General Yamasitanın xəzinəsi (4)

Yeni tapıntı beynəlxalq aləmdə də güclü əks-səda verərək, yenidən diqqəti Yamasitanın qızıllarına yönəltdi. Bu dəfə də mətbuatda Yamasitanın fantastik məbləğdə olan gizlədilmiş xəzinəsi barədə çoxsaylı yazılar dünya mətbuatının və milyonlarla oxucunun ən sevimli mövzularından birinə çevrildi. Yenidən minlərlə filippinlini, o cümlədən xaricdən gələn dəfinə axtaranları Filippinin Yamasitanın xəzinəsi olduğu ehtimal edilən yerlərdə əziyyətli axtarışlar etməyə məcbur elədi. Bununla bağlı Filippin qəzetləri yazırdılar ki, ölkədə qazılmayan yer qalmayıb, hər yeri axtarırlar, belə davam etsə, biz qazıntılardan sonra xarabazara çevriləcəyik.
Markosdan etiraf

Ölkəni vaxtilə idarə edən Markos vəzifədən gedəndən sonra özü haqqında deyilənlərə, o cümlədən Yamasitanın qızıllarının axtarışı və onun bir hissəsinin tapılması barədə yazılanlara reaksiya vermədi. Çünki hakimiyyətdən getdikdən sonra özünü kifayət qədər rahat hiss edirdi və cah-calal içində yaşamaqda, sonralar özü demişkən, “kef çəkməkdə” idi. Amma gözlənilmədən hadisələr eks- prezidentin arzu eləmədiyi istiqamətdə getməyə başladı. Buna da səbəb eks-prezidentin vəzifəsindən sui-istifadə etməkdə, dövlət malını çapıb-talamaqda, rüşvət almaqda günahlandırılması oldu. İşin tədricən məhkəməyə gedib çıxacağını görən Markos dərhal özünü təmizə çıxartmaq üçün Yamasitanın xəzinəsi kartını işə saldı. O bildirdi ki, Yamasitanın xəzinəsinin bir hissəsini tapıb və onunla da varlanıb. Halbuki o bununla bağlı uzun illər susmağa üstünlük verirdi. Markos özünün kasıb əyalət müəlliminin oğlu olması və bu qədər var-dövləti haradan yığması ilə bağlı üzərinə invanlanan ittihamlara verdiyi cavabında : “Mən vaxtilə Yamasitanın qızıllarının bir hissəsini tapmışam və bununla da varlanmışam. Var-dövləti hökuməti çapıb-talamaqla, vəzifəmdən sui-istifadə etməklə qazanmamışam. Mən Buddanın qızıl heykəlini tapdım və bu mənə milyardlar gətirdi”,-demişdi.

Halbuki Buddanın qızıl heykəli çilingər Roxos tərəfindən tapılmışdı və sonra o, məhz Markosun göndərdiyi polislər tərəfindən yazıq çilingərin evində aparılan axtarışlardan sonra ölkə prezidentinin xeyrinə müsadirə edilmişdi. Bütün hallarda Markosun verdiyi bu açıqlama yenidən əsl sensasiyaya səbəb oldu. Amma Markos ağırlığı bir tona yaxın olan Buddanın qızıl heykəlini hara etdiyini söyləmədi. Ola bilsin ki, Buddanın qızıl heykəlini doğrayaraq qızıl külçə kimi bazara çıxarmış, ya da onu gizli şəkildə İsveçrə bankına qoymuşdular.

Prezidentin həyat yoldaşı ittihamları rədd edir

Markos öləndən sonra onun var-dövləti ətrafında mübahisələr yenidən qızışdı. Belə ki, hökumət orqanları bütün hallarda keçmiş prezidentin dövlət xəzinəsini çapıb-talamaqla məşğul olması və irihəcmli rüşvət alması barədə çoxsaylı faktları ortaya qoydu. Bu isə ən azından Markosun varislərinin əmlaklarının, var-dövlətlərinin müsadirə edilməsi anlamına gəlirdi. Vəziyyətin  pisləşdiyini və böyük sərvətdən əllərinın çıxmaqda olduğunu anlayan mərhum prezidentin(Markosun) dul arvadı İmelda bu dəfə də Yamasitanın qızılları ilə bağlı açıqlama verməyə məcbur oldu. O, bəyan etdi ki, mərhum əri var-dövləti Yamasitanın xəzinəsini taparaq əldə edib və bu xəzinənin qiyməti isə on milyardlarla ölçülür. İmeldanın sözlərinə görə, mərhum həyat yoldaşı Markos müharibə dövründə Yaponiyaya qarşı aparılan partizan müharibəsində iştirak edib: “Ferdinand Markos həmin dövrdə partizan dəstələrindən birinə rəhbərlik edirdi. II Dünya müharibəsinin sonunda onun başçılıq etdiyi partizan dəstəsi gözlənilmədən Yamasitanın gizlətdiyi xəzinəyə rast gəlib. Ərim prezident seçilənə kimi də tapdığı qızılların və qiymətli daş-qaşların alveri ilə məşğul olurdu. Amma xəzinə tapdığını olduqca gizli saxlayırdı, çünki buna görə onu öldürə, qızıllarını və digər qiymətli daş-qaşlarını əlindən ala bilərdilər. Biz həmin xəzinə əsasında varlandıq”,-deyib. Amma İmelda çilingər Roxosun tapdığı və əri tərəfindən zorla əlindən alınan Buddanın qızıl heykəli barədə susmağa üstünlük verir. Halbuki  bu qızıl heykəlin, həqiqətən də, olduğunu Markos özü hələ sağlığında ikən verdiyi açıqlamasında sübut etmişdi. Əslində mərhum ərindən fərqli olaraq, İmeldanın çilingər Roxosdan müsadirə edilən Buddanın qızıl heykəli barədə susması da səbəbsiz deyildi. Çünki onun Buddanın qızıl heykəlinin var olduğunu söyləməsi hakimiyyət orqanlarına Roxosa məxsus tapıntının Markos tərəfindən müsadirə olunması barədə məsələ qaldırmağa imkan verərdi. Bunu İmlelda – eks-prezidentin dul arvadı yaxşı bildiyi üçün Buddanın bir tona yaxın qızılı barədə susmağa üstünlük vermişdi.

