“Gözə batan” problemlər, “beyinsiz” qalmağın fəsadları, “trio”nu ləngidən hücumçu…

0
385

“Qarabağ” dünən yeni mövsümdə ilk dəfə yeri publika önünə çıxdı. “Olimpiya” ilə Sloveniyadakı qarşılaşma televiziya vasitəsilə canlı yayımlanmadığından, çempionumuzun hazırkı durumunu görmək baxımından “Tofiq Bəhramov”dakı matç böyük maraq kəsb edirdi.

 

Qurban Qurbanov heyətdəki dəyişiklikləri taktiki düzülüşlə bağlı yox, bir növ məcburiyyətdən etmişdi. Lyublyanada qırmızı vərəqə alan Qara Qarayevi yeni transfer Simeon Slavçev əvəzləməli idi. Birinci oyunu elə də yaxşı keçirməyən Filip Ozobiç isə Dani Kintana ilə yer dəyişmişdi.

 

“Beyinsiz” qalmağın fəsadları

Standart 4-2-3-1-ə əl dəyməyən Qurbanov oyun üslubunda dəyişikliyə getmişdi. Azarkeşlər bu dəfə ağdamlıların ifasında topu özündə saxlayıb, əzici oyun görmədilər. Hərçənd, isti havada “döyüşkən” formada çıxış etmək hər nə qədər çətin olsa da, rəqibin oyun üslubu bunu tələb edirdi. Mövsümün əvvəlidi, komandaya uyğunlaşması gərəkən transferlər var və nəzərə alaq ki, yenilər həlledici mövqelər üçün gətirilib. Riçard Almeydanın boşluğunun dolmadığını və Qaranın da yoxluğunu nəzərə alsaq, “Qarabağ” bir növ “beyinsiz” qalmışdı. Belədə məşqçilər korpusuna göz oxşayan “Qafqazın Barselonası” yox, “ürəyini” işə salan, “döyüşüb”, lazımi nəticə qazanan komanda lazım idi. Etiraf edək ki, “Olimpiya” I mərhələyə görə çox yaxşı, möhkəm rəqib idi. Hələ formaya düşməmisənsə, keyfiyyət baxımından maksimum səviyyəyə çatmamısansa, bu cür sərt, aqressiv komandanı yalnız öz “silahı” ilə dayandırmalısan.

 

Uğursuz start…

Oyun üslubundakı dəyişiklik startda sanki futbolçuları çaş-baş salmışdı. “Qarabağ” ilk dəqiqələrdə soyuqqanlı, diktəedici deyil, təşviş içində olan komanda təsiri bağışlayırdı. Nə müdafiədə top saxlamaq mümkün olurdu, nə də hücuma çıxmaq. Meydanın bizə aid olan hissəsində sloveniyalıların pressinq tətbiq etməsinin də buna təsiri olurdu. Bu basqı nəticəsində hər dəfə qapıçının uzun ötürməsindən sonra hücum başlamamış rəqibin ucaboy müdafiəçiləri arasında “boğulurdu”. Öndəki “üçlüy”ün “ikinci mərtəbə”də üstünlük əldə etməsi mümkün də deyildi.

“Olimpiya”nın matçın əvvəllərində sol cinahdan üstümüzə gəlməsi müdafiə və qapı xəttini əməlli-başlı həyəcanlandırdı. Xüsusən də, sürətli və texnikalı Stefan Saviçi nə Maksim Medvedev, nə də onun köməyinə gələn Coşqun Diniyev dayandıra bilirdi. Sloveniyalılar sanki bunu öncədən sezmişdilər. Xoşbəxtlikdən Rok Kronaveterin 8-ci dəqiqədəki zərbəsi qeyri-dəqiq alındı. Əks təqdirdə, erkən buraxılan qolla bu həyəcan daha da artacaqdı. Yalnız Bədavi Hüseynov mərkəzdən bir qədər sağa meylləndikdən sonra Saviç zərərsizləşdirildi. “Qarabağ” start həyəcanını 10-cu dəqiqədən sonra “boğa” bildi və komanda artıq rəqibin bütün “kozır”larını gördü. Bundan sonrakı mübarizə təmsilçimiz üçün daha rahat oldu.

