Gömrükdə məhsulun təyinatını kim təyin etməlidir

0
636

Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarının 2.1.11-ci maddəsinə əsasən, fiziki şəxslər gömrük sərhədindən yalnız 10 kiloqrama qədər ərzaq məhsullarını hər hansı rüsum ödəmədən keçirə bilərlər. Əgər məlum Qaydaların 2.1.11-ci maddəsi vətəndaşa ölkəyə 11 kiloqram ərzaq məhsulu gətirməyə icazə vermirsə, o zaman həmin Qaydaların 2.1.2-ci maddəsində yer alan “şəxsi ehtiyacları üçün 10 min dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilər” ifadəsi nə işə yarayır?

Allahverdi Cəfərov

1Uzun zamandır Azərbaycanda gömrək orqanlarının fəaliyyəti ilə bağlı ciddi tənqidlər səsləndirilir. Ötən həftə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda baş verən hadisələr gömrük orqanlarının fəaliyyətini yenidən gündəmə gətirib. Xatırladaq ki, ötən həftə özlərini müharibə veteranları kimi təqdim edən bir qrup şəxs Tovuz Gömrük İdarəsinin onlardan rüşvət tələb etdiyini əsas gətirərək etiraz ediblər və gömrük işçiləri ilə həmin şəxsələr arasında insident yaşanıb. Hətta vəziyyət o həddə çatıb ki, hadisəyə polis müdaxilə etməli olub. Daha sonra Dövlət Gömrük Komitəsi açıqlama verərək bildirib ki, “Sınıq Körpü” gömrük postunun İdxal gömrük nəzarəti xətti ilə Gürcüstandan gələn minik nəqliyyat vasitələrinin sürücüləri (6 nəfər) gömrükçülərin avtomobillərə gömrük baxışı keçirilməsinə mane olub: “İlkin baxış zamanı isə gömrükçülər minik nəqliyyat vasitələrinin hər birinin yük yeri və salonunda qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq, kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar – 200 kiloqrama qədər meyvə olduğunu müəyyən edib. İstehlak miqdarından artıq olan mallara görə sənədlər və gömrük rüsumu ödənilməsi tələb olunduqda isə nəqliyyat vasitələrinin sürücüləri buna etiraz edərək yükə aid sənədləri təqdim etməkdən və rüsumu ödəməkdən imtina ediblər”.

Baş verən hadisəyə isə birmənalı qiymət verilmir. Ekspertlər mövcud vəziyyətin, yəni gömrük orqanları ilə bağlı yaşanan problemlərin səbəbi kimi gömrük qanunvericiliyindəki boşluqlarla əlaqələndirirlər. Qeyd edək ki, fiziki şəxslərin ölkəyə gətirdiyi məhsullar Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” əsasında tənzimlənir. Prezident İlham Əliyevin “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” fərmanı ilə həmin Qaydaların

