“Gecə Vahidin qohumları məni görəndə diksindilər, biri qalxıb…”

50

Şuşa Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist, Prezident təqaüdçüsü Loğman Kərimov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

“Cürbəcür bəhanələrlə boyun qaçırdılar”

– Loğman müəllim, söhbətə sizi Azərbaycanda tanıdan “Qəzəlxan” filmi ilə başlamaq istəyirəm. Şahmar Ələkbərovla tanışlığınız və Əliağa Vahid roluna dəvət olunduğunuz o illəri xatırlayaq…

– Şahmar müəllimi uşaqlıqdan tanıyırdım. Beşinci, ya altıncı sinifdə oxuyurdum, dərsdən çox kinostudiyanın həyətində, dəhlizlərində və dublyajda olurdum. Filmlərdə uşaq rollarını səsləndirirdim, elə o vaxtdan böyük aktyorların hamısını tanıyırdım, onlarla salamlaşırdım. Şahmar müəllim də onlardan biri idi – istedadlı, mədəni, ziyalı…

Məktəb bitdi, ardınca ali məktəbdə oxudum, filmlərə çəkilməyə başladım, bir gün Şahmar müəllim məni bir filminə dəvət etdi. Dedi, Loğman, kiçik bir rol var, səni çəkmək istəyirəm. Getdim, Xalq yazıçısı Elçinin “Toyuğun diri qalması” povesti əsasında hazırlanmış “Sahilsiz gecə” filmində kiçik epizoda çəkildim.

Filmdə faytonçu Əlövsəti canlandırırdım, çəkiliş də iki gecə Qala kəndində baş tutdu. Birinci gecə çəkilişimiz sübhə yaxın qurtardı. Şahmar rəhmətlik məni otuzdurdu öz maşınına, qızı da ordaydı, yolda dedi ki, film çəkəcəm, sən Əliağa Vahidi oynayacaqsan. O an sevindim, dedim ki, Şahmar müəllim, çox yaxşı olar. Səhərçağı saat 8-ə qalırdı, maşını evin yanında saxlayanda dedi, saat 9-da kinostudiyada görüşək, danışaq. Dedim onda evə getmirəm, gedək birbaşa kinostudiyaya. Məni kinostudiyada düşürdüb, özü evə getdi. Evi də kinostudiyanın yanındaydı.

O vaxtlar xəstəliyinə görə dərman içirdi. Saat 10-a işləmiş gəldi, rahat oturub danışdıq, orda bir daha deyəndə ki, Əliağa Vahidi sən oynayacaqsan, razılaşmadım. Soruşdu niyə? Dedim, qorxuram oynaya bilməyəm… Şahmar müəllimin bir hisrlənməyi vardı, gəl görəsən… Durdu ayağa, dedi: “Necə oynaya bilməzsən, orda mən varam, sən o rolu əla oynayacaqsan”.

Soruşdum, bu fikir hardan yarandı, axı? Dedi, bəs mən çəkilişdə qışqırdım ki, Loğman sən böyük aktyorsan. Saç düzümüm və üzümə yapışdırılan bığ məni Əliağa Vahidə oxşadıbmış, o fikir də məhz orda yaranıb.

– Filmi çəkmək, yoxsa sizin o rola təsdiqiniz fikri orda yaranıb?

– Mən təvazökar adamam, amma deyim, həmin anda məni kadrda gördü və qışqırdı ki, sən böyük aktyorsan. Fikir məhz orda yarandı. Ardınca ssenari yazılmağa başladı. Şahmar müəllim bir-iki nəfərə müraciət etdi, amma onlar da cürbəcür bəhanələrlə boyun qaçırdılar. Axırda hirsləndi, ssenarini özü yazdı. Ramiz Fətəliyev də bu işdə ona çox kömək etdi.

Onda “Azərbaycanfilm” kinostudiyasının direktoru Ramiz Fətəliyev idi. Meyxanaları məhrum şairimiz Balasadıq yazırdı, Nizami Rəmzinin də adını qeyd etmək istəyirəm, o həm də filmdə çəkildi. Qafiyələrdə mərhum şairimiz Vaqif Səmədoğlu çox kömək etdi.

Hər şey yazılandan sonra film çəkilməyə başladı.

– Ssenari neçə aya başa gəldi?

– Təxminən altı-yeddi ay çəkdi. Sovetlər sistemi dağılmışdı, kinoya pul buraxan yox idi. Amma Şahmar müəllimin yaxşı dostları vardı, onlar maddi tərəfdən böyük dəstək oldular. Adlarını filmin titrlərində də görə bilərsiniz.

Kinostudiya texnikanı, otaqları verirdi, geyimlərə kömək edirdi.

“Manafova dedim ki, sənin kimi səsləndirə bilməzdim”

– Filmə nə qədər vəsait sərf olundu?

