General Yamasitanın xəzinəsi (4)

General Yamasitanın xəzinəsinin varlığı ilə bağlı növbəti versiya “Mayniti deyli nyus” qəzeti tərəfindən irəli sürüldü.
 Qəzetin iddiasına görə, bir müddət əvvəl tapılmış xəritədə general Yamasitanın 800 ton qızılı Maniladan 112 kilometr cənubda, Kalataqan körfəzinin dibində gizlədilib. Gizlədilən qızılın həcminin isə azı 8 milyard dolllardan çox olduğu ehtimal edilir. Bundan əlavə, qəzet yazırdı ki, Kalataqanda dənizin dibində həmçinin suburaxmaz qutularda mühüm gizli sənədlər, o cümlədən Yaponiyanın bölgə ölkələrindəki gizli kəşfiyyatı üzvlərinin siyahısı gizlədilib. “Mayniti deyli nyus” qəzetinin məlumatı o qədər inandırıcı görünürdü ki, Filippin hökuməti dərhal Kalataqan körfəzinin dibində axtarışlar aparmaq qərarına gəldi. Axtarışlara tanınmış dalğıclar, mühəndislər cəlb edilmişdilər. Onlar müasir texnikanın son nailiyyətlərindən, o cümlədən lazer detektorundan istifadə edirdilər. Lakin ekspedisiya üzvləri axtarışları başa çatdıra bilmədilər. Buna səbəb ətraf ərazilərdə yaşayan naməlum terrorçuların ekspedisiya üzvlərinə tez-tez basqınlar etməsi, onların yaşadıqları çadırları yandırması, ərzaqların müsadirə etməsi və texniki avadanlıqları sındırması idi. Bu isə körfəzin dibində axtarışlar həyata keçirənlərə işi sona çatdırmağa, dənizin dibini əməlli-başlı axtarmağa imkan vermədi. Bu naməlum terrorçular kimlər idi və onlar nə üçün körfəzin dibində general Yamasitanın qızıllarının axtarışına imkan vermirdilər? Bu suala cavab tapmaq isə mümkün olmurdu. Çünki olduqca yaxşı manevr etməyi bacaran naməlum terrorçular ordu əsgərlərindən qaçıb gizlənə bilirdilər. Bununla bağlı filippinli generallardan biri belə demişdi: “Naməlum terrorçular bacarıqlı, yaxşı təlim keçmiş professional kəşfiyyatçı qruplarını xatırladırdılar. Onlarla bacarmaq, demək olar ki, mümkün deyildi. Onların bir nəfərini belə, ələ keçirə bilməmişdik. Bu naməlum silahlılar ordu ilə döyüşməkdən çəkinirdilər və ya itki verməkdən ehtiyat edirdilər. Ola bilsin ki, bu silahlılar heç filippinlilər də deyildilər. Yoxsa, əsgərlərimizlə döyüşlərdən çəkinməzdilər. Bəlkə onlar da Kalataqanın dibindən general Yamasitanın qızıllarını axtarırlar.” 

Yaponlar da xəzinə axtarırlar

Əslində filippinli generalların sözlərində həqiqət də ola bilər. Belə ki, Yaponiyada xüsusi təlim görən və ən keçilməz cəngəlliklərdə belə, illərlə yaşamağa qadir xüsusi qrupların keçmiş müstəmləkə ölkələrinə göndərildiyi barədə vaxtilə Qərb mətbuatında yazılar getmişdi. Bu yazıların hamısında belə bir fikir vurğulanırdı ki, Yaponiya hökuməti Filippində və digər Cənub- Şərqi Asiya ölkələrində gizli xəzinələr, daha dəqiq desək, general Yamasitanın qızıllarını axtarır. Belə ehtimal etmək olar ki, Filippində də hansısa gizli missiyanı həyata keçirən və bu zaman ordu əsgərləri ilə döyüşlərə girmək istəməyən dəstə də məhz Yaponiyadan və ya xarici ölkələrin birindən göndərilib. Onların məqsədi həm də qızıl axtarışları ilə də əlaqəli ola bilərdi. Aydın məsələ idi ki, Yaponiya hökuməti general Yamasitanın xəzinəsini taleyin hökmünə buraxa bilməzdi. Yenə də bəzi məlumatlara görə, Yaponiya rəsmilərinin rəsmi şəkildə general Yamasitanın ümumi məbləği indiki pulla bir trilyon dollardan artıq olan xəzinənin axtarışından kənarda qalması ağlabatan görünmür. Hər halda Filippində general Yamasitanın xəzinəsinin olduğu ətraf ərazilərdə naməlum silahlı dəstələrin birdən-birə peyda olması və onların xəzinə axtarışını həyata keçirənlərə hücumlar etməsi və buna mane olma cəhdlərinin təsadüfi olduğuna inanmaq sadəlövhlük ola bilərdi. Yenə də bəzi məlumatlara görə, Yaponiya hökuməti tərəfindən generalın Filippində gizlətdiyi xəzinənin 50 milyard dollardan artıq hissəsi tapılaraq gizlicə Tokioya aparılıb. Hər dəfə belə məlumatlar gündəmə gələndə Filippin hökuməti dərhal polisi və daxili qoşunları hərəkətə gətirir və generalın xəzinəsinin olduğu ehtimal edilən onlarla obyekt və onun ətrafında təhlükəsizlik tədbirləri həyata keçirirdi. Qeyd edək ki, naməlum silahlı dəstələrin dəfələrlə xəzinə yeri axtaranlara qarşı cəza tədbirləri həyata keçirməsinə baxmayaraq, xəzinə axtaranların sayı günümüzdə belə azalmayıb.

