Gec başlayıb tez parlayanlar

950

Mütəxəssislərin fikrincə, 5-7 yaş futbola başlamaq üçün ən ideal vaxt hesab olunur. Gələcəkdə böyük futbolçu olmaq istəyən uşaq bu yaşlardan futbolun içində olmalıdır. Ən kiçik yaşlardan ağır fiziki məşqlərə öyrəşməli, komanda şəklində oynamağı bacarmalıdır. Məşqlərdən başqa, gələcək futbolçu kiçik yaşlardan düzgün qidalanmalı, sağlam həyat sürməyi mənimsəməlidir. Bir sözlə, gələcəyin ulduzu bu gündən peşəkar futbolçu kimi müəyyən bir rejimdə yaşamağı öyrənməlidir. Bütün bu dediklərimizin təsdiqi kimi, son dünya çempionu Almaniya millisinin bir sıra oyunçularının karyerasına nəzər salaq.

Almaniya yığmasının hücumçusu Tomas Müller 4 yaşında uşaq futbol məktəbində futbol oynamağa başlayıb. 11 yaşında isə Almaniyanın ən güclü klubu “Bavariya”ya dəvət olunub.

7 yaşında futbolun sirlərini öyrənən Toni Kroos 12 yaşında “Hanza” klubunda çıxış etməyə başlayıb. Məsut Özil 7, Marko Roys isə 5 yaşında yaşadığı şəhərin uşaq futbol məktəbinə yazılıb. Mario Götze 4 yaşından futbola başlayıb, artıq 9 yaşından etibarən Dortmund “Borussiya”sının daha yuxarı yaş qrupuna cəlb edilib. Hazırda 22 yaşı olan Götze Almaniyanın ən güclü iki klubunun heyətində 170 oyuna çıxıb, 51 dəfə fərqlənib. Almaniya millisində isə 38 matçda 12 qol vurub.

Amma hər futbolçu bu qədər şanslı olmayıb. Bəzi futbolçular maddi duruma görə, bəziləri bəxtsizlikdən, bəziləri isə sadəcə, futbolçu olacaqlarını gec anladıqları üçün futbola gec başlayıblar. Gəlin, futbola çox geç başlamış, lakin istedadları sayəsində adlarını ulduz futbolçular siyahısına yazdırmış şəxsləri tanıyaq.

İlk növbədə həm dünya çempionatları tarixində ən çox qol vuran, həm də Almaniya millisində rekord sayda fərqlənən Miroslav Klozenin karyerasına nəzər salaq. Kloze həmyerlisi Mario Götzedən fərqli olaraq, 22 yaşına qədər nə Bundesliqada oynayıb, nə də Almaniya millisində çıxış edib. Kloze 1997-ci ildə 20 yaşında Almaniyanın 7-ci liqasında çıxış edən “Blaubax-Dedelkopf” klubunda oynayıb. Düz 10 il bu klubda oynasa da, güclü klubların diqqətini cəlb edə bilmirdi. 21 yaşında artıq həvəskarlar liqasında oynamaqdan bezərək karyerasını bitirmək haqda fikirləşən bu arıq oğlan son şans kimi “Kayzerslautern”in bazasına gedib. Bundesliqaya cıxan kimi, “Kayzerslautern”i çempion edən dahi baş məşqçi Otto Rehagelin yanına gələn Kloze ondan bircə dəfə əsas komanda ilə məşq etməyini xahiş edib. Elə o vaxtdan Kloze əfsanəsi başlayıb. “Kayzerslautern”in heyətində 120 oyunda 44 dəfə fəqlənən hücumçu “Verder”ə, oradan isə “Bavariya”ya yollanıb. Almaniya millisinin heyətində 2001-ci ildə, 23 yaşında debüt edən Kloze 137 matçda 71 dəfə fərqlənməyi bacarıb. Həmçinin Kloze iştirak etdiyi 4 dünya çempionatında 16 qol vuraraq, rekorda imza atıb.

Almaniya Bundesliqasında “Volsburq”la həm çempion, həm də “qol kralı” olan braziliyalı Qrafitenin də futbol həyatı  cox maraqlıdır. 1979-cu il təvəllüdlü futbolçu 22 yaşına qədər ölkəsində zibil yığaraq yaşamağa çalışıb. Sonradan futbol istedadının olduğunu kəşf edən Qrafite Braziliyanın 4-cü liqasında “Ferroviarria” klubunda futbola başlayıb. Daha sonra ölkəsində bir neçə klubun şərəfini qoruyan Qrafite 2006-cı ildə Fransaya üz tutub. Burada “Le Man”ın heyətində 51 oyunda 17 dəfə fərqlənib. Feliks Maqatın istəyi ilə “Volfsbuq”a dəvət edilən Qrafite burada 107 matçda meydançaya çıxıb, 59 qol vurub. O, həmçinin Braziliya millisinin də 4 oyunda iştirak edib və 1 dəfə fərqlənib.

Gəlin Çempionlar Liqasında 1 oyunda 4 top vurmağı bacaran məşhur futbolçu Dado Prşonun karyerasına da nəzər salaq. Öz ölkəsində futbolçu karyerası, demək olar ki, alınmayan Dado Prşo 1993-cü ildə 19 yaşında Fransaya köçüb. Orada “Ruen” klubunda məşqlərə başlayan Prşo futbolla yanaşı, avtomobil təmiri ilə məşğul idi. Futbol həyatı çox uğursuz keçən Prşo 22 yaşında fransız məşqçi Jan Tiqana tərəfindən kəşf olunub və “Monako”ya dəvət alıb. Burada daha da möhkəmlənən futbolçu “Monako” ilə Fransa çempionu olmağı və hətta Çempionlar Liqasında final oynamağı bacarıb. O, həmçinin mütəmadi olaraq, Xorvatya millisinin də əsas heyətinə çağırılırdı.

Yan Raytın həyatı maddi çətinlik içində keçib. İlk dəfə 22 yaşında “Kristal Pelas”a dəvət alan Rayt burada 6 mövsüm keçirib və Premyer Liqaya yüksəlib. 2,5 milyon avro qarşılığında “Arsenal”a transfer olan Yan Rayt burada 221 oyunda 128 qol vurub. İngiltərə millisinə də dəvət alan Rayt burada 33 oyunda 9 dəfə fərqlənib.

Həmçinin qeyd edək ki, dünyaca məşhur futbolçulardan Droqba, Nistelroy, Dzeko və Ramires kimi futbolçular da peşəkər karyeralarına kifayət qədər gec başlayıblar.

Əhməd Həsənov