– Belə məsələləri aktyor vaxt aktyor bilmir. Bunu filmin direktoru, rejissor və mühasib bilir. Bir onu xatırlayıram ki, film çox böyük əziyyət hesabına başa gəldi. Çəkiliş iki ilə yaxın davam etdi. Çünki çəkilişə icazə almaq asan deyildi. O dövrdə Bakıda komendant saatı hökm sürürdü. Axşam 6-dan sonra çəkiliş etmək, küçədə toplaşmaq olmazdı, kameraları isə xüsusi yoxlayırdılar. O mənada film həddindən artıq çətinliklə ərsəyə gəldi.

Əsas odur ki, Şahmar müəllim o cür xəstəliklə – ovucla dərman içə-içə o filmi tamamlaya bildi.

Filmin premyerası çox böyük təntənəylə indiki Heydər Əliyev adına Sarayda keçirildi. Ondan sonra film işləməyə başladı. O mənada ki, mərkəzi kinoteatrların hamısında – “Vətən”, “Azərbaycan”, “Nizami”, “Bakı”, “Sevinc” və digərlərində bu film 40 gün üç seansla nümayiş olundu. Bu Əliağa Vahidə olan böyük hörmət, Şahmar müəllimə olan diqqət idi. Hamı maraqlanırdı ki, görəsən bu necə filmdir…

Həmin il film Daşkənddə keçirilən Asiya, Afrika və Latın Amerikası Ölkələrinin XI Beynəlxalq Kinofestivalına dəvət olundu. Ondan bir ay öncə isə Şahmar müəllim rəhmətə getmişdi. Ona görə festivala mən gedəsi oldum. 100-ə yaxın bədii filmin arasından 11 film mükafat qazandı. Onlardan biri də “Qəzəlxan” idi. Təbii ki, burda filmdə işləyən hər kəsin əməyi var. Hamı sevgiylə, diqqətlə, hörmətlə yanaşırdı.

Səsləndirmədə mənim səsimi Fərhad (Fəxrəddin-red) Manafov yazıb. Onu görəndə də deyirəm ki, Fərhad, çox sağ ol, əla yazmısan. Mən sənin kimi özümü səsləndirə bilməzdim. Ciddi sözümdür.

– Sizin də gözəl səsiniz var…

– Çox sağ olun. Uzun illər keçib, ona görə bunu demək olar. Tələbə olanda 5 ilə yaxın radioda işləmişəm. Bəlkə də ondan irəli gəlir.

Şahmar müəllim heyif ki, çox erkən – 48 yaşında dünyadan köçdü.

“Qəzəlxan” çox riskli film idi. Bizim böyük yazıçı və şairlərimiz az olmayıb, amma Əliağa Vahid çox sevilib. O, Azərbaycan tarixində yeganə şairdir ki, Yazıçılar İttifaqının binasından Fəxri Xiyabana əllərdə aparılıb.

Bu baxımdan düşünürdük ki, efirdən Əliağa Vahidi görənlər, onu şəxsən tanıyanlar birdən filmi bəyənməzlər. Şükür Allaha, hər şey yaxşı oldu.

(Loğman Kərimov və Alim Qasımov “Qəzəlxan” filmində)

“Əliağa Vahidin qohumları məni görəndə diksindilər”

– Elə bir adam oldumu ki, sizi Əliağa Vahidə bənzətməsin, yaxud o rolda bəyənməsin?

– Olmadı. Hətta onu yaxından tanıyan və Masazır kəndindən olan qohumları məni görəndə diksinmişdilər.

Deməli, böyük sənətkarımız Alim Qasımov filmdə toy səhnəsində çıxış edirdi, filmin ilk çəkilişi məhz o epizod idi. Şahmar müəllim də məni çəkiliş meydançasına çox gec apardı. Gecə saat ikiydi, soruşdum ki, biz niyə belə gec gedirik. Dedi, mən bilirəm nə edirəm… Demə, içəriyə Masazır kəndindən 30-40 nəfərə yaxın adamı yığıblar. Hamısı da Əliağa Vahidi yaxından tanıyanlar idi.

Mən qrimdə içəri girəndə hiss etdim ki, kişilər diksindilər. Kök bir kişi vardı, ayağa durdu və dedi ki, bu elə Əliağa Vahiddir.

 

 

– Səhv etmirəmsə, bu, kino karyeranızda ilk baş rolunuz idi…

– Bəli, ilk baş rolum… Mən 23 yaşımda “Lenfilm”də “Barıt” adlı bir filmə çəkilmişdim. O da əsas rollardan idi. Ardınca bir başqa xarici film də oldu. Ondan sonra burda da məni çəkməyə başladılar.

Fərhad Yusifov məni “Aşkarsızlıq şəraitində” adlı bir filmə çəkdi. Televiziyada göstərilmədi, amma Yutub platformasında yerləşdirilib.

