Göynətməyin, kövrək olur qocalar

0
643

Bir gün xalamgilə qonaq gedəndə xalam qapını gözü yaşlı açdı. Çox təəccübləndim, həm də nəsə ciddi bir şeyin olduğunu düşünüb narahat oldum. Xalam o qədər ağlamışdı ki, gözləri qızarıb şişmişdi. İçəri otağa keçəndə televizorda müğənni Yusif Mustafayevin “Qocalar evi” klipinə baxdığını gördüm. Klipdə atılan qocaları gördükcə xalamın halı daha da pisləşirdi. Gözlərini silə-silə, “insan gərək daş ola ki, ata-anasından üz döndərə” dedi. O, heç tanımadığı, üzünü ilk dəfə ekrandan gördüyü insanlar üçün bu qədər kədərlənmişdi. Bəs, görəsən, taleyinə tərk edilmək yazılan qocaların övladları, qohumları?

Qocalar evin bərəkətidir, onların olduğu yerdə xeyir-dua olur, deyirlər. Getdiyi hər yerdə hörmətlə anılar, yuxarı başda əyləşdirilər yaşlılar. Axı onların övladları üzərində əziyyətləri böyükdür. Uşaqlarını böyüdərkən edilən fədakarlıqlar, çəkilən əziyyətlər heç də hər zaman öz bəhrəsini vermir. Bunun ən böyük sübutu yaşlılarla dolu olan qocalar evləridir. Bəziləri kimsəsi olmadığından, tək qaldığından oraya sığınıb. Lakin elələri var ki, övladı da var, evi də. Amma sahib çıxanı yoxdur. Bəs, görəsən, övladı valideyni atmağa nə vadar edir? Bunun səbəbi nələrdir?

“Qocaları insanların vicdanına buraxmaq doğru deyil”

Psixoloq Ramil Nəcəfli əvvəlki dövrlə müqayisədə insanların düşüncə tərzinin dəyişdiyini bildirdi: “Vaxt keçdikcə, zaman dəyişdikcə insanların düşüncə tərzi də dəyişir. Əvvəllər insanlar ailədaxili məsələlərini qonşu yanında danışmağı belə ayıb bilirdilər. Lakin indi televizora çıxıb milyonlarla insanın qarşısında problemlərini müzakirə edirlər. Bu, ailə dəyərlərinin dəyişdiyini göstərir”.

Psixoloqun sözlərinə görə, xarici ölkələrdə valideynlər uşaqların həyatına çox da müdaxilə etmirlər. “Xaricdə valideyn uşağı 18 yaşına qədər böyüdür və daha sonra onu həyatın reallıqları ilə baş-başa buraxır. Lakin bizdə valideyn övladını ondan ötrü böyüdür ki, gələcəkdə ona baxsın, qayğısına qalsın, qulluğunda dursun. Bu düşüncə bizdə hər zaman olub, indi də var. Onlar fikirləşirlər ki, mən övladımı əziyyət çəkib böyütmüşəm o da mənə əziyyətimin qarşılığını qaytarmalıdır. Bu cür yanaşma tərzi ifrat dərəcədə olanda sonradan valideynləri bir növ öz düşüncələrinin qurbanına çevirir. Bu həm övlad, həm də valideyn üçün xoş bir hal deyil”,-deyə psixoloq vurğuladı.

“Uşaq böyüyür, özünə həyat qurur və ola bilsin ki, işi ilə əlaqədar hansısa xarici ölkədə yaşamalı olur. Ailə üzvləri bu və ya başqa səbəbdən bir-birindən uzaq düşürlər. Bəzi ailələrdə maddi, bəzilərində isə ailədaxili münaqişələr səbəbindən valideynlərini qocalar evinə qoyurlar. Bu, dövlətin sosial xidmətlərinə daxil olan bir məsələdir”.

