“G-7”-lərdən Rusiyaya sərt təzyiq, Ukraynaya isə dəstək

800
Ukraynada baş verən son hadisələr və bu müstəvidə Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etməsi beynəlxalq aləmin ən  ciddi problemlərindən biri olaraq qalmaqda davam edir. Rusiyanın Krımı işğalı ilə Avropa üçün yaranan yeni böyük təhlükə isə öz növbəsində Rusiya-Qərb münasibətlərində əmələ gələn uçurumu daha da dərinləşdirməkdədir. Bunu ABŞ, Fransa, Böyük Britaniya,  Almaniya, Yaponiya, Kanada, İtaliya dövlət rəhbərlərinin iştirakı ilə keçirilən   “G-7”-lərin Brüssel zirvə görüşü də bir daha sübut etdi.
 Zirvə toplantısında Rusiyanın Ukraynaya məxsus Krımı işğal etməsi və adı çəkilən ölkədə separatçı gücləri dəstəkləmə siyasəti kəskin tənqid edilərək bunun Avropada və dünyada sülh və əmin-amanlığı təhlükə altına aldığı xüsusi vurğulanıb. Bununla bağlı G-7 ölkələri tərəfindən qəbul edilən bəyanatda quruma üzv ölkələrin Ukrayna ətrafında baş verən hadisələri diqqətlə və narahatlıqla izlədikləri qeyd edilib. Bəyanatda Rusiyanın Ukrayna ərazilərini işğalı siyasətini davam etdirməsi və onun ərazi bütövlüyünü təhdid altında saxlaması pislənlilərək bunun təcavüzkara ağır baha başa gələcəyi barədə xəbərdarlıq edilib. G-7 ölkələri liderləri Rusiyanın Ukraynaya qarşı təhdidi davam edəcəyi təqdirdə Moskvaya qarşı daha sərtsanksiyalara əl atılacağı barədə  Prezident Vladimir Putinə sərt xəbərdarlıq ünvanlayıblar. Bəyanatda  “G-7” ölkələrinin Rusiyanın Krımı işğalı faktını tanımayacaqlarını və bunu qəbul etməyəcəklərini, Ukraynanın ərazi bütövlüyünün bərpası üçün bütün mövcud imkanlardan istifadə ediləcəyi bir daha Rusiyanın nəzərinə çatdırılıb. G-7 liderləri Rusiyanı Ukraynada keçirilən Prezident seçkilərinin nəticələrini tanımağa və separatçılara canlı qüvvə silahala  yardım göstərməyə son qoymağa çağırıblar və əks halda bunun ağır nəticələrini Rusiyanın öz üzərində hiss edəcəyini bildiriblər.

 

Almaniya da Rusiyadan üz döndərir

Brüsseldə əvvəllər Rusiyaya qarşı sərt addımların atılmasında maraqlı olmadığını nümayiş etdirən Almaniyanın da mövqeyində Moskvaya münasibətdə dəyişiklik özünü büruzə verib. Bunu Almaniya kansleri Angela Merkelin “Röyter” agentliyinə verdiyi açıqlama da sübut edir. Angela Merkel: “Biz bundan sonra da Ukrayna ətrafında gərginliyin davam etməsinə imkan verə bilmərik. Əgər gərginlik  davam etsə, onda biz Rusiyaya qarşı daha ağır sanksiyalara əl atmaq məcburiyyətində qalacağıq”,-deyə Moskvaya xəbərdarlıq edib.  Halbuki Rusiya Ukraynaya münasibətdə məhz Almaniyanın dəstəyini ala biləcəyinə ümid edirdi. Bu da əsassız eyil. Belə ki, 2008-ci ildə Rusiya Gürcüstanı işğal edərkən Qərbin Moskvaya münasibətdə daha sərt addımlar atmasına Almaniya mane olmuşdu. O vaxt ABŞ-ın Rusiyanın Gürcüstana təcavüzü ilə bağlı adı çəkilən ölkənin NATO-ya qəbuluna imkan verəcək addımlar atmasına da Almaniya imkan vermədi. 2009-cu ildə NATO-nun Buxarestdə keçirilən sammitində Ukraynanın bu quruma üzvlüyü ilə bağlı məsələ müzakirə edilərkən Bu da  Rusiyanın Gürcüstanı işğalı faktına görə Qərb dövlətləri arasında fikir ayrılıqlarına gətirib çıxardı. Almaniyanın belə bir mövqeyi isə Putinə Gürcüstanı işğal faktına haqq qazandırmağa imkan verdi. Hadisələrin gedişi göstərir ki, o vaxt Almaniya Rusiyaya münasibətdə daha sərt mövqedən çıxış edən ABŞ-ı dəstəkləyərək Gürcüstanın NATO-ya üzvlüyünə yaşıl işıq yandırsaydı, onda bu gün Rusiya Krımı ilhaq etməyə özündə cəsarət tapa bilməzdi.  Yeri gəlmişkən qeyd edək ki, Ukraynada məlum hadisələr başlayan zaman da Angela Merkel Qərbdəki müttəfiqlərinin xəbərdarlıqlarına məhəl qoymadan Rusiyaya qarşı sərt sanksiyaların əleyhinə çıxdı.  Qərb dövlətlərinin Ukraynaya münasibətdə vahid mövqedən çıxış etməməsindən şirniklənən Rusiya isə Ukraynanın şərqində separatçıları dəstəkləyərək açıq şəkildə adı çəkilən ölkənin parçalanması məsələsini qaldırdı. Rusiyanın Krımdan sonra Ukraynanın ruslar yaşayan ərazilərini də işğal etmək niyyətindən vaz çəkməyəcəyini nümayiş etdirməsi isə Angela Merkelin Moskvaya münasibətdə mövqeyinin dəyişməsinə səbəb oldu. Hər halda “G-7”-lərin görüşündə Merkelin Rusiyanı sərt şəkildə tənqid etməsi Rusiyanın Almaniyanın simasında özünün müdafiəçlərindən birini itirməsi deməkdir. Bu isə Rusiyanın Ukraynaya münasibətdə Qərb dövlətləri arasında parçalanma olacağına olan ümidlərini boşa çıxara bilər.

