General son əmrini verdi

579

Akademik Milli Dram Teatrında “Generalın son əmri” tamaşasının premyerası keçirilib.

… Böyük Vətən Müharibəsi generalı dördotaqlı mənzildə yaşayır. Onun oğlan nəvəsi isə həmin binanın zirzəmisində. Nəvələrinin mülk iddialarına generalın cavabı belə olur: “Qoy Qız qalasının üstündə nar ağacı bitsin, yəni 40-cı illərdə qoyub gəldiyi sevgilisi gəlsin, həsrətə son qoysun”. Məhz bundan sonra generalın vəsiyyətnaməsinə əsasən mülk və əmlak onların ixtiyarına keçəcək. General iyirminci yüzilliyin 90-cı illərində yaşasa da, onun dünyaya baxışı 30-40-cı illərin ab-havasındadı. Günlərin bir günü vaxtilə repressiya qurbanına çevirdiyi, ailəsini Qazaxıstana sürgün elətdirdiyi bir şəxsin qızı ondan qisas almağa gəlir. Amma nəticədə onun bu niyyəti gözündə qalır və generaldan “dərs alıb” qayıdır. Bu hadisə generalın son əmrinin açıqlanmasını tezləşdirir. Bəs daha sonra nələr baş verir? “Generalın son əmri”nə baxsanız, bu suala asanlıqla cavab tapa bilərsiniz.

“Generalın son əmri” ilə bağlı onu da vurğulayaq ki, tamaşada videoinstalyasiyadan da ustalıqla istifadə olunub. Tamaşanın musiqisi süjet xəttinin ruhu ilə həmahəng səslənir. Elə rəssam işi barədə də bu sözləri demək olar. Tamaşada bugünlə səsləşən replikalar da maraqlı və düşündürücüdür

Qeyd edək ki, bu il 75 yaşını qeyd etdiyimiz şair, dramaturq, publisist Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında hazırlanmış “Generalın son əmri”nə Xalq artisti Ramiz Həsənoğlu quruluş verib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşada Əməkdar artistlər Füzuli Hüseynov (General), Sabir Məmmədov (Oğul nəvə), Dilarə Əliyeva (Qız nəvə), Almaz Amanova (Qisasçı qadın), Ayşad Məmmədov (Cəllad), Hicran Nəsirova (Bibi), Əjdər Həmidov (Polis), Telman Əliyev (Serjant), Sənubər İsgəndərova (Məşuqə), İlham Hüseynov (Şeypurçu əsgər) Pərviz Məmmədrzayev (Fərari) və aktyor Rövşən Kərimduxt (Qonşu oğlan) çıxış ediblər. Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Qvami Məhəbbətoğlu