R. Nəcəfli bəzən efirdə insanlardan mədət uman qocalara rast gəldiyini dedi: “Hesab edirəm ki, dövlət tərəfindən və qanunla tənzimlənən özəl sosial xidmət göstərən yerlər yaradılsa və ehtiyacı olan yaşlılar sivil şəkildə öz razılıqları ilə ora yerləşsələr daha yaxşı olar. Qoy yaşlılar televizora çıxıb insanlardan kömək istəməsinlər, vicdanların ümidinə buraxılmasınlar. Bu məsələyə bir az obyektiv baxılmalıdır. Yaşlılarla cavanların fikirləri, düşüncələri fərqlidir. Onların dərdləşəcəkləri insanlara ehtiyacları var. Məsələn, xarici ölkələrdə klublar var. Hansı ki, orada eyni düşüncə tərzində olan, əqidəsi, inancları bir olan insanlar toplaşırlar. Düşünürəm ki, Azərbaycanda da bu cür yerlər açmaq olar. Bunu “qocalar evi” adı ilə deyil, qulağa daha xoş gələn və bir növ yaşlıların ömrünün qalan hissəsinin daha qayğısız yaşamalarını təmin edən bir yer kimi dəyərləndirmək olar”.

“Valideynin uşağını düzgün tərbiyə etməməsi ona qarşı biganəliyə gətirib çıxarır”

Sosioloq Rafael Həsənov qocalar evində xeyli sayda atılmış ahılların olduğunu bildirdi: “Onların hər biri müxtəlif səbəblərdən orada məskunlaşıblar. Cəmiyyətdə övladların öz valideynlərini atması təbii ki, birmənalı qarşılanmır. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Belə ki, sovet hakimiyyətinin süqutu nəticəsində ölkədə sosial-iqtisadi, siyasi-mədəni xaos yaranır. Rejimin çökməsi ailələr üzərində dövlət qayğısının azalmasına gətirib çıxarır. Nəticədə, ailə maddi ehtiyaclarını özü təmin etməli olur. Bu da, öz növbəsində, bir sıra problemlərin yaranmasına yol açır.

Yaxın keçmişimizə nəzər salsaq, Qarabağ müharibəsinin də ailələrin sosial vəziyyətinin pisləşməsinə təsirsiz ötüşmədiyinin şahidi oluruq.

Müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatına keçidin və onun səhv qanunlarının mövcudluğu maddi vəziyyətin pisləşməsinə və ailədaxili münaqişələrə səbəb oldu. Son dövrlərdə cəmiyyətdə baş verən mədəni-mənəvi aşınmalar və ailə dəyərlərimizin zəifləməsi də bu məsələnin əsas səbəblərindən hesab oluna bilər.

Valideynlərin atılmasında uşaqların düzgün tərbiyə edilməməsi də əsas faktor kimi dəyərləndirilə bilər. Mənəvi dəyərlərə sahib olmayan övladlar ata-analarına qarşı biganə yanaşırlar.

R. Həsənovun sözlərinə görə, Azərbaycan Respublikasının qanununa görə, 70 yaşına çatmış şəxslər ahıl sayılırlar. 2015-ci il üçün ahılların sayı 6 faizi göstərirsə, bu rəqəmin 2050-ci ildə 12 faizə qədər artacağı proqnozlaşdırılır.

“Dövlətin bu sahədə qayğısı danılmazdır. Bu gün qocalar üçün hər cür şəraiti olan pansionatlar tikilir. Bu istiqamətdə aparılan işlərə 2001-ci ildə yaradılan Ahılların Resurs Mərkəzini göstərmək olar. Burada yaşlılara xüsusi qayğı göstərilir, tibbi və psixoloji yardımlar edilir. Bütün bunlar dövlət tərəfindən göstərilən diqqətdir. Lakin dövlət nə qədər onların qayğısına qalsa da, öz övladlarının sevgisini, qayğısını, diqqətini əvəz edə bilməz. Hesab edirəm ki, ailə dəyərlərimizin bərpa olunması, yeni mədəni şəraitə uyğunlaşdırılması həm dövlətin, həm də cəmiyyətin diqqət mərkəzində saxlanılmalıdır”,-deyə sosioloq qeyd etdi.

Mərhum şairimiz Hüseyn Arifin “Qocalar” şeiri ömrünün ahıl dövrünü yaşayan yaşlılarımızı necə də gözəl təsvir edir:

Can neyləsin, hökmü verən zamandı,

Gözdən düşüb, sandan çıxmaq yamandı.

A yoldaşlar, a qardaşlar, amandı,

Göynətməyin, kövrək olur qocalar.

Əsən külək, yarpaq tökən budaqdı,

Döyən yağış, sönüb keçən ocaqdı,

Necə deyim, ikigünlük qonaqdı,

Axşam açıb, sabah solur qocalar.

Xəyalə Sadıqova