2.1.2-ci maddəsi dəyişdirilb. Gömrük yoxlamalarının sadələşdirilməsi barədə prezident fərmanından sonra Azərbaycan vətəndaşlarının xaricdən ölkəyə ödənişsiz gətirə biləcəyi malların həcmi 7 dəfə artıb. Belə ki, fiziki şəxslər xaricdən şəxsi ehtiyacları üçün 10 min dollarlıq, onu müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə isə əlavə 2000 dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilər. Xatırladaq ki, indiyədək ölkə vətəndaşları xaricdən 1500 dollarlıq malı ödənişsiz gətirə bilərdilər. Ancaq qeyd edək ki, həmin qaydaların 2.1.11-ci maddəsinə əsasən fiziki şəxslər gömrük sərhəddindən yalnız 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər. Əgər məlum Qaydaların 2.1.11-ci maddəsi vətəndaşa ölkəyə 11 kiloqram ərzaq məhsulu gətirməyə icazə vermirsə, o zaman həmin Qaydaların 2.1.2-ci maddəsində yer alan “şəxsi ehtiyacları üçün 10 min dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilər” ifadəsi nə işə yarayır. Onuda bildirək ki, bu 10 min dollara aksizli mallar, avtomobillər, alkoqollu içki (3 litr olar) və siqaret (600 ədəd oar) kimi məhsullar da daxil ediyil. Buradan belə görünür ki, məlum Qaydaların 2.1.2-ci maddəsi ilə 2.1.11-ci maddəsi arasında ciddi uyğunsuzluq var və əslində 2.1.2-ci maddədə nəzərdə tutulan güzəştlər vətəndaş üçün ciddi bir əhəmiyyət daşımır. Yazının əvvəlində qeyd etdiyimiz hadisədən belə görünr ki, 200 kiloqrama qədər meyvəni ölkəyə rüsumsuz keçirmək qeyri-mümkündür. Belə demək mümkündürsə, prezidentin fərmanda qeyd olunan “şəxsi ehtiyacları üçün 10 min dollarlıq malı ölkəyə ödənişsiz gətirə bilər” ifadəsi gömrükdən mal keçirməyə imkan vermir. Qeyri-ərzaq məhsullarına gəldikdə isə qeyd edək ki, gətirilən məhsulun “şəxsi ehtiyac üçün”, yoxsa “ticarət məqsədilə” gətirildiyinə də gömrük əməkdaşları qərar verirlər. Belə olan halda da vətəndaşların “gömrük çiləsi” bitmək bilmir. Lakin onu da qeyd edək ki, ölkə prezidentinin yuxarıda bəhs etdiyimiz fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, 3 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarını bu fərmana uyğunlaşdırsın. Ümid edirik ki, qanunvericilikdəki bu boşluğun da ortadan qaldırılması ehtimalı var. Məlumat üçün xatırladaq ki, bu sahəyə nəzarəti əvvəllər broker şirkətlər həyata keçirirdi. Əsas narazılıqda məhz boroker şirkəti və onun əməkdaşları ilə bağlı olurdu. Ancaq Prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli 713 nömrəli fərmanı ilə gömrükdə fəaliyyət göstərən broker şirkəti ləğv olunub.

Azərbaycanın əldə etmək istədiyi güzəştlər bu günə qədər heç bir ÜTT üzvünə verilməyib

Ekspertlər hesab edirlər ki, ötən il ölkədə baş verən devalvasiyadan sonra idxal məhsullarının qiymətinin qalxmaması üçün gömrük prosedurları sadələşdirilməlidir. Bildiyimiz kimi, hazırda Azərbaycanda tətbiq edilən gömrük vergi və rüsumları kifayət qədər yüksək hesab olunur. Məhz bu səbəbdən Azərbaycan dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olan Ümumdünya Ticarət Təşkilatına üzv olmayıb. Üzv olmaq məqsədilə 1997-ci ildən müraciət etsəkdə hələ də dünya ticarətinin 98%-ə qədərini özündə birləşdirən təşkilata daxil ola bilməmişik. Qeyd etdiyimiz kimi üzv ola bilməyimizə mane olan əsas səbəblərdən biri gömrük idxal tarifləri ilə bağlıdır. Xüsusilə də kənd təsərrüfarı məhsullarına tətbiq edilən tariflərin yüksək olmasını əsas gətirərək ölkəmizi ÜTT-yə qəbul etmək istəmirlər. Azərbaycan isə təklif olunan şərtləri qəbul etmək istəmir və maksimum güzəşt əldə etməyə çalışır. Digər ölkələrin ÜTT-yə hansı şərtlərlə üzv olduğuna nəzər saldığımız zaman belə görünür ki, Azərbaycanın əldə etmək istədiyi güzəştlər bu gün qədər heç bir təşkilat üzvünə verilməyib. Məsələn, Azərbaycan idxal olunan kənd təsərrüfatı məhsullarına tətbiq edilən tariflərin orta dərəcəsinin 20,8% olmasını istəyir. Halbuki ÜTT üzvü olan ölkələrin heç birində bu cür yüksək tarif dərəcəsi yoxdur. MDB ölkələrinin kənd təsərrüfatı üzrə orta tarif dərəcəsi 12,7% təşkil edir. Bu göstərici Gürcüstanda 11,7%, Moldovada 12,2%, Qırğızıstanda 12,3%, Ermənistanda isə 14,7%-ə bərabərdir. Azərbaycanın qeyri kənd təsərrüfatı məhsullarına tətbiq edilən tariflərin orta dərəcəsi ilə bağlı təklifi 10,4%-dir. Ancaq bu tarif dərəcəsi də ÜTT-yə üzv olan region ölkələrindəki analoji göstəricidən yüksəkdir. Məsələn, qeyri kənd təsərrüfatı məhsullarına tətbiq edilən tariflərin orta dərəcəsi Moldovada 6%, Gürcüstanda 6,5%, Qırğızıstanda 6,7%, Ermənistanda isə 7,5% təşikl edir. Rəqəmlərdən də göründüyü ki, təkliflərimizin ÜTT-yə üzv ölkələrdəki analoji göstəricilərdən yüksəkdir.

