“Get, öz baltamızı gətir”

Yazacağım bu mövzu barədə düşünəndə yadıma bir lətifə düşdü. Onu elə bəri başdan sizinlə bölüşüm ki, sonra yadımdan çıxa bilər. Deməli, belə: bir gün bir kişi oğluna deyir ki, bala, get qonşunun baltasını al gətir, həyətimizdəki ağacları doğrayım. Oğlan qonşuya gedir, lakin az  sonra əliboş, el dilində desək, əli ətəyindən uzun qayıdır və atasına deyir: “Ata, qonşu baltasını vermədi”. Kişi dərindən ah çəkib deyir: “Elə isə, bala, get öz baltamızı gətir”.

Bilmirəm, fikir vermisiniz, ya yox? Son günlər futbol klublarımızda yeni bir ənənənin əsası qoyulub. Belə ki, yaranmış boşluğu legionerlər hesabına doldurmağa və buna küllü miqdarda vəsait xərcləməyə adət etmiş bəzi klublarımız artıq gənc futbolçularımızı, daha doğrusu, əvəzedici heyətlərində oynayanları sıralarına qatmağa, daha doğrusu, onlara şans verməyə başlayıblar. Yəni əgər belə demək mümkünsə, yerli xammaldan istifadə olunmağa başlayıb.

Bu gün bu bir həqiqətdir ki, “Xəzər-Lənkəran” və “Bakı” artıq öz yetirmələri ilə çıxış edir. Halbuki ötən ilin sonunadək gənclərin üzünə baxan yox idi. Onlar həmişə “ofsayd”da olardılar. Hətta bununla bağlı bir gənc futbolçu tanışıma sual verəndə o mənə belə bir maraqlı açıqlama vermişdi: “Tülkü, canavar və ayı dərdləşir. Tülkü deyir, toyuqçuluq fermasında işləyəndə bir toyuğu həzm-radedən keçirdim. Gələn komissiya bu faktı üzə çıxardı, yəni saydılar, gördülər toyuğun biri azdı, məni işdən çıxardılar. Canavar deyir ki, qoyunçuluq fermasında işləyəndə mən xəlvətə salıb bir quzunu yedim. Sonra komissiya gəldi, saydılar, gördülər, quzunun biri azdı, işdən çıxardılar. Növbə ayıya çatanda deyir ki, mən hələ də tikinti firmasında işləyirəm: “Əşşi, orada fəhlələri kimdir sayan?” Tanışım daha sonra söylədiyi lətifədəki “əmma”nı belə açıqladı: “Elə biz də həmən fəhlələrin günündəyik. Bizi kimdir sayan?”

Bəli, son günlər, sözün həqiqi mənasında, onları saymağa başlayıblar. Yenə deyirəm, bu sayğı hələ ki iki komandada – “Xəzər-Lənkəran” və “Bakı”da özünü daha çox büruzə verir. Kim nə deyir, desin, mənim fikrimcə, səviyyəsiz legionerləri heyətə cəlb etməkdənsə, onlara dil tökməkdənsə, elə öz gənclərimizə şans vermək daha yaxşıdır. Burada yeri gəlsə də, gəlməsə də bir haşiyəyə çıxmaq istəyirəm. Ümumiyyətlə, bəzi klublarımızda həftə səkkiz mən doqquz baş məşqçi dəyişdiriləndə, yaxud kluba əcnəbi oyunçular dəvət olunanda hər həftə sökülüb yenidən qurulan yollarımız yadıma düşür. Bu mənada elə bizim bəzi futbol komandalarımız elə yollarımızın günüdədir.

Hə, onu deyirdim axı… Hər iki klubun, əgər belə demək mümkünsə, bu yenidənqurmasındakı bəzi “xırda” nüanslar daha çox diqqəti cəlb edir. Yəni mənim fikrimcə, belə bir addımın atılması onların maddi çətinliklərindən qaynaqlanıb. “Bakı”nın vəziyyəti göz qabağındadır. Bu klubun rəsmiləri belə maliyyə burulğanından əziyyət çəkdiklərini etiraf edirlər. Lakin “Xəzər-Lənkəran”ın rəhbərliyinin qərarı isə, görünür, son vaxtlar çəkilən xərclərə rəğmən klubun gözlənilən nəticələr əldə etməməsindən irəli gəlib. Yəni bunu sadəcə əsəbdən doğan bir qərar kimi də dəyərləndirmək olar. Sözüm bunda yox. Amma onda ki, buradan belə bir nəticə hasil olur ki, gənclərimizin əsas heyətə düşmələri üçün ya klubun maliyyə durumu pisləşməlidir, ya da klub rəhbərliyi çəkilən xərclərdən əndişələnməli, onları müəyyən limit daxilində çalışmağa məcbur etməlidir. Təbii ki, mən heç bir klubun maliyyə durumunun pisləşməsini, ya klub rəhbərliyinin özündən çıxmasının tərəfdarı deyiləm.

Bu yerdə daha bir sual yarandı: “Elə isə bu yolu davam etdirən, daha doğrusu, “Elə isə bala, get öz baltamızı gətir”, – deyən növbəti komandamız hansı olacaq? Amma arzu edərdim ki, növbəti komanda bu kimi vəziyyətlərə düşmədən öncə öz baltasından yararlansın. (Axı onun öz baltası var). Uzun sözün qısası, mən sözümü dedim. Başa düşən də sağ olsun, başa düşməyən də.

QVAMİ MƏHƏBBƏTOĞLU