 

Rusiyadan 4 tələb

“G-7”-lərin Brüssel görüşündə Rusiyanın qarşısında 4 əsas şərt qoyulub. Birincisi, Rusiya 25 mayda Ukraynada keçirilən seçkilərin nəticələrini tanımalı və yeni Prezident Pyotr Poroşenko ilə əməkdaşlıq etməlidir. İkincisi, Rusiya separatçılara verdiyi silahlı dəstəyi və oraya könüllülər göndərməyi dayandırmalı, həmçinin idarə etdiyi terrorçu qrupları silahı yerə qoymağa və zorakılıqlardan əl çəkməyə məcbur etməlidir. Üçüncüsü Rusiya Ukrayna ilə sərhəddən öz qoşunlarını geri çəkməli, dördüncüsü Avropaya qazın fasiləsiz nəqlini təmin etməlidir.

Bu tələblər arasında Rusiya üçün yerinə yetirilməsi çətin olanı şübhəsiz ki, separatçıların dəstəklənməsinə son qoyulması ilə bağlıdır. İş orasındadır ki, Rusiya bütün hallarda Ukraynanın ruslar yaşayan ərazilərini işğal faktından əl çəkmək niyyətində olmadığını nümayiş etdirir. Eyni zamanda Putin Ukraynanın şərq vilayətlərinin ilhaqını da gələcəyə saxlamaq istəmir. Çünki Moskvada yaxşı anlayırlar ki, Donbas, Luqansk və ruslar yaşayan digər Ukrayna ərazilərinin gələcəkdə ilhaq edilməsi daha çətin olacaq. Bu baxımdan 4 şərtdən birini- separatçıları və terrorçuları dəstəkləməmək tələbini Rusiyanın yerinə yetirəcəyi ağlabatan görünmür.

Belə bir vəziyyətdə isə Qərbin Rusiyaya münasibətdə daha sərt addımlar ata biləcəyi istisna edilmir.

Qeyd edək ki, Rusiyanın qarşısında qoyulan 4 tələblə bağlı Angel Merkel : “Əgər Rusiya bu tələblərə əməl etməsə, onda biz sanksiyaları sərtləşdirməli olacağıq.  İyunun 26-da Avropa Birliyinin sammiti keçiriləcək və o vaxta kimi Rusiya Ukraynaya münasibətdə xoşniyyətli olduğunu nümayiş etdirməlidir. Əks halda Rusiya özünü Avropadan təcrid edəcək və bizim sərt tədbirlərimizlə üzləşməli olacaq,”-deyib.

Bununla belə Merkel hələ də Rusiyanın Ukraynaya münasibətdə geri addım atacağına olan ümidlərini itirməyib. O deyib ki, Normandiyada keçiriləcək görüşdə Putinə məsələnin ciddiliyini anlatmağa çalışacaqlar. Amma çətin ki, Putin G-7-lərin tələblərini yerinə yetirsin və Normandiyada keçirilən görüşlərdə geri addım atmağa razı olsun. Əksinə Putin bölgədə baş verənlərdə Ukraynanı günahlandıraraq hər vasitəilə separatçılara və terroroçulara haqq qazandırmağa çalışır. Belə ki,  Rusiya bölgədə baş verənləri az qala Rusiyanın deyil, Ukraynanın digər ölkənin ərazisini işğal etməsi kimi qələmə verməyə cəhd edir. Rusiya Normandiyaya müttəfiq qoşunlarının çıxarılmasının 60 illiyi ilə bağlı keçirilən tədbir çərçivəsində Qərb ölkələri prezidentləri ilə görüşlərində Ukraynanı milli azlıqların hüquqlarının pozmaqda, onlara qarşı hərbi gücə əl atmaqda günahlandıracağı istisna edilmir. Qərb liderləri isə çətin ki, Rusiyanın bu ittihamları ilə razılaşsınlar. Bu isə Rusiya yaxşı heç nə vəd etmir.

 

“G-7”-lərdən Ukraynaya dəstək

Brüsseldə keçirilən “G-7”-lərin dövlət başçılarının görüşündə Ukraynaya 18 milyard dollar yardım göstərilməsi barədə razılıq əldə edilib.  Bununla bağlı Avropa Komissiyasının donor ölkələrin iştirakı ilə birgə konfransının çağırılması qərara alınıb. Bundan əlavə ABŞ  və digər Qərb ölkələrinin Ukraynaya əlavə maliyyə yardımı göstərəcəyi gözlənilir. Lakin ABŞ və Qərb ölkələri Ukraynaya yalnız maliyyə yardımı deyil, həm də hərbi, hərbi-texniki köməklik göstərmək niyyətindədirlər. Bu müstəvidə də Ukrayna ordusunun döyüş qabiliyyətinin və hərbi texniki təchizatının daha da gücləndirilməsi məqsədi ilə ilkin mərhələdə Ukraynaya 1 milyard dollara yaxın hərbi yardım göstərilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, Almaniya kansleri  Merkel və digər Qərb ölkələri liderləri Pyotr Poroşenko ilə görüşdə Ukraynanın ərazi bütövlüyünün bərpası üçün ona ən yüksək səviyyədə yardım göstərəcəklərini və meydanda tək qoymayacaqlarını xüsusi vurğulayıblar. ƏZIZ MUSTAFA