“Geyim və davranış  mədəniyyətinin formalaşmasında ailə tərbiyyəsi mühüm rol oynayır”

748

Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində (Mingəçevir-RQRTM) Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmələrin təlim tərbiyəsində milli dəyərlərə söykənən davranış və geyim mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat və təşviqatın aparılması” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə xanım Cəfərova tədbirdə çıxış edərək qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd müasir gənclərimizdə milli dəyərlərə söykənən gözəl geyinmək zövqünü formalaşdırmaqdır. Onun sözlərinə görə, müasir dövrümüzdə geyim mədəniyyəti milli və dini əsaslara söykənən formasının itirib: “Qadınların geyimində, demək olar ki, dəb anlayışı yoxdur. Kişi geyimlərində isə daha çox monotonluq özünü göstərir. Geyim həm də bir kimlik göstəricisidir. Müasir gənclərimizin çoxu moda qurbanına çevrilib. Kim nə istəyir, özünə uyğun olsa da, olmasa da geyinir. Geyimlər insanın daxili aləminin xarici təzahürüdür”.

Tədbirdə iştirak edən ictimayyət nümayəndələri də bildiriblər ki, son vaxtlar insanların geyimləri bir növ sanki həddini aşmaq dərəcəsinə çatıb. O da qeyd olunub ki, bütün eybəcər geyimlərin və davranışların mənbəyi ailədən qaynaqlanır. Geyim və davranış  mədəniyyətinin formalaşmasında ailə tərbiyyəsi mühüm rol oynayır.

Tədbirdə layihə rəhbəri və iştirakçılar öz çıxışlarında vurğulayıblar ki, tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması həmişə aktual olub.

Esmira Hidayətova