesab etmək olar. Deyirlər, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Bəziləri özünə olan inamını geyimindən razı qalmadığı üçün, bəziləri isə hər hansısa bir qüsuruna görə itirir. Hər zaman ilk olaraq, həmsöhbətin üzü nəzərə çarpır. Üz dərisində qüsuru olan kimsə sosial münasibət qurmaqda və özünü ifadə etməkdə çətinlik çəkir, xüsusilə də çil və ya sızanaq kimi dəri problemindən əziyyət çəkən xanımlar və ya bəylər. Yaz-yay aylarında daha da çoxalan bu problem əksəriyyət insanlarda kompleksə səbəb olur. Özünə olan inamını itirən bu insanlar cəmiyyətdən uzaqlaşaraq, özlərinə qapanırlar. Bəs onlarda bu qədər kompleksə səbəb olan çil necə olur yaranır? Buna təsir edən amillər nələrdir? Çildən əziyyət çəkən şəxslər kimə müraciət etməlidirlər?
Suallarımıza cavab tapmaq üçün Tibb Universitetinin Dəri zöhrəvi xəstəlikləri kafedrasının assistenti, tibb elmləri üzrə fəlsəfə doktoru Araz Kazımova müraciət etdik. O, “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində çillərin yaranma səbəbini bu cür açıqladı: “Çillər əsasən cinsi yetkinlik dövründə əmələ gəlir və artmağa başlayır. Əsasən üz, boyun və əllərin üstündə tünd qəhvəyi rəngli ləkələr şəklində müşahidə edilir. Çilin yaranmasına, ilk növbədə, irsi meyillilik təsir göstərir. Ailədə və ya qohumlarda hər hansısa bir şəxsdə olubsa, bu ailənin digər bir üzvündə özünü biruzə verir. Çilin əmələ gəlməsində və çoxalmasında günəşin zərərli şüaları da təsirsiz ötüşmür. Xüsusən, yaz-yay aylarında dəriyə mənfi təsir göstərən şüalar daha aktiv olur. Bunun qarşısını almaq üçün, ilk növbədə, “SPF” (Sun Protection Factor-günəşdən müdafiə) günqoruyucu kremlərdən istifadə etmək lazımdır ki, bu da Azərbaycan şəraiti üçün 30 faktordan aşağı olmamalıdır. Müalicə prosedurası haqda danışmazdan əvvəl onu vurğulamaq istərdim ki, çillərin tamamilə təmizlənməsinə və onların bir daha qayıtmayacağına təminat vermək mümkün deyil. Lakin həmin ləkələrin rəngini açmaq, pasiyentin üzünü xoşagələn, özünün görmək istədiyi vəziyyətə gətirmək mümkündür”.

A. Kazımov çox vaxt bu cür problemlə qarşılaşan insanların düzgün ünvana müraciət etmədiklərini bildirdi: “Bəzən pasiyentlər bu cür problemlərlə qarşılaşarkən kosmetoloqa müraciət edirlər. Amma bu, səhv yanaşmadır. Çünki kosmetoloqun işi dəriyə düzgün qulluq vasitələrini izah və icra etməkdən ibarətdir. Lakin dəridə hər hansısa problemi müalicə etmək dermatoloqun səlahiyyətinə daxil olan bir vəzifədir və bu işlə sırf dermatoloq məşğul olmalıdır. Çünki çillərin müalicə olunmasında müəyyən formullar var ki, onu məhz bu sahə üzrə ixtisaslaşan dermatoloqlar hazırlayırlar. Dəridə ən çox rast gəlinən problemlərdən biri də sızanaqlardır. Xüsusilə, gənc xanımlar arasında bu pasiyentlərin sayı kifayət qədərdir. Yaxşı olar ki, onlar ixtisaslı dəri həkiminə müraciət etsinlər. Kosmetoloqa müraciət etmək dərini sağaltmaq əvəzinə, onun vəziyyətinin daha da ağırlaşması ilə nəticələnir. Kosmetoloqların sızanaqların müalicə prinsipindən xəbərləri olmadığı üçün yanaşmaları da tam fərqlidir. Bu zaman üzdə çapıqlar əmələ gəlir ki, bunların da tamamilə sağalması çox çətindir. Bu cür problemlərlə qarşı-qarşıya qalmamaq üçün həkimin məsləhəti olmadan hər hansı dərmana və ya reklam olunan preparata üz tutmaqdansa, həkimə müraciət etmək daha yaxşı nəticə verər”.

