Göydən 3 xal düşdü, heç biri bizə düşmədi

0
398

Biri var idi, biri yox idi. 3 oyundan yeddi xal toplayan bir komanda vardı. Günlərin bir günü bu komanda daha 3 xal qazanmaq ümidi ilə xaricə yollandı… Özü də “Boeing 787 Dreamliner” təyyarəsi ilə. Belə bir təyyarəni ilk dəfə görən yerli sakinlər şoka düşdülər. Amma bu vəziyyət ölkənin futbolçularına sirayət etmədi.

Bəri başdan deyim ki, bu “nağıl”ı yazmaqda məqsədim heç də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzduğumuza görə millimizin baş məşqçisi Robert müəllim Prosineçkinin bostanına daş atmaq və yaxud futbol dili ilə desək, meydanında top oynatmaq deyil. Siz Allah, niyə də yox deməyin. Əvvəla ona görə ki, yaxşı başa düşürəm ki, bu kişinin bizim futbol tariximizdə alayı yeri var. Deyilənlərə görə, o, futbolumuzu xeyli inkişaf etdirib. İkincisi, axı biz nə vaxta qədər öz uğursuzluqlarımızda əcnəbiləri günahlandıracağıq? Bir də, bu futboldur, bu oyunda hər şey ola bilir, məgər görmədinizmi elə bu günlərdə Braziliya Messili Argentinaya qan uddurdu? Bir sözlə, həzarat, məqsədim alayıdır.

Bəli, amma bu, bir fakt ki, Belfastda Prosineçkiyə görmədiyini göstərdilər. Yəni yığmamız baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ən acınacaqlı məğlubiyyətini aldı. Sən bir işə bax ki, 90 dəqiqə ərzində 8 dəfə zərbəyə cəhd edən Robert Prosineçkinin yetirmələri cəmi bir dəfə çərçivəyə düşə bildilər ki, onda da rəqib qapıçı yerində oldu. Üstəlik, komandamız oyunboyu rəqibinə bütün komponentlərdə uduzdu. Yenə bir sözlə, Qara Qarayevin təbirincə desək, danışılası yaxşı bir şey yoxdur. Bunları da ona görə yazıram ki, hər kəs mənim həmin oyundan yaxşı xəbərdar olduğumu tərk etsin. Sözüm bunda da yox. Sözüm yoldaş Prosineçkinin oyundan sonrakı dedikləri ilə bağlıdır. Heç bilirsiniz o nə deyib. Dedi ki, “bu rəqib gələn il Bakıya gələcək. O oyun sıfırdan başlanacaq. Çalışacağıq ki, nəticə daha yaxşı olsun”. Bu isə mənim fikrimcə, rəqibi asıb-kəsməkdən başqa bir şey deyil. Həzarat, sizi bilmirəm, amma onun bu açıqlaması mənə məhəllə uşaqlarının söhbətini xatırlatdı. Hansı söhbətini? Adətən, bir uşaq özgə məhəllədə təhqirlərə məruz qalanda, yaxud döyüləndə onun ilk dediyi söz nə olur? Bilmədiniz? Bir qayda olaraq deyir ki, bizim məhəllədən keçəndə başına elə oyun açacağam ki… Sonradan məlum olur ki, həmin uşaq heç öz məhəlləsində də rəqibinin cavabını verə bilməyib. Mənə elə gəlir ki, elə dörd oyundan yeddi xal yığdığını hər yerdə az qala gözümüzə soxmağa çalışan yoldaş Prosineçkinin söylədikləri də eynən o uşağın dedikləri mənziləsindədir. Ola bilsin ki, kimlərsə mənim bu fikrimlə razılaşmasın. Amma mən buna görə onlara “niyə də yox” deyə müraciət etmək belə istəmirəm.

Hə, yadıma düşmüşkən… Xeyli vaxtdır mən yoldaş Prosineçkinin fiziki durumuna fikir verirəm. Maşallah, namxuda, məmləkətimizə gələndən bu yoldaşın qarnı xeyli irəli gəlib. Bu isə təbii ki, inkişafdan xəbər verir. Bəs görəsən bizim futbol onun qarnı kimi nə vaxt irəli gedəcək? Çətin sualdır, eləmi?

Nə isə məncə “nağıl”ımızı bitirmək vaxtıdır. Göydən 3 xal düşdü. Nə yazıq ki, onlardan heç biri bizə düşmədi.

Qvami Məhəbbətoğlu