Göydə bir alma qalmışdı…

556
Onların həyatı nağıl kimiydi. Hətta elə bir nağıl ki, həqiqətinə çox az adam inanar. İstəyən inansın, istəməyən inanmasın, onlar üçlükdə nağıl kimi bir ailə həyatı yaşadılar, bir kişi, iki xanım. Üçü bir yerdə nağıl sonunda göydən düşən üç alma kimiydilər. İkisi torpağa düşmüşdü, biri qalmışdı, ötən həftə onu da torpağa qoydular.
İndinin özündə də qanun icazə verməsə belə ölkəmizdə ikiarvadlı kişilər az deyil. O qədər mallı-pullu kişilər var ki, birini şəhərin bu başında saxlayır, birini o başında. Amma haqqında danışdığım bu ailə nə varlı olub, nə də ikinci dəfə evlənməyi kişi istəyib. On səkkiz il övladları olmayıb və evin qadını Zinyət xanım yaşadığı ocağın soysuz qalmağını istəmədiyi üçün özü elçi düşüb və ərini ikinci dəfə evləndirib. Beləcə bir damın altında bir kişi, iki arvad baş-başa veriblər. İkinci izdivacdan beş uşaq dünyaya gəlib, dörd qız, bir oğlan. Uşaqları Ceyran doğub, Zinyət böyüdüb. Kim öz doğumunu xatırlayır ki, o uşaqlar da xatırlayaydılar, sadəcə göz açıb özlərini Zinyət ananın qucağında görüblər və elə ona da “ana” deyiblər. Bir dəfə də olsun aralarında söz-söhbət olmayıb. Evə nə lazımdı, nə alınacaq, hamısına Zinyət ana qərar verib. Ceyran özünə paltar belə almayıb, hamısını Zinyət ana alıb.

O ailə mənim üçün ona görə dəyərlidir ki, bu gün əlim yetməyən kəndimizin yadımda qalan ən əlvan, təkrarsız bir ahəngi, rəngi vardı o ailədə. İkincisi və ən əsası isə o ailənin yeğanə oğlu Bayramla könül yoldaşı olmuşuq, dərdimizi də, pulumuzu da paylaşa bilmişik.

Bəli, illər ötdükcə uşaqlar böyüyüb, qızlar gəlin olub köçüblər, Bayram da evlənib oğul-uşaq sahibi olub. Evin ağşaqqalı Kalbayı kişini həsrətini çəkdiyimiz o kənddə torpağa veriblər. Sonra qaçqınlıq həyatı başlayıb, Bayram doqquzuncu mikrorayonda qaçqınların yaşadığı binanın yaxınlığında bir daxma qaralayıb iki anası və ailəsi ilə ora yerləşib. Təxminən beş il əvvəl Bayramın böyük anası Zinyət xanım dünyasını dəyişib. Onun ölümündən sonra Ceyran ana ilə söhbət edəndə dedi ki, elə bilirəm kəndimizi də, kişini də indi itirmişəm. Və mən o xanımdan bu sözləri eşidəndə içimdə bir xeyli heyrətləndim də: “Günü də günüsünə bu qədər bağlanarmı?” Tez-tez məzarının başına gedib ürəyi kiriyənə qədər ağlayar, sonra da dönüb balalarının yanına gələrdi. “Boynumda onun haqqı böyükdür”, – deyərdi. Və o danışdıqca mən də kimlərinsə nəinki anlayacağı, hətta eşitmək belə istəmədiyi o həyat hekayəsinə qulaq asır, uşaqlığıma dönürdüm. Ceyran ana gülə-gülə: “Öz doğduqlarım, məni qoyub ona “ana” dedilər, heç qısqanmadım, indi də bu nəvələrim ona “nənə”, mənə Ceyran deyirlər. O doğmadı, ana da oldu, nənə də, mən yazıq elə Ceyran gəldim, Ceyran da gedəcəm.”,- deyəndə nə qədər səmimi olduğunu gözlərindən oxudum. O vaxt bir yazı da yazmışdım, amma fikrimdən keçən o idi ki, geniş bir çəkiliş edim. Ceyran ananı bir cümə axşamı, ya bayram günlərindən birində günüsü Zinyət ananın məzarının başına aparım, onun necə ağladığını, dua elədiyini, üz-üzə danışırmış kimi günüsü ilə dərdləşdiyini lentin yaddaşına köçürüm, amma tənbəlliyim və bir qədər də qalınlığım üzündən bu fürsəti qaçırdım. Ötən həftə Ceyran ananı da torpağa tapşırdılar. Mən xəbər tutanda artıq dəfn eləmişdilər və üç mərasiminə gedə bildim. Ceyran ana nağılların sonundakı üçüncü alma kimi düşdü torpağa. Daha bütün narahatçılıqlar keçdi, istəyən istədiyinə qovuşdu.

Bu yazını sətirlərə tökdükcə ağlıma bir sual gəldi ki, Zinyət ana o zaman ərini evləndirməsəydi, görəsən nə olacaqdı?  Yəqin ki, evləndirsə də bu gün ölmüş olacaqdı, evləndirməsə də. Yəni kim neyləyirsə, özünə eləyir, yaxşılıq eləyən də, pislık eləyən də. İndi o məqamdan baxanda insanların uğrunda savaşdığı problemlərin nə qədər bəsit və mənasız, nə böyük vazkeçilməzlərin adi və gərəksiz olduğu gün kimi aydın görünür. Hər kəs öz nağılının sonuna göydən düşən alma kimidir. Onlar da üç alma idilər, ikisi düşmüşdü, biri qalmışdı, o da düşdü. Allah rəhmət eləsin!

Əli Çərkəzoğlu