Gimnastımız 5 medal qazandı

0
516

Bu gün Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulacaq. Komanda və fərdi çoxnövçülük yarışlarının ardından gimnastlar ayrı-ayrı hərəkətlərdə ən güclüləri müəyyənləşdirir.

10 dəst medalın sahibini tapdığı Milli Gimnastika Arenasında Azərbaycan gimnastı Oleq Stepko da mübarizə aparıb. Komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz bu gün daha 4 mükafat uğrunda yarışıb.

O, 4 müxtəlif hərəkətdə – gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda qüvvəsini sınayıb

Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatdı. Gimnastımızla yanaşı, ilk “üçlük”də sloveniyalı Saso Bertonsel (14,966), böyük britaniyalı Brinn Bevan (14,200) yer alıb.

Həlqələrdə hərəkətlərdə Oleq 14,466 xal qazanıb. O, bu nəticə ilə 4-cü pillədə qərarlaşıb. Yunanıstanlı Elefterios Petrouniasın (15,633) çempion olduğu yarışda rusiyalı Nikita İqnatyev (15,333), türkiyəli İbrahim Çolak (15,133) müvafiq olaraq, gümüş və bürünc mükafata yiyələnib.

Dayaqla tullanmada hakimlər idmançımızın ilk cəhdini 14,933, 2-ci yanaşmasını 15,000 xalla qiymətləndirib. Ümumi nəticədə 14,966 xal yığan Stepko 3-cü yeri tutaraq, növbəti dəfə fəxri kürsüyə yüksəlib. Bu bürünc medal onun Bakı-2015-də 4-cü, yığmamızın 32-ci mükafatı olub. O, ukraynalı Oleq Vernyayev (15,266) və hollandiyalı Kazimir Şmidtdən (15,166) geri qalıb.

Sərbəst hərəkətlər kimi turnikdə də finala yüksəlməyən gimnastımızın sonuncu çıxışı paralel qollara təsadüf edib. 15,733 xal qazanan Stepko bütün rəqiblərini qabaqlayaraq, çempion tituluna yiyələnib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan gimnastımız özünün ümumilikdə 5-ci medalına sahib çıxıb. Oleq Avropa Oyunlarını 1 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurub. Bu, yığmamızın 14-ü qızıl olmaqla, 33-cü medalıdı. Təmsilçimiz bu hərəkətdə ən yaxın izləyiciləri rusiyalı David Belyavski (15,700) və rumıniyalı Marius Berbeçar (15,600) qabaqlayıb.

Qeyd edək ki, idman gimnastikası yarışları kişilərin turnikdəki çıxışları ilə yekunlaşacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here