Onu da qeyd edək ki, dünyanın əksər dövlətləri ÜTT-yə, bu qurumun təsis edildiyi 1995-ci ildən üzv qəbul olunub. Hazırda dünyanın 162 ölkəsi ÜTT-yə üzv, 22 ölkəsi isə bu təşkilatda müşahidəçi statusa malikdir. Region ölkələrindən Türkiyə 1995-ci, Gürcüstan 2000-ci, Ermənistan 2003-cü, Ukrayna 2008-ci, Rusiya isə 2012-ci ildə ÜTT-yə üzv qəbul olunublar.

Gömrük Komitəsi “güzgü statistikası”nı fakt kimi qəbul etmir

Gömrük orqanları ilə bağlı səsləndiriliən iddialardan biri də bəzi şirkətlərin idxal etdikləri məhsulları gömrük rəsmiləşdirilməsindən yayındırması və yaxud da qiymətlərin süni şəkildə aşağı salınması ilə bağlıdır. Bildiyimiz kimi, idxal olunan məhsulun qiymətləndirilməsi səlahiyyəti də gömrük orqanlarına (əvvəllər broker şirkətinə) məxsusdur. Məhz bu səbəbdən iddia olunur ki, bəzi şirkətlərin gömrük vergi və rüsumlarından yayınması və yaxud da daha az rüsum ödəməsi üçün idxal məhsullarının qiyməti aşağı göstərilir. Qeyd edək ki, bunu əsaslandırmaq üçün adətən “güzgü statistikası” adlandırılan üsuldan istifadə edilir. Biz də bu üsuldan istifadə edərək bəzi rəqəmləri ortaya çıxardıq. Məsələn, Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı statistik göstəricidə qeyd olunur ki, 2015-cü ilin ilk 11 ayı ərzində Azərbaycana ixrac olunan məhsullarının ümumi dəyəri 231,3 milyon dollara bərabər olub (bax-http://geostat.ge/cms/site_images/_files/english/bop/FTrade_11__2015_ENG.pdf). Azərbaycan Gömrük Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, 2015-cü ilin ilk 11 ayı ərzində Gürcüstandan cəmi 58,4 milyon dollar dəyərində məhsul idxal olunub (bax-http://customs.gov.az/files/arayish20150111cap.pdf). İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 11 ayında Azərbaycandan 493,8 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Bu məhsulların 412,8 milyon dolları neft və təbii qazın, həmçinin neft və neft məhsullarının payına düşüb. Azərbaycan Gömrük Komitəsinin məlumatına görə isə bu ilin ilk 11 ayı ərzində Azərbaycan Gürcüstana 343 milyon dollar dəyərində məhsul ixrac edib. Rəqəmlərdən də gösründüyü kimi, iki ölkənin açıqladığı ixrac (Gürcüstandan Azərbaycana ixrac-red.) göstəricilərində 172,9 milyon dollar, idxal (Gürcüstanın Azərbaycandan idxalı-red.) göstəricilərində isə 150,8 milyon dollar fərq var. Qeyd edək ki, digər ölkələrlə müqayisə apardığımız zaman da bu cür fərq ortaya çıxır. Məlumat üçün onu da bildirək ki, daha əvvəl Gömrük Komitəsi tərəfindən bu məsələyə münasibət bildirib. Komitədən verilən açıqlamada qeyd olunub ki, idxal mallarının statistik uçotdan yayındırılmasının fakt kimi göstərilməsi tam yanlış və əsassızdır.

Allahverdi Cəfərov