İnsan oğlu səbirsiz olduğu üçün təşəbbüs göstərdiyi işin nəticəsini tez görmək istəyir. Umduğunu əldə etmədikdə isə bu onda ruh düşkünlüyünə səbəb olur. Müsahibim A. Kazımov pasiyentlərdəki bu cür ruh düşkünlüyünün effektiv nəticənin əldə edilməsinə mənfi təsir göstərdiyini dedi: “İlk növbədə, onu qeyd etmək lazımdır ki, çil bir xəstəlik deyil. Bu, sadəcə, dərinin tipidir. Bizə müraciət edən pasiyentlərin böyük əksəriyyətinin ailəsi və ətrafında olan insanlar çilin onlara heç də pis yaraşmadığını, əksinə üzlərinə yaraşıq verdiyini bildirirlər. Amma çox vaxt onlar özləri bununla razılaşmırlar və çillərdən qurtulmaq istəyirlər. Bu zaman da lazımi proseduralar tətbiq edirik və 70-80 faiz çillərin rəngini açmağa müvəffəq oluruq. Pasiyentlər nəticəni dərhal görmək istəyirlər. Belə olmadıqda isə onlar ruhdan  düşürlər. Bu, müalicə prosedurasına birbaşa təsir etməsə də, prosesin müəyyən dövründə, 1-2 həftə sonra nəticəni görmədikdə pasiyentdə ruh düşkünlüyünə səbəb olur. Dərmanları vaxtlı-vaxtında içmir və günqoruyucu kremlərini çəkməyi unudurlar. Bununla da nəticəni tez görmək istəyirlər. Lakin biz onlara bildiririk ki, ilkin nəticəni 2 aydan tez gözləməsinlər. Effektiv nəticə əldə etmək üçün pasiyentlər həkimin təyinatlarını vaxtlı-vaxtında yerinə yetirməlidirlər”.

Dermatoloq Araz Kazımov vurğuladı ki, üzündə çil olan xanımlar bunu özlərinə dərd etməsinlər: “Onlar bilsələr ki, biz necə ağır dərilərlə işləyirik, öz hallarına şükür edərlər. Lakin onlar çillərlə mübarizə aparıb, onların təmizlənməsində qərarlıdırlarsa, onda nəzərə alsınlar ki, onları heç də asan olmayan bir yol gözləyir. Amma o yolun sonunda yaxşı, hətta əla nəticə ala biləcəklərini də unutmasınlar. Bunun üçün də pasiyentin həkimlə əməkdaşlığı çox önəmlidir”.

 

Əgər özünə güvənin yoxdursa…

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bu cür komplekslərin əsasən yeniyetməlik dövründə yarandığını bildirdi: “Üzdə çil və ya sızanaq yeniyetməlik dövründə yaranmağa başlayır və ən çox da elə yeniyetmə xanımlar bundan əziyyət çəkirlər. Onlar özlərini cəmiyyətdən təcrid edir, sosial münasibətlər qurmaqdan qaçırlar. Bir qədər gənc xanımlarda da bu problemlərə rast gəlmək mümkündür. Bu zaman özlərinə güvəni olmayan, həssas xanımlar kompleks yaşayırlar. Lakin özünə güvəni yerində olan xanımlar prosesi normal bir hal kimi dəyərləndirir və bu problemi aradan qaldırmaq istiqamətində çalışırlar”. E. Rüstəmov komplekslərdən qurtulmağın yeganə yolunun pozitiv düşünmək olduğunu vurğuladı: “Üzündə çil və ya sızanaq olan xanımlar birmənalı olaraq özlərinə güvənməyi bacarmalıdırlar. Özlərinin müsbət cəhətlərini axtarıb tapmalı və daima pozitiv düşünməlidirlər. Belə olduqda onların cəmiyyətə adaptasiyası da normallaşacaq”.

“Səbəblər və nəticələr nə olur olsun, bunu yaşayan bizik” deyirsiniz. Lakin bilməlisiniz ki, sizin kim olduğunuzu və insanların sizi necə qəbul etməsini təyin edən də elə siz özünüzsünüz. Üzünüzdə çil və ya sızanaq varsa, bu sizin qüsurlu olduğunuzu göstərməz. Üz gözəlliyindən müvəqqəti məhrum olmaq, sizin digər gözəlliklərdən məhrum olmağınız demək deyil. Bu, qüsur deyil, sadəcə, problemdir və həll olunmayacaq problem yoxdur. Kim olduğunuzu üzünüz deyil, zəkanız göstərər. Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here