General Yamasitanın xəzinəsi – 2

507

Matsunobe sübut etməyə çalışırdı ki, general milyardlarla dollar dəyərində olan xəzinəni, həqiqətən də, Fillippində gizlədib. Amma bununla belə xəzinənin dəyəri ilə bağlı fikir ayrılıqları var. Məsələni araşdıran bir çox tədqiqatçılar xəzinənin dəyərinin az olduğu qənaətindədirlər. Hətta xəzinənin olması ehtimalı belə, şübhə altına alınır. Belə ki, Yaponiyada nəşr edilən məşhur “Syukan Sinte” nəşri mayor Matsunobenin xatirələrini dərc etsə də, bununla bağlı fərqli nəticə çıxarıb. “Syukan Sinte” iddia edib ki, mayor Matsunobenin danışdıqları daha çox nağılı xatırladır və o, şəxsən xəzinənin gizlədilməsində iştirak etmədiyi üçün söylədikləri həqiqət kimi qəbul edilə bilməz. “Syukan Sinte” yazır ki, ümumiyyətlə, Yamasitanın xəzinəsi olmayıb və bununla bağlı danışılanlar mifdən başqa bir şey deyil. “Syukan Sinte”: “Yamasitanın qızıllarını Filippində, dənizin dibində, ümumiyyətlə, heç yerdə axtarmaq lazım deyil. Çünki belə bir xəzinə, ümumiyyətlə, olmayıb”, – deyə yazır.

Əslində “Syukan Sinte”nin mövqeyi başa düşüləndir. Nəşr bununla da generalın qızıllarının axtarışlarına mane olmaq istəyir. Çünki yaponlara məxsus xəzinənin tapılmasından və başqaları tərəfindən mənimsənilməsindən ehtiyat edir. Lakin nəşr unudur ki, Yamasita tərəfindən işğal edilmiş ərazilərdə talanan çoxlu sayda qızıl, gümüş və digər dəyərli əşyalar, həmçinin Yaponiyadan ordunun ehtiyacları üçün göndərilən qızıl və gümüş manatlar xüsusi anbarda toplanmışdı. Onların hamısı səliqə ilə xüsusi dəmir yeşiklərə yığılmış və möhürlənmişdi. Bu xəzinəni isə Yaponiyaya aparmaq mümkün olmamışdı. Bəs onda general Yamasitanın xəzinəsi hara olmuşdu? Bu xəzinə izsiz-soraqsız yoxa da çıxa bilməzdi. “Syukan Sinte”nin iddia etdiyi kimi, mayor Matsunobenin yalan danışmasına gəlincə, bu məsələdə də nəşr qərəzli mövqe tutub və düşünülmüş şəkildə iz itirməyə cəhd edib. Çünki Matsunobeyə, həqiqətən də, xəzinənin varlığı məlum idi. Amma Matsunobe xəzinənin gizlədilməsində iştirak edə bilməzdi. Mayor yaxşı bilirdi ki, xəzinənin gizlədilməsində iştirak edənlər öldürüləcəklər. Ona görə də mayor həyatını riskə atmayıb. Amma, şübhəsiz ki, o, xəzinənin gizlədildiyi yerləri təxmini də olsa bilirdi. Bu baxımdan “Syukan Sinte”nin xəzinə ilə bağlı məsələni ört-basdır etməyə çalışması və onun, ümumiyyətlə, olmadığını iddia etməsi gülünc təsir bağışlayır.

 

“Sirli Pedro”

Filippində də Yamasitanın gizlədilmiş xəzinəsi ilə bağlı  60 ildən  artıq bir müddət ərzində araşdırmalar gedir. Filippində belə hesab edirlər ki, xəzinə əslində filippinlilərə məxsusdur və onlar yapon işğalından daha çox zərər görən ölkələrdən biridirlər. Ona görə də Filippin hökuməti o dövrdə Yamasita tərəfindən əsir alınan və sonradan sağ qalan filippinlilərin hamısını müəyyən edərək, onların ifadələrini alıb. Amma araşdırmalar zamanı məlum olub ki, məhz xəzinənin gizlədilməsində iştirak edən əsir filippinlilərin, demək olar, hamısı güllələnib. Yapon əsirliyindən sağ qurtaran filippinlilər isə xəzinə barədə yalnız ağızdan-ağıza keçən şayiələr əsasında məlumata malik olublar. Ona görə də Filippin hökumətinin general Yamasitanın   xəzinəsini axtarması uzun illər ciddi nəticələr vermədi. Axtarışlar zamanı, düzdür, müxtəlif yerlərdən vaxtilə Budda məbədlərindən talanan qızıldan tökülmüş heykəllərə və digər qızıl-gümüş əşyalara rast gəlmək mümkün oldu. Amma tam mənada Yamasitanın dəyəri milyardlarla dollar dəyərində olan xəzinəsinin yerini müəyyən etmək mümkün olmadı. General Yamasitanın qızıllarının axtarışı davam etdiyi bir vaxtda gözlənilmədən özünü Pedro adlandıran və əsl adı günümüzdə belə, gizli saxlanılan bir filippinli peyda oldu. O, Filippin Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Emmanuel  Sorianoya bildirdi ki, generalın qızıllarının yerini bilir. Pedro öldürüləcəyindən ehtiyat edərək, uzun illər bu sirri gizli saxladığını, ancaq həmişə buna görə vicdanının onu rahat buraxmadığını söylədi. Pedro  Emmanuel Sorianoya: “1944-cü ildə  Santyaqo fortundakı hərbi əsir düşərgəsində idim. O vaxt bizi gecə yarısı oyadaraq sıraya düzdülər və mühüm bir tapşırığı yerinə yetirəcəyimizi, bundan sonra isə azad edəcəklərini bildirdilər. Nə üçünsə dərhal ürəyimə şübhə doldu və bu tapşırığı yerinə yetirəndən sonra  bir daha sağ qalmayacağımı sanki kimsə qulağıma pıçıldadı. Ona görə də qərara aldım ki, tapşırıq yerinə yetiriləndən sonra imkan tapan kimi qaçım. Biz üstü möhürlü ağır yeşikləri maşınlara yükləyərək, yaxınlıqda nə üçünsə öncədən qazılan dərin şaxtanın yanına gətirdik. Biz yeşikləri maşınlara yükləyəndə yapon zabitlərin öz aralarında danışdıqlarından başa düşdüm ki, qiymətli yük qızıl külçələrdən ibarətdir. Maşınlara 140 yeşik qızıl külçə yükləmişdik. Onları 40 metr dərinlikdə şaxtaya boşaltmağa başladıq”,-deyir.