 

Varlı şirkətlər də xəzinəni axtarırlar

Filippində gizlədilən general Yamasitanın xəzinəsinin yerini yalnız ayrı-ayrı adamlar, dəfinə axtarışları həvəskarları deyil, həm də ABŞ və Yaponiyanın məşhur şirkət və firmaları da axtarırdılar. Onlar xüsusi axtarış qrupları təşkil edərək oraya ən tanınmış mütəxəssisləri dəvət etmişdilər. Təbii ki, bu axtarış qruplarının xəzinə axtarışı arealı də geniş idi. Onlar, demək olar, Filippinin hər yerində, o cimlədən Aru adasında geniş axtarış işlərini həyata keçirirdilər. Belə güman edilir ki, generalın xəzinəsi başqa yerdə deyil, məhz Aru adasında gizlədilib. Belə ki, generalın qərargahı vaxtilə, daha doğrusu, Yaponiyanın təslim aktını imzalamasından bir az əvvəl Aru adasında yerləşib. Axtarış qrupları bununla bağlı Filippin hökumətindən razılıq və ya daha dəqiq desək, lisenziya almışdılar. Əgər onlar xəzinənin yerini tapsaydılar, onda onun müvafiq hissəsini hökumətə verəcəkdilər. Lakin axtarış qruplarının üzərində Filippin hökumətinin nəzarəti yox idi. Ona görə də onların xəzinənin yerini tapıb-tapmadıqları barədə dəqiq məlumatlar yoxdur. Buna baxmayaraq, onlarla lisenziyalı dəfinə axtaran qruplar Filippində general Yamasitanın xəzinəsinin yerini axtarmaqla məşğuldurlar. Yeri gəlmişkən, onu da deyək ki son illərdə dəfinə axtaranlar Yamasitanın xəzinəsinin izlərini artıq Pasiq çayı ətrafında da axtarırlar. Bəzi ehtimallara görə, general xəzinənin bir hissəsini məhz Pasiq çayı ətrafında gizlədib. Nəticədə Pasiq çayı ətrafı və çayboyu ərazilər dəfinə axtaranlar tərəfindən xarabalıqlara çevrilib.

Müəmmalı general

1988-ci ilin fevral ayında Filippinə ABŞ-ın ehtiyatda olan 65 yaşlı generalı Con Sinqlaub gəldi. O dərhal Filippin Prezidenti ilə görüşərək, ondan Yamasitanın qızıllarının yerini axtarmasına icazə verməsini xahiş etdi. Filippin rəhbərliyi ABŞ hərbçiləri ilə yaxşı münasibətdə idi və ona görə də onlar generala Yamasitanın dəfinəsini axtarmasına etiraz etmədilər. Bununla bağlı “Nyusuik “ qəzeti generalın Filippinə xəzinə axtarışı ilə bağlı getdiyini və artıq  axtarışlara başladığı barədə geniş məlumat verdi. General yapon şirkətlərindən “Hippon star”la anlaşaraq, Manila yaxınlığındakı Makilinq dağı rayonunda axtarışlara başladı. Amma sonra general axtarışları Luson adasının cənub hissəsinə keçirdi. Generalın dəfinəni tapıb-tapmadığı barədə dəqiq məlumat yoxdur. Amma ortada şübhəli məqamlar kifayət qədərdir. Belə ki, general gözlənilmədən axtarışları dayandıraraq, Filippini tərk etdi. Onun bunu nəyə görə etdiyi məlum deyil. Bəzi məlumatlara görə, general xəzinənin bir hissəsini tapıb. Bəzi ehtimallara görə isə, generalın qəfildən Filippində axtarışları dayandırması ABŞ xüsusi xidmət orqanları tərəfindən ona edilən xəbərdarlıqla bağlı olub. Bu günə kimi də generalın gözlənilmədən Filippində axtarışları dayandırması barədə çoxsaylı ehtimallar dolaşmaqdadır.

480 milyon dollarlıq platin külçələr 1995-ci ildə generalın xəzinəsinin axtarışları ilə bağlı daha bir sensasiyalı məlumat yayıldı.

Məlum oldu ki, Yamasitanın xəzinəsinə məxsus olan və mütəxəssislər tərəfindən 480 milyon dollar dəyəri olduğu vurğulanan iki ton  platin külçə tapılıb. Bununla bağlı hadisə yerindən məlumat verən “Samounq” jurnali yazmışdı ki, 20 metr dərinlikdən çıxarılan böyük yarısferik platin külçəsi xüsusi konteynerlə ölkə xəzinəsinin saxlanıldığı binaya gətirilib. Öz növbəsində, Filippin Milli Tədqiqat Bürosu mütəxəssisləri bəyan etdilər ki, tapılan iki ton ağırlığında olan platin generalın xəzinəsinin bir hissəsidir. Filippin Milli Tədqiqat Bürosu rəhbəri Epimako Volaskonun sözlərinə görə, platin külçə xüsusi plastik örtüklə örtülmüşdü. Hazırda da Filippində generalın əfsanəvi xəzinəsi yeri axtarılmaqdadır. Şübhəsiz ki, ötən müddət ərzində xəzinənin böyük hissəsi tapılıb. Bununla belə hazırda xəzinnin tapılmamış hissəsinin ən azı 200 milyard dollar dəyəri olduğu ehtimal edilir. Belə başa düşmək olar ki, generalın xəzinəsinin yeri hələ uzun illər axtarılacaq…

Son

Əziz Mustafa