– Adətən belədir: hər aktyorun həyatında üzünə bütün qapıları açan çıxış rolu olur…

– Hər aktyorda olmur…

(Loğman Kərimov “Barıt” filmində)

“Sağ olsunlar, mənə elə mane oldular ki…”

– Bu film sizi böyük mənada çox tanıtdırdı, amma kino karyeranızın davamı üçün xüsusi dəyişiklik yaratmadı. Səhv edirəmsə, yalnışımı siz düzəldin…

– Təkliflər həddindən çox oldu. Amma mənlik deyildi. İndi də o yaşdayam ki, hər şeyə çəkilmirəm. Hər filmə çəkilməkdənsə, heç nəyə çəkilməməyin tərəfdarıyam. Axı, nə mənası var? Tamaşaçılar arasında qazandığım hörməti yerə vurmaq istəmirəm. Ona görə hər təkliflə razılaşmıram.

“Qəzəlxan”dan sonra məni filmlərinə dəvət edən kinorejissorlar olub ki, indi sözümdən inciməsinlər. Açıq deyirəm, hər ssenarini bəyənmirəm, ona görə də çəkilmirəm. Başımı aşağı salıb, öz təvazökar həyatımı yaşayıram.

– Amma razılaşın ki, aktyorun çox seçimi olmur. Həyatı hər zaman tərəddüdlərlə keçir. Bu rola çəkilməsəm, bəlkə başqa rollar da gəlməz kimi qayğılarla yaşayır.

– Düzdür.

– Bu cür rahat olmağınız, mənə görə, rejissorluğa keçmək istəyinizdən qaynaqlanıb…

– 30 ilə yaxındır rejissor işləyirəm. Onun da 20 ilini baş rejissor kimi çalışmışam. Yəqin belə olmalıymış…

– Axı siz öncədən rejissor olmaq istəmişdiniz…

– Mən hətta məktəbli vaxtından rejissor olmaq istəmişəm. Moskvaya Kinematoqrafiya İnstitutuna sənədlərimi vermişdim. Sağ olsunlar… Hələ də sağdırlar, onlar elə mane oldular ki, mən gedə bilmədim.

– Maneəçilik nə ilə əlaqədar idi?

– Bizim mentalitetdə paxıllıq anlayışı var. Görünür, fikirləşirdilər ki, gedib oxuyub gələrəm, onlardan yaxşı olaram.

– Bilirəm ki, siz çox az müsahibə verirsiniz. Bu nəylə bağlıdır?

– Doğrudur, müsahibə verməklə aram yoxdur. Bir Şahmar Ələkbərov, bir də Əliağa Vahid haqda danışmaq lazım gələndə danışıram.

(Loğman Kərimov “Lətifə” filmində)

“Mənim də həyatım elə oldu”

– Azsaylı müsahibələrinizin birincə belə bir fikrinizə rast gəldim. Aktyor tarixi şəxsiyyəti oynayır və sonra da onun həyatını yaşayır. Sanki özünüzün həyatınıza işarə vurmusunuz.

– Kinoda yazılmamış qanunlar var. Aktyorlar var ki, oynadığı tarixi şəxsiyyətin həyatını öz həyatında davam edir. Bəli, bu həqiqətən belədir. Mənim də həyatımda elə oldu. Daha çox şey deməyəcəm. Buna da şükür. Neyləmək olar?..

– Hazırda Şuşa Teatrında baş rejissor kimi fəaliyyətinizi davam etdirirsiniz. İşləriniz necədir?

– Bəli, gələn ay gəlin tamaşalarımıza baxın. Mənim maraqlı aktyorlarım, aktrisalarım var. Altı uşaq, altı böyük tamaşamız var…

Yeni tamaşa da olacaq. Onu 8 il öncə hazırlamışdım. O vaxt Şuşa Teatrının binası yox idi. Ona görə cəmi bir dəfə oynanılıb. Yeni mövsümdə həmin tamaşa yenidən hazırlanacaq.

– Hansı tamaşadır?

– İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən, yaxud Boy çiçəyi” pyesi əsasında hazırlanan “Boy çiçəyi” tamaşasıdır. Mən standartlardan həmişə kənara çıxıram. Özü də “Boy çiçəyi”ni ilk dəfə Azərbaycanda o adla mən hazırlamışam. Çünki hamı ona “Sən həmişə mənimləsən” deyir.

– Yadımdadır, Loğman müəllim. Səhv etmirəmsə, Mahnı Teatrının səhnəsində oynanılmışdı. Tamaşanın maraqlı quruluşu var idi.

– Elə həmin quruluşla da təqdim olunacaq. Bütün obrazları çıxarmışam, tamaşada cəmi dörd obraz qalıb: Nargilə, Həsənzadə, Nargilənin anası Nazilə, Nazilənin həyat yoldaşı… Mən sənətə bir az başqa tərəfdən yanaşıram. Bunu mənim tamaşalarımda da görə bilərsiniz. Hazırladığım “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ənənəvi tamaşa deyil. Eyni ilə “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Dəli Domrul” da. “Dəli Domrul”da hətta ingiliscə səhnələr də var.

İşimi sevirəm, böyük zövq alıram, bu mənə bəsdir…


Müəllif: Nərmin Muradova