Gender əsaslı ayrı-seçkilik

0
326

 

 BMT-nin keçmiş baş katibi  Kofi Annan demişdi ki, gender bərabərliyi özü-özlüyündə bir məqsəd olmasından əlavə, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtdir.

 Hamımıza yaxşı məlumdur ki, gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır.

“Gender” termininin bir çox tərifi məlumdur. Ümumiləşdirilmiş şəkildə gender anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur. Qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir. Gender bərabərliyinə həmişə müxtəlif baxışlar olmuşdur. Belə ki, cinslərin sosial bərabərlik nəzəriyyəsini qəbul etməyənlər və gender konsepsiyasının tənqidçiləri də mövcuddur. Onların əsas arqumenti odur ki, qadın və kişilərin təbiəti fərqlidir və bu fərqlər yalnız fizioloji deyil, psixoloji sahəni də əhatə edir. Belə tənqidi nəzəriyyənin tərəfdarları iddia edirlər ki, texniki və texnoloji tərəqqiyə baxmayaraq, elə fəaliyyət sahələri mövcuddur ki, orada əsasən qadınların və yaxud kişilərin çalışmaları daha məqsədəuyğundur. Gender nəzəriyyəsinin tənqidçilərinə görə cəmiyyətdə kişi və qadınlar arasında fəaliyyət sahələrinin psixoloji amillərə əsaslanan bölümü hər iki qrupu daha xoşbəxt edə bilər. Tənqidçilər gender probleminin həlli yolunu inkişaf üçün eyni şəraitin yaradılmasında görürlər. Onların fikrincə cəmiyyət üçün belə yanaşma daha əhəmiyyətlidir. Bu baxışlara görə, gender probleminin həlli qadınları qadın kimi, kişiləri isə kişi kimi xoşbəxt etməkdən keçir.

Bölgədə yaşayan bir çox savadsız qadınların hüquqlarının tez-tez pozulmasının zaman-zaman şahidi olmuşuq.  Onu da qeyd etməyə dəyər ki, ilk növbədə qadın – gələcəyin təminatçıları olan övladlar dünyaya gətirir və onların böyüyüb boya-başa çatmasında əllərindən gələn səyləri əsirgəmirlər. Buna görə də, cəmiyyətin əsas qurucu qüvvəsi elə məhz qadınlardır. Təəssüflər olsun ki, cəmiyyətdə bir çox insanlar qadınların bu gücünü heçə sayaraq onlara qarşı müxtəlif zor tətbiq edirlər, onların uğurlarına qeyri-ciddi yanaşıb, zəif  bir cinsin nümayəndəsi sayıb qadınların cəmiyyətdə rolunun məhdudlaşdırılmasının lehinə çıxırlar. Çox acınacaqlı  bir haldır ki, belə zorakılıqların sayı getdikcə artmaqdadır. Qadınların hüquqlarının tapdanması hazırki dövrümüzdə tez-tez rast gəlinən haldır, onların şəxsiyyətinin alçaldılması, qadınların bir çox hallarda özlərinin hüquq və azadlıqlarından xəbərdar olmaması kimi hallar neqativ nəticələrə gətirib çıxarır.  Bu da nəticədə, gender bərabərsizliyidir ki, bunun da mənası qadın və kişi hüquqlarının bərabərsizliyi anlamına gəlir.

Ölkəmiz 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı – seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız Həyat” Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002 –ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına, eləcə də 01 aprel 2008-ci ildə Avrasiya qadınlarının əməkdaşlığı üzrə qrupun yaradılması haqqında Protokola qoşulmuşdur.

  Bəs ekspertlər nə düşünürlər?

 Müşahidələr isə göstərir ki, ölkəmizdə qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da, kişilərə təklif olunan imkanlar qadınlar üçün eyni dərəcədə əlçatan deyil. Baxmayaraq ki, qadınlarımız bütün ictimai sferalarda, siyasətdə və biznesdə iştirak edirlər, pozitiv dəyişikliklər baş verir, amma hələ görüləcək işlər çoxdur. Xüsusilə də ölkənin regionlarında.

