Get, ey “Neftçi”, sən o “Neftçi” deyilsən

697

Bəli, milli komandamızın baş məşqçisi Robert Prosineçki daşı ətəyindən tökmək niyyətində deyil. Yəni dediyini deməkdədir. Deyir ki, mənə nə deyirsiniz deyin, amma milliyə “Neftçi”dən oyunçu götürməyi tövsiyə etməyin. Çünki izləmişəm, baxmışam və görmüşəm ki, hazırda “Neftçi”də milliyə layiq futbolçu yoxdur. Elə bu səbəbdən iyunun 12-də Norveç millisi ilə oyunu da “Neftçi”siz keçirəcəyəm. Üstəlik, Malta ilə oyunda olduğu kimi sübut edəcəyəm ki, onlarsız qələbə qazanmaq mümkündür.

Şəxsən mən dünya şöhrətli bu kişinin sözlərinin üstünə söz qoymaq niyyətində deyiləm. Nədən ki, millinin sükanı arxasında olan odur. Sükan arxasındakına məsləhət vermək, məncə, doğru deyil. Digər tərəfdən, milli komandanın nəticələrinə məhz o, cavabdehdir. Bu mənada öz oyun fəlsəfəsinə uyğun futbolçular seçmək onun haqqıdır.

Mən elə bilirdim ki, “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov rəhbərlik etdiyi klubu saymadığına görə millinin baş məşqçisinə qarşı üsyan üsyan edəcək, onun dərsini verəcək. Yaxud da bizim məşhur “Qaynana” filminin baş qəhrəmanı Cənnət xanım kimi (bu rolu Nəsibə Zeynalova ifa edir) ağlaya-ağlaya bu sözləri oxuyacaq:

Əzizim bu da məni,

Qul eylər bu da məni.

Gör nə günə qalmışam

Bəyənmir bu da məni.

Amma belə olmadı. Yəni Arif Əsədov milli komandamızın baş məşqçisi Robert Prosineçkinin “Avro-2016″nın seçmə mərhələsində Norveçlə keçiriləcək oyunda “Neftçi”dən heç bir futbolçuya dəvət göndərməyəcəyini çox soyuqqanlı qarşıladı və onun bu fikrinə çox hörmətlə yanaşdığını söylədi. Üstəlik, Arif Əsədov öz oyunçularını quru yuyub yaş sərməklə onlardan narazı olduğunu ağlaya-ağlaya dilə gətirdi. Daha bilmədim, əlində dəsmal var idi, ya yox? Elə ağlaya-ağlaya da Prosineçkinin qapısını döydü. Gözünə döndüyüm Prosineçki  onu heç eyninə almadı. Üstüörtülü şəkildə dedi ki, get, get, “Neftçi” o “Neftçi” deyil… (Bu yerdə xalq arasında artıq formalaşmış: “Get, ey Leyli, sən o Leyli deyilsən” sözləri yadıma düşdü). Arif müəllim də əli ətəyindən uzun qayıtdı öz bazasına…

Bir də qoy Arif müəllim məndən inciməsin, mövcud problemləri özündən əvvəlki məşqçinin üzərinə yıxmaq heç ona yaraşmır. Adama deyərlər, yeni bir komanda formalaşdıraydın… Buna ki, sizin hər cür imkanınız var… Mənə görə, bu gün “Neftçi”nin kubokun finalında olmağı və ilk “üçlük”də qərarlaşmağı elə Arif bəydən əvvəlki baş məşqçinin xidmətidir. Bəli, bu gün gün kimi aydındır ki, “Neftçi”nin bir çox futbolçusu öz potensialından aşağı səviyyədə çıxış edir. Bu isə torbada pişik olmasının əlamətidir. Məncə, həmin pişiyin miyoldacağı gün o qədər də uzaqda deyil.

Bir də bu gün “Neftçi”dən gileylənən təkcə Prosineçki deyil ki… İndi bu klubun azarkeşlərindən də narazılıqlar eşidilməkdədir. (Öz qürub çağını yaşayan “Sumqayıt”la bacarmayan “Neftçi”ni onlar gözlərinin üstündəmi saxlamalıdırlar?) Bəs çıxış yolu nədədir? Bu barədə uzun-uzadı danışmaq istəmirəm: bir tanınmış məşqçinin sözü olmasın, futbolda istefa verib getmək mərdlik əlamətidir. Gözləmək lazım deyil ki, səni qovsunlar.

Qorxuram Arif müəllim, bu yerdə məni qınaya. Üstəlik, sirlərini Prosineçkiyə verməkdə məni ittiham edə. Amma mən heç də belə düşünmürəm. Niyə? Bu yerdə sənətşünas Ziyadxan Əliyevdən eşitdiyim məzəli bir əhvalat yadıma düşdü. Deməli belə: bir heykəltəraşın evində bir rus mənşəli usta təmir işləri görürmüş. Heykəltəraşın yaşlı anası da evdə ora-bura vurnuxur, vaxtının çoxunu ustanın ətrafında keçirirmiş. Heykəltərəş bundan əsəbləşir və deyərmiş ki, bir az kənarda otur, əl-ayağa dolaşma. Xəbərdarlıqlara baxmayaraq, anası ustanın yanından əl çəkmir və bu vaxt ondan adama utanc gətirici daxili “səs” çıxır. Bunu eşidən oğlu ona: “Hə, gördün neylədin?” – deyir. Anası da halını pozmadan sakitcə: “Əşi, rusdur, nə başa düşür?” – cavabını verir. İndi o ananın sözü olmasın, ay Arif müəllim, xorvat məşqçi Prosineçki mənim dediklərimi nə başa düşür ki?

Qvami Məhəbbətoğlu