 

“Trio”nu ləngidən hücumçu

Komandamız demək olar ki, hücumçusuz oynayırdı. Mahir Mədətov irəlidə bir varlıq göstərə bilmirdi. Nə hava mübarizələrində qalib gələ, nə də ayağına gələn ötürmələri qəbul edib, komanda yoldaşlarının hücuma qoşulmalarına şərait yarada bilirdi. Əsl mövqeyi vinger olduğundan, tez-tez cinahlara çəkilirdi. Belədə Miçel hücumun mərkəzindəki boşluğu doldurmaq üçün irəli keçirdi. Mahirin mərkəz hücumçusu öhdəliyini yerinə yetirə bilməməsi arxasındakı “trio”nun çiyninə əlavə iş yükləyirdi. Bu da Dani-Miçel-Abdullah “üçlüsü”nün hücuma keçidini ləngidirdi. Komanda hissənin ortalarında “ikinci mərtəbə”dəki problemin həllini tapa bildi. Vaqner da Silva artıq bütün ötürmələri Miçelə tərəf ünvanlayır, ispaniyalı da hava toplarından qalib ayrılmaqla topun komandamızda qalmasına şərait yaradırdı.

 

Taktiki “savaş”da növbəti axtarışlar

Taktiki mübarizə ikinci hissədə də davam etdi. Fasilədən sonra “Qarabağ” bir qədər fərqli oyuna keçdi. Futbolçularımız topu ayaqda saxlamaq və rəqibi yormaqla tempi “öldürməyə” çalışırdılar. Bir sözlə, “Qarabağ” qələbə qazanmaqdan çox ilk növbədə nəticəni qorumağı planlaşdırırdı. Maraqlıdı ki, “Olimpiya” da oyun anlayışında dəyişikliyə getdi. Sloveniyalılar topa sahib olan kimi, uzun ara ötürmələri ilə nəsə etməyi düşünürdülər. Bu dəfə “ağırlığı” sağ cinaha qoymuşdular. Rəqibin bu cür paslarla sağ cinahdakı Kinqsli Boatenqi qapıçı ilə üzbəüz qoymaq cəhdlərini müdafiəçilərimiz “oxumuşdu”. Bu üzdən belə vəziyyətlərdə xətti müdafiədən yararlanıb, süni oyundankənar vəziyyət yarada bilirdilər. Həmçinin “Qarabağ” da hissənin əvvəllərində sağ cinahdan hücumlara üstünlük verir, Ozobiçin fərdi bacarığından faydalanmağa çalışırdı.

 

Geryenin inkişafı

Matçın ən yaxşılarından biri, şübhəsiz ki, Vild-Donald Gerye idi. Həm hücuma dəstək verir, həm də rəqibin hücumlarını məharətlə kəsirdi. Təkbətək mübarizələrdə topu “oğurlamağı” bacarırdı və bir növ keçilməz idi. Diqqətçəkən məqamlardan biri ikinci hissədə Geryenin soldan hücuma tez-tez qoşulması, əks cinahdakı Maksimin isə ilk yarıdan fərqli, geridə qalması idi. Haitili irəli atılanda Maksim mərkəzə meyllənir və komanda epizodik 3-lü müdafiə sistemindən yararlanırdı. Qarşılaşmanın sonlarında çempionumuz qapını daha da “sağlama almaq” üçün geridə çox adam saxmağa başladı və bu, rəqibin üzərimizə gəlməsinə şərait yaratdı. Ancaq “Olimpiya”nın bu cəhdlərinin qarşısı mərkəzdə çoxluq yaratmaqla alındı. Nəticədə əsas məqsəd olan 0:0 hesabını qoruyan “Qarabağ” çətin sınaqdan üzüağ çıxaraq, növbəti mərhələyə adladı.