Daha sonra Pedro yoldaşlarının güllələndiyini, ancaq öncədən hazırladığı plan əsasında diqqətdən yayınaraq qaça bildiyini geniş şəkildə təsvir edir. O hətta xəzinənin gizlədilməsində iştirak edən əsir filippinli yoldaşlarının güllələndiyi yeri belə, axtarış qrupuna göstərir. Həqiqətən də, Pedronun göstərdiyi yerdə 100 nəfərdən artıq güllələnərək xəndəklərə doldurulan filippinli əsirlərin qalıqları tapıldı. Pedronun dediklərini digər mənbələrdən alınan məlumatlar da təsdiq etdi. Ona görə də 1988-ci ildə Filippin Prezidenti Korason Akinonun xüsusi göstərişi ilə Pedronun dediyi yerdə gizli şəkildə qazıntılar başladı. Qazıntılara Akinonun göstərişi ilə Soriano rəhbərlik edirdi. General Yamasitanın xəzinəsinin axtarışı ilə bağlı aparılan qazıntı işlərinə  ABŞ-dan olan və xəzinə axtarışı üzrə ixtisaslaşan və bu sahədə böyük təcrübəyə malik xüsusi axtarış qrupu da cəlb edilmişdi. Qeyd edək ki, xəzinənin axtarışı ilə Filippin hökumətinin bu işdə böyük təcrübəsi olan axtarış qrupu da cəlb edilmişdi. Axtarış qrupuna rəhbərlik isə təcribəli Robert Kertisə tapşırılmışdı. Kertis hələ ötən əsrin 60-70-cı illərində ölkə rəhbərliyinin göstərişi ilə general Yamasitanın xəzinəsinin axtarışına cəlb edilmişdi. O bu sahə üzrə Filippin hökumətinin ən inanılmış və etibarlı adamı hesab edilirdi. Amma qazıntılar uzanır, uzandıqca da generalın xəzinəsinin yerinin tapılmasına olan ümidlər azalırdı. Buna baxmayaraq, Soriano qazıntıların davam etdirilməsinə və bunun sonda uğurla nəticələnəcəyinə Prezident Akinonu inandıra bilmişdi. Bir neçə ay davam edən qazıntılardan sonra generalın xəzinəsinin izinə düşmək mümkün olmadı. Qazıntılar zamanı bu işə cəlb edilən şahid Pedro isə sübut etməyə çalışırdı ki, 140 yeşik qızıl külçə məhz həmin ərazidə gizlədilib. Lakin xəzinədən əsər-əlamət yox idi. Ona görə də qazıntıların dayandırılması qərara alındı. Pedronu Filippin xüsusi xidmət orqanları yenidən sorğu-suala tutaraq, onun yalan danışıb-danışmadığını müəyyən etməyə çalışdılar. Amma hətta insanın dözməsi mümkün olmayan ağır işgəncələr altında belə, Pedro 140 yeşik qızıl külçənin həmin yerdə şaxtaya doldurulduğunu iddia etməkdə davam edirdi. Ola bilsin o, yeri səhv salmışdı və ya sonradan həmin yerdən qızıl külçə dolu yeşikləri kimsə çıxarıb aparmışdı. Bunu heç kim bilmirdi. Yenə də həmin dövrdə Filippində yerli dili yaxşı bilən və ölkə əhalisindən heç nə ilə fərqlənməyən gizli yapon axtarış qrupunun generalın xəzinəsinin yerini axtardığı barədə çoxlu sayda şayiələr dolaşmaqda idi. Ola bilsin ki, hər şeydə diqqətli olan yaponlar xəzinəni aşkar edərək  haraya isə aparmış və ya hansı yollarlasa ölkədən çıxarmışdılar. Amma bunu sübut etmək üçün ortada fakt yox idi. Bununla belə, dilinin bəlasına düşən tək Pedro olmadı. Filippin Prezidenti Korason Akino xəzinənin tapılmadığına görə məsləhətçisi Sorianonu cəzalandırdı. Soriano vəzifəsindən azad edilərək, onun üçün təhqir hesab ediləcək bir işi görməyə məcbur edildi. Pedronun sonrakı taleyinin necə olduğu isə məlum deyil. Çünki onsuz da onun adı olduqca gizli saxlanılırdı. Bu baxımdan Pedronun sağ qalıb-qalmaması, ümumiyyətlə, belə bir adamın olub-olmaması heç kimi maraqlandırmadı. Bununla belə, Filippində general Yamasitanın xəzinəsinin axtarışı bundan sonra da davam etdirildi.

Əziz Mustafa