Görülən işlərə kölgə salınması nə vaxtdan demokratiya hesab olunur?

0
677

Son vaxtlar həyatımızın bir parçasına çevrilmiş sosial şəbəkələrdə lövbər  salmış anti-Azərbaycan qüvvələr nəyin bahasına olursa-olsun demokratik prinsiplərə üstünlük verən ölkəmizin inkişafına, onun  dünya miqyasında əldə etdiyi uğurlara xələl gətirməyə çalışırlar. Bu mənada respublikamızda insanların öz fikirlərini sərbəst ifadə etmələrinə yaradılan şəraitdən sui-istifadə edən daxildəki və xaricdəki “sapı özümüzdən olan baltalar” sosial şəbəkələri şər-böhtan, təhqir poliqonuna çeviriblər desək yanılmarıq. Hətta  ölkəmizin tərəqqisini gözü götürməyən dairələr dünyanı cənginə almış pandemiya şəraitində bu istiqamətdə fəaliyyətlərini daha da artırıblar. Belə ki, sosial şəbəkələrin  bəzi “sakinləri”, daha doğrusu, ermənipərəst ünsürlər – Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Arif Məmmədov, Orduxan Teymurxan, Qənimət Zahid və digərləri öz məkrli niyyətlərini daha geniş ampluada, yəni videokonfranslarla təqdim etməyə çalışırlar. Özü də onlar öz fəaliyyətlərinə “demokratiya” donu geyindirməyə cəhd edirlər. Görəsən, mövcud dövlət quruluşunu devirmək, əhalini itaətsizliyə və zorakılığa təhrik etmək çağırışları, insanların ləyaqətinin alçaldılması, sərhədboyu ərazilərdə törədilən təxribatlarla bağlı dezinformasiyaların yayılması, müxtəlif şəxslərə böhtanlar atılması, görülən işlərə kölgə salınması nə vaxtdan demokratiya hesab olunur? Bir də məgər bu nankorlar bilmirlərmi ki,  bu gün Azərbaycan koronavirusla mübarizə aparan ən qabaqcıl ölkələrdən biridir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da dəfələrlə vurğulayıb. Bilməmiş deyillər, görünən odur ki, belə faktlar onlara sərf etmir.

Yeri gəlmişkən qeyd edək ki, son illərdə sosial şəbəkələrin yaratdığı təhdidlərlə bağlı narahatlıqları dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Artıq sosial şəbəkələrdə yayılan şər və böhtanlardan təngə gələn dünyanın bəzi ölkələri bu istiqamətdə müəyyən addımlar atırlar. Bu günlərdə Türkiyə Böyük Millət Məclisinin sosial medianın tənzimlənməsi ilə bağlı qəbul etdiyi qanunu buna misal göstərmək olar. Bu qanuna görə, bir milyondan çox izləyicisi olan səhifələr Türkiyədə nümayəndəlik açmalı və həmin nümayəndəliyə rəhbərlik edən şəxs də bu ölkənin vətəndaşı olmalıdır. Bundan əlavə, dövlət orqanları tərəfindən təhqiramiz hesab olunan yazılar 48 saat ərzində silinməlidir, əks halda istifadəçiləri pul cərimələri gözləyir. Bir sözlə, Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediadakı böhtan və təhqirlərin qarşısının bu yolla alınacağı gözlənilir.

Bəli, hazırda bu problem dünya miqyasında aktual mövzulardandır. Mütəxəssislərin fikrincə, respublikamızda bu problemlə  bağlı yeni qanun layihəsinin hazırlanmasına, daha doğrusu, təhqir meydanına çevrilmiş sosial şəbəkələrin hüquqi müstəvidə tənzimlənməsinə ehtiyac var. Əks halda sosial şəbəkələrdə təhqir və böhta­nı özlərinə peşə seçənlər daha da fəallaşa bilərlər. Unutmayaq ki, özlərini müxalifət adlandıranlar, qanunun tələblərini pozanları siyasi məhbus kimi qələmə verənlər, guya xalqın gələcəyini “düşünən”  ünsürlər ərazilərimizin 20 faizinin işğal altında saxlayan erməni daşnaklarına xidmət edirlər. Bu mənada onlar Vətənə xəyanət yolunu tutublar. Vətənə xəyanət isə cəzasız, tənbehsiz qala bilməz. Şübhəsiz,  xalqımız düşmən əlində alətə çevrilən belə satqınları heç vaxt bağışlamayacaq.

Görünən budur ki, Ermənistanın yalan­larını dəstəkləyən və gərginliyin artma­sında həyasızcasına Azərbaycanı ittiham edən üzdəniraq milli satqınlar üçün Vətən anlayışı yoxdur. Belələri sadəcə heç bir əsas olmadan öz ölkəsinə  şər, böhtan atmaqdan, iftira yağdırmaqdan zövq alırlar. Təkcə zövqmü? Şübhəsiz, belələri onları himayə edənlərdən kifayət qədər vəsait də alırlar. Bu amili, yəni havadarlarının pul kisələrini isə satqınların, nankorların, sosial şəbəkə dəllallarının  zövq mənbəyi adlandırmaq olar.

Qvami Məhəbbətoğlu“İki sahil”