Görəsən hansı kolbasalar halaldır?

595

Bir sıra islam ölkələri, eləcə də Azərbaycan yeyinti sahəsində “Halal” standartının tətbiqi üzərində işləyir. Ancaq son zamanlar ölkəmizdə “Halal” nişanı ilə satılan ət və ət məhsullarının çeşidi artmaqdadır. Ölkədə kolbasa istehsalı ilə məşğul olan kifayət qədər sex və müəssisə mövcuddur. Bunlardan hər biri də öz məhsulunun halal olduğunu iddia edir. Hazırda mağazalarda satılan kolbasaların çoxunun üzərində də “Halal” nişanı var. Bəs görəsən bunların hamısı, həqiqətən də, halaldırmı? Kolbasanı alarkən hansının halal olmasını necə bilmək olar? Çoxlarını maraqlandıran bu suallara cavab tapmaq üçün ilk öncə Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. Məsələ ilə bağlı mövqeyini açıqlayan Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova bildirdi ki, bizim tərəfimizdən rəsmi şəkildə yalnız “SAB” şirkətinin məhsullarına “Halal” zəmanəti verilib: “Biz kolbasa məhsullarının keyfiyyətinə, sanitar-gigiyenik şəraitinə, necə və harada hazırlanmasına deyil, sadəcə, məhsulun şəriət qaydalarına uyğun kəsilib-kəsilməməsinə zəmanət veririk. Yəni biz məsələni, sadəcə, dini cəhətdən araşdırır, ət kəsimində, emalında dini qaydalara, şəriət qaydalarına əməl olunub-olunmamasına nəzarət edirik. QMİ tərəfindən zəmanət verilən kolbasaların üzərinə “QMİ zəmanət verir” yazısı yazılır. Biz sertifikat vermirik, sadəcə, zəmanət veririk. “Halal” zəmanəti almaq üçün indiyə kimi bizə 15-dən çox şirkət müraciət edib. Ancaq aparılan müşahidələr əsasında şəriət qaydalarına əməl olunması ilə bağlı əminliyimiz olduqdan sonra biz şirkətlərə zəmanət veririk. Onu da qeyd edim ki, bu sahədə yalnız dini məqamlara QMİ nəzarət edir”.

“6 ət və ət məhsulları

müəssisəsi sertifikatlaşdırılıb”

Mövzu ilə bağlı “Zaman-Azərbaycan”a müsahibə verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıbov bildirdi ki, Azərbaycanda altı müəssisənin ət və ət məhsulları sertifikatlaşıb: “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 757-2014 “Halal məhsulların sertifikatlaşdırma qaydaları” dövlət standartı təsdiq edilmişdir. Bu standart “halal məhsul”ların sertifikatlaşdırılmasını, bu məhsullara uyğunluq sertifikatının verilməsi qaydalarını tənzimləyir. Standarta əsasən, “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir. Əks halda, sertifikatlaşdırılmayan məhsulların üzərində “halal” sözünün istifadəsi qadağandır. Sertifikat o müəssisəyə verilir ki, orada mövcud halal qida standartlarına cavab verilsin. Ancaq bildiyimə görə, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları tərəfindən 6 ət və ət məhsulları müəssisəsi sertifikatlaşdırılıb. Biz də həmin müəssisələrə nəzarət tədbirləri həyata keçiririk. Komitəmiz Azərbaycanda istehsal olunan, satılan ət və ət məhsullarının (kolbasaların, sosiskaların) keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edir. Həmçinin sertifikatlaşdırılan müəssisələrin standartlara uyğun fəaliyyət göstərib-görtərmədiklərini araşdırırıq. Əgər hər hansı bir müəssisədə keyfiyyətsizlik aşkar ediriksə, dərhal sertifikatın ləğvi ilə bağlı məsələ qaldırırıq. “Halal” sözünün məhsulun üzərində istifadəsi yalnız ona sertifikat verən orqan tərəfindən müəyyənləşdirilir və rəsmi şəkildə çap olunmuş vahid şablon etiketlə təmin edilir. Standartlaşdırma komitəsi tərəfindən edilən dəyişiklikdə “Halal” nişanı təsdiq olundu və sertifikatlaşdırılan məhsulların üzərinə vuruldu. Hansı məhsulun üzərində “Halal” nişanı varsa, deməli, o məhsul halaldır”.

Bu haqda müqəddəs kitabımız olan

Qurani Kərimdə qeyd olunub:

“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, şeytanın izi ilə getməyin! Həqiqətən, o (şeytan) sizinlə açıq-açığına düşməndir” (əl-Bəqərə “İnək” surəsi, 168-ci ayə).

“Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur…” (ən-Nəhl “Bal arısı” surəsi, 115-ci ayə).

Nərmin Haqverdiyeva