 Ekspert Rafiq Təhməzov Azərbaycan hökuməti tərəfindən gender bərabərliyinin təmin olunması istiqamətində ciddi addımların atıldığını bildirib. Onun sözlərinə görə, son 10 ildə ölkədə qadın və kişilər arasında bəbərabərliyin təmin olunması yönündə atılan addımlar müsbət qiymətləndirilə bilər. Ekspertin fikrincə, hazırda gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur: “Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır. Bu baxımdan insan hüquq və azadlıqları beynəlxalq hüququn fundamental prinsiplərinin təsiri əsasında müasir dövlətlərin əksəriyyətinin qanunlarında təsbit olunub. Bu gün müasir dövrdə qadınların ayrı seçkiliyə məruz qalması halları daha aktualdır. Əvvəlcə onu qeyd edim ki, bütün sahələrdə olduğu kimi Azərbaycanda genderlə bağlı rəsmi statistik məlumatlar əldə etmək çox çətindir. Ya dəqiq statstik məlumatlar yoxdur, ya da asan əlçatılası vəziyyətdə deyildir. Ən yaxşi halda bir neçə il əvvəlin stastik məlumatlarına rast gəlmək mümkündür. Müşahidələrimiz və internet üzərindən araşdırmalarımız onu göstərir ki, gender məsələsində müəyyən irəliləyişlər olsa da, vəziyyət bir o qədər də ürək açan deyil. Hər gün media üzərindən çoxlu sayda qadınların fiziki zorakılığa məruz qalması ilə rastlaşırıq.

Azərbaycanda ən ciddi problemlərindən biri ailədə olan qadınlara qarşı zorakılıqların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Mentalitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı açmır və nəticədə bu faktların statistikadan kənarda qalmasına səbəb olur. Təəssüf ki, onların əksəriyyəti öz elementar hüquqları barədə bilgisizdirlər və bu da çox narahat edici amillərdəndir. Bu gün mən öz yaşadığım Mingəçevir şəhərinin 35-40 yaşdan yuxarı qadınların işlə təminatında bir çox problemlərin olduğunu vurğulamaq istərdim. Belə ki, Mingəçevir şəhərinin ən qlobal problemi işsizliklə bağlıdır. Bundan da daha çox yaşı 35-40-dan yuxarı yaşı olan qadınlar  əziyyət çəkirlər. Belə qadınları heç bir işə qəbul etmirlər. Onların yaş fərqi bəhanə olunaraq uzaqlaşdırırlar. Azərbaycanda dövlət orqanlarında olduğu kimi sahibkarlığın, özəl müəssisələrin sayı artsa da, özəl sektorda qadın işçilərin sayı kifayət qədər olsa da sahibkar qadınların sayı həddindən artıq azdır. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyi qadınların biznes sferasında fəaliyyətini məhdudlaşdırmır, onlara kişilərlə bərabər hüquqlar verir. Biznesin qurulmasından tutmuş hazır məhsulun satışına və vergi öhdəliklərinin ödənilməsinə qədər olan prosedurları tənzimləyən normativ aktlar hər hansı ayrı-seçkiliyi qadağan edir. Qanunvericilik qadınların biznesdə fəallığını dəstəkləsə də, stimullaşdırıcı tədbirləri nəzərdə tutmur. Reallıqda vəziyyət daha çox kişilərin xeyrinədir”.

 Ekspert Sevda Məmmədli isə deyib ki, Azərbaycan cəmiyyətində qadın hələ kişinin mövqeyinə çata bilməyib. Bu yanaşmanın nəticəsidir ki, hazırda Azərbaycanda bütün sahələrdə, o cümlədən idarəetmədə, qərar qəbulunda, biznes fəaliyyətində, ailədə kişilər qadınları böyük faizlə üstələyir. Deməli, təkcə hüquqi bazanın olması kifayət etmir. Onun fikrincə, qadının önə çıxa bilməsi, özünü təsdiqləməsi üçün çox işlər görülməlidir: “Bəzən hətta qadın kişindən ağıllı olsa da, kişilərin hegemonluğu zərif cinsdən olanların önə çıxmasına imkan vermir. Gender bərabərliyi o vaxt olacaq ki, qadınla kişi qərar qəbulunda, təkcə sözdə deyil, praktikada da bərabər hüquqlu olacaqlar”.

Esmira Hidayətova, Mingəçevir

Yazı “Qadınların səsinin aşkarlanması“ jurnalistlər üçün məqalə müsabiqəsinə təqdim edilir.