 

10 dəqiqədə “gözə batan” problemlər

Dünənki oyun Azərbaycan çempionunun mövsümə hələ tam hazır olmadığından xəbər verdi. Xüsusən də, ilk 10 dəqiqədəki nöqsanlar “Qarabağ”ın daha güclü rəqiblərlə üz-üzə gələcəyi təqdirdə, hansı problemlərlə qarşılaşacağını ortaya çıxardı. “Olimpiya” ilə səviyyə fərqi elə də böyük görünmürdü. Bu dəfə avrokubok təcrübəsi mərhələ adlamaq üçün yetərli oldu. Ancaq çatışmazlıqlar “gözə batırdı”.

Komanda mərkəzdən hücum qurmaqda axsayırdı. Coşqun-Slavçev cütlüyü daha çox dağıdıcılıqla yadda qalırdı. Coşqunun oyun quruculuğu Azərbaycan çempionatında keçərli ola bilər, ancaq Çempionlar Liqası üçün yetərli deyil. Slavçevdən isə ikinci Almeyda olmağı tələb etmək yersiz olar. Riçardda topla irəliləmək, komanda yoldaşlarına boş zonalar yaratmaq bacarığı var idi. Slavçev bunları edə bilmədiyi üçün “Qarabağ” kollektiv şəkildə paslaşaraq müdafiədən hücuma çıxmağa və daha çox cinahları işə salmağa çalışırdı.

 

Topu ayağına “yapışdıran” Zubir, lider Vaqner

Yeni gələnlərdən Abdullah Zubirin uğurlu transfer olduğunu görmək çətin deyil. Mərakeş əsilli olsa da, cənubi amerikalılar kimi, topla gözəl rəftar edir, onu sanki ayağına “yapışdırır”. Sol cinahdan rəqibin üzərinə şığıma və fintlərlə cərimə meydanına rahat girmə bacarığı “Qarabağ”a çox kömək olacaq. Ən böyük özəlliklərindən biri də başlanğıc sürətinin yüksək səviyyədə olmasıdı.

Qapıçı Vaqner oyuna ciddi şəkildə qoşulmasa da, etibarlı təsir bağışlayır. Braziliyalı liderlik bacarığına malikdi ki, bu, qapıçı üçün ən vacib şərtlərdən biridi. Yəni islandiyalı Hannes Halldorsson çərçivəni ondan asanlıqla ala bilməyəcək.

Yalnız Simeon Slavçev çox ön planda ola bilmədi ki, bu da mövqeyindən qaynaqlanır. İlk baxışdan Almeydanı əvəz edəcək özəllikdə görünmür. Daha çox dağıdıcılıqla məşğul olduğundan, yaradıcılıq tərəfini görə bilmədik. Bəlkə də, yeni olduğu üçün uyğunlaşmaqda çətinlik çəkir.

 

2 hücumçu + 1 yarımmüdafiəçi

Son olaraq ilk oyunlar göstərdi ki, “Qarabağ”ın təcili şəkildə transferlərə ehtiyacı var. Ola bilsin ki, avrokubok təcrübəsi “Kukesi”ni də keçməyə imkan verdi. Lakin ondan sonrası üçün komandanın transfer axtarışında olmaq haqqı yoxdu. Heç vaxtı da. İlk növbədə mütləq hücum gücləndirilməlidi. Qurban Qurbanov ən azı dekabra qədər avrokubokda qalmağı və 3 cəbhədə mübarizəni düşünürsə, 1 yox, 2 hücumçuya ehtiyac var. Həmçinin ən azı Almeyda səviyyəsində yeni “beyin” tapılmalıdı. Görünən odu ki, Ozobiç əsasən cinah üçün alınıb. Bu üzdən oyun quracaq yarımmüdafiəçi probleminin də həlli məcburidi. Bu transferlər həyata keçirilsə, normal sayda ehtiyat qüvvə də yaranar. “Qarabağ” boşluqları tezliklə aradan qaldırmalıdı ki, yenilər “Kukesi”dən (ümid edirəm ki, Çempionlar Liqasında) sonrakı mərhələyə qədər kollektivə tam uyğunlaşa bilsinlər və sistem əvvəlki kimi, çalışmaqda davam etsin.

 

Ruslan SADIQOV