Gedənlərin qayıtması

Daha bir Həcc mövsümünü yola saldıq. Təxmini hesablamalara görə, bu il dünyanın ən müxtəlif ölkələrindən Məkkəyə gəlmiş üç milyondan çox müsəlman Həcc vəzifəsini yerinə yetirərək, Hacı ünvanını qazandı. Allah səmimi niyyətlə bu vəzifəni yerinə yetirmiş hər kəsin ibadətini qəbul eləsin, mükafatlarını qat-qat artığı ilə versin və o mübərək səfəri, müqəddəs vəzifəni yerinə yetirmək üçün tutuşub yanan hər kəsə də bu şərəfi nəsib buyursun.
Həcc ibadəti dünyada ikən ölümü yaşamaq, axirəti görməkdir. Yəni o ibadətdə elə əriməli, eqonun, təkəbbürün hər çeşidindən elə sıyrılmalısan ki, bir daha o qına, o qiyafətə girməyəcəkmiş kimi. Hələlik, o ibadəti yaşaya bilmədiyim üçün zəvvarlar o müqəddəs torpaqlarda bu hissi, bu duyğunu necə yaşayırlar, deyə bilmirəm. Doğrusu, onu da bilmirəm ki, Allah nəsib edərsə, mən o hissi nə qədər yaşaya bilərəm. Amma bircə onu bilirəm ki, bu ibadətə illərlə, aylarla hazırlanmalı, qəlbini, nəfsini hər cür “yük”dən təmizləməlisən ki, o ibadətdə arzu elədiyin zövqü dada, duyğunu yaşaya biləsən. Təxminən üç-dörd il əvvəl xanım qohumlarımdan biri bu vəzifəni icra edib dönəndə ziyarətinə getmişdik və onun söylədiyi bir söz heç ağlımdan getmir:

– Kəbəni görən kimi içimdən bir şey qalxıb boğazıma tıxandı və gözlərimdən sel kimi yaş axmağa başladı. Bircə onu deyə bildim ki, “Allahım, mən ata-ana üzü görməmiş, gecələri körpə qardaşım-bacımla qucaqlaşıb ağlaşan yetim bir qız idim. Sən mənə nə böyük dəyər verdin, nə uca şərəfə layiq gördün ki, yer üzünün ən üstün, ən mübarək ünvanına da gəlib çıxa bildim. Bu şərəfi bu quluna lütf etdiyin üçün Sənə nə qədər həmd eləsəm, yenə azdır”.

Mənim o xanım qohumum bu sözləri deyəndə o duyğuları bir daha yaşadı ki, yenidən gözlərindən yaşlar axmağa başladı. Və mən onun bu halını görəndə içimdə dua elədim və inandım ki, bu bacımıza o ibadətin zövqü nəsib olub.

Yazının elə bu duyğulu yerində bir məqama da toxunmaq istəyirəm ki, həm çox duyğulanmayaq, həm də bəzi həqiqətlərə aydınlıq gətirək. Ümumiyyətlə, adların əvvəlinə “Hacı”, “Kərbəlayı”, “Məşhədi” ünvanlarının qoyulması heç xoşuma gəlmir. Kimlərsə düşünəcək ki, niyə?.. Cavab verim: Həcc ziyarəti Allahın əmridirmi? – Bəli. Sən bu ibadəti yerinə yetirəndə Allahın əmrini yerinə yetirmisənmi? – Bəli. Onda əmin ol ki, onun mükafatını da Allah-Təala Özü verəcək, daha bunu şüar eləyib cəmiyyətə yaymağın nə anlamı var? Özünüz düşünün, bu məmləkətdə o qədər namaz qılıb, oruc tutan, hər işdə Allahı başının üstündə görən, amma imkanı olmadığı üçün Həccə gedə bilməyən insan var ki… İndi nə deyirsiniz, bir imkanlının Həcci, bir imkansızın namazından, orucundan daha üstün oldumu? Hələ Allah bilir ki, bu imkansızın imkanı olsaydı, o Həcc ibadətini hansı duyğularla, hansı səmimiyyətlə yerinə yetirərdi. Əgər bu “Hacı” ünvanı dünya mənfəətində  açar kimi işlədilirsə və bu ünvanı almağın təməlində belə bir niyyət yatırsa, onda daha bu mövzuda deməyə söz tapmıram.

Hər ibadətin öz anlamı, qayəsi və ifadə etdiyi çox mühüm mətləblər var. Namaz – əyilməkdir, diz çökməkdir, Allaha kölə olduğunu külli kainata elan edib dəyər qazanmaqdır; oruc – imtinadır, Allah istəyənə qədər dünyanın bütün naz-nemətlərindən vaz keçməkdir, bıçaq kimi daşa çəkilib itilənməkdir, polad kimi yanaraq bərkiməkdir, önümüzə gələn nemətlərin də, özümüzün də Allahın mülkü olduğunu elan edib şərəflənməkdir; Həcc – həyatda ikən ölməkdir, dünyada ikən axirətə uzanmaqdır, Məşhər çölündəki kimi ağ kəfənə bürünüb, “əmrinə gəldim, İlahi; hüzurundayam, ey Rəbbim, məni Sən yaratdın, Sən yaşatdın, verdiyin hər şey üçün Sənə borcluyam, yalnız Sənə itaət və ibadət edirəm” nidasını kainata elan edərək, planetlər Günəşin başına hərlənən kimi Kəbənin ətrafında dolanaraq, kainatın fövqünə yüksəlməkdir…

Gedənlərimiz qayıdır, hər gələn təyyarə ilə yurdumuza həm də bir salon Peyğəmbər qoxulu hava gəlir. Allah-Təala bütün hacılarımızın ibadətini qəbul eləsin və onların hər birinə bu ibadətin verdiyi duyğunu, ovqatı ömür boyu yaşamağı nəsib buyursun!

Əli Çərkəzoğlu