Amma Filippin hakimiyyət orqanları İmeldanın açıqlamalarının doğru olmasına inanmırdılar. Onlar mərhum prezidentin dul arvadının əsas məqsədinin Markosun dövləti çapıb-talamasından və vəzifəsindən sui-istifadə etməsinin üstünü örtmək olduğu qənaətinə gəlmişdilər. Filippinin məhkəmə orqanları bu əsasda da mərhum prezidentin ailəsinə qarşı dövlət əmlakını çapıb- talamaya görə 5 milyard dollar həcmində cinayət işi qaldırmışdılar. Filippinin baş prokuroru Fransisko Çaves açıq şəkildə bildirmişdi ki, mərhum prezidentin dul həyat yoldaşı İmelda da daxil olmaqla ailəsi Yamasitanın xəzinəsi adı altında Markosun dövlət əmlakını mənimsəməsi və xalqa qarşı fırıldaqlarını gizlətmək istəyirlər.

Keçmiş qubernatorun açıqlaması

Ferdinand Markosun hakimiyyəti dövründə Kirini vilayətinin qubernatoru işləyən Orlando Dulay mətbuata verdiyi açıqlamasında Yamasitanın qızılının axtarışı ilə bağlı bəzi məqamlara aydınlıq gətirdi. O, qeyd etdi ki, 20 illik hakimiyyəti dövründə Markos tərəfindən yaradılan xüsusi axtarış qrupu ölkənin hər yerində Yamasitanın qızıllarının yerini axtarıb. Dulayın sözlərinə görə, Markosun axtarış qrupu Yamasitanın xəzinəsinin azı  30 faizini (təxminən 60 milyard dollar) tapmağa nail olmuşdu. Nəticədə tapılmış xəzinədəki qızıl  külçələr, o cümlədən manatlar, heykəllər gizli şəkildə xaricə aparılaraq oradakı banklara qoyulmuşdu. Dulay: “ Xəzinə axtarışı zamanı Buddanın bir deyil, bir neçə qızıl heykəli tapılmışdı. Bu qızıl heykəllər vaxtilə Yaponiya ordusu tərəfindən işğal edilən Cənub- Şərqi Asiyadakı məbədlərdən ələ keçirilmişdi.  Bundan əlavə, xəzinədə çoxlu sayda qızıl külçələr, yapon qızıl manatları, qiymətli daş-qaşlar, qızıl taclar, brilyant qolbaqlar və digər əşyalar vardı. Xəzinə adətən, əsasən gecə vaxtı maşınlara yüklənir, yalnız Markosa və ailə üzvlərinə məlum olan istiqamətə yola salınırdı. Xəzinənin maşınlara yüklənməsi prosesində Markos özü də şəxsən iştirak edirdi”,-demişdi. Yeri gəlmişkən, onu da xatırladaq ki, Orlando Dulay Markosun hakimiyyəti dövründə etiraz aksiyası keçirən dinc əhaliyə amansız divan tutulmasında iştirak etmişdi. Ona görə də Dulay ömürlük həbs cəzasına məhkum edilmişdi. Dulayın Yamasitanın Markos tərəfindən tapılan xəzinəsi barədəki açıqlaması isə növbəti sensasiyaya səbəb oldu. Ancaq həbsdə yatan Dulayın yalan, yoxsa doğru dediyini sübut etmək mümkün olmadı. Buna paralel olaraq, həmin dövrdə Yamasitanın xəzinəsinin axtarışı yenə də davam etdirildi. Ara-sıra ölkənin müxtəlif yerlərində əhali tərəfindən təsadüf nəticəsində Yamasitanın xəzinəsinə aid olduğu ehtimal edilən qiymətli qızıl əşyalar tapılırdı.

Əziz Mustafa