Gərək hadisə baş versin?

0
637

Dünən işə gələndə gördüyüm mənzərədən, sözün düzü, şoka düşdüm.

Dörd-beş nəfər binamızın beş-on metrliyində quraşdırılmış transformatorun ətrafını kubiklə hörürdü. Maraq mənə güc gəldi. Odur ki, onlara yaxınlaşıb soruşdum: “Balam, xeyir ola? Axı binanın sakinləri transformatorun belə bir vəziyyətdə təhlükəli olduğu barədə sizin idarənin rəisinə dəfələrlə məlumat vermişdi. O isə hər dəfə “bu məsələ hələ gündəmdə deyil”, yaxud “belə mənasız işlərə ayıracaq vəsaitimiz yoxdur” deyirdi. Dünən rəisiniz bu sözləri yenə şəxsən mənə söylədi. Onda mən ona zəmanə uşaqlarının ipə-sapa yatmamalarını deyib, bir məsəl çəkdim. Dedim ki, bəs bir sərçə öz balalarına sərbəst uçub yem əldə etmək və özünü insanlardan qorumaq qaydalarını öyrədirmiş:

– İnsanlar sərçələri incitmirlər, amma dəcəl uşaqlar bizi tutub qəfəsə salır və oynamaqdan həzz alırlar. Bizi əllə tutmaq çox çətin olduğundan onlar daş atır, ayağımızı, ya qanadımızı zədələyir və yalnız bundan sonra əsir alırlar. Odur ki, qarşınızda uşaq görərkən diqqətli olun və o, yerə əyilib daş götürmək istədikdə tez uçub qaçın.

Ananın bu öyüdünü eşidən bala sərçələrdən biri ona deyibmiş:

– Olmaz ki, uşaqlar yerə əyiləndə deyil, elə hər dəfə gözümüzə görünəndə qaçaq? Bəlkə elə o, daşı cibində gizlədərək bizə tərəf gələcək və onun yerə əyilməyə heç ehtiyacı olmayacaq?

Rəis fikrimi tamamlamağa imkan vermədən məni ona “cib-cib” öyrətməkdə o ki var suçladı…

Balam, indi bir gecənin içində nə baş verdi ki, rəis belə əl-ayağa düşüb? Orada işləyənlər sualıma cavab olaraq, yalnız çiyinlərini çəkməklə kifayətləndilər.

Az sonra xəbər tutdum ki, sən demə, Nəsimi rayonunda bədbəxt hadisə baş verib. Rayonun Ağadadaş Qurbanov küçəsində Fəqan adlı gənc bir qızla 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan yüksəkgərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıb. Mən bu kiçik yazıda onların orada nə işləri olduqlarını araşdırmaq, üstəlik, bəziləri kimi “məhəbbətin gözü kor olur” demək niyyətində deyiləm. Çünki məni alayı nəsnələr düşündürür. Görünür, rəisin bu işə baş qoşması elə bu hadisə ilə bağlıdır. Nə isə…

Ortaya belə bir sual çıxır: “Məgər həmin transformatorun yerləşdiyi yeri hasara, yaxud hansısa qoruyucuya almaq olmazdımı? Nədən biz iş-işdən keçəndən sonra əl-ayağa düşürük?” Amma bu suala birdən-birə cavab tapa bilmədim. Yəqin ki, bu hadisədən sonra şəhərdəki bütün transformatorlar mühasirəyə alınacaq. Mən buna əsla şübhə etmirəm, çünki təcrübəmizdə belə şeylər çox olub. Onlardan birini deməklə kifayətlənəcəyəm. Əgər xatırlayırsınızsa bir müddət əvvəl, daha doğrusu, bu ilin mayında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada dəhşətli yanğın baş verdi. Nəticədə 15 nəfər insan həyatını itirdi, 50-yə yaxın vətəndaş isə ağır bədən xəsarəti aldı. Araşdırmalardan sonra məlum oldu ki, sən demə, bina adi bir qığılcımdan alışa bilən penoplastla üzlənib. Elə yanğına səbəb də bu üzlük olub. Məhz bu faciədən sonra Bakıda, Sumqayıtda, eləcə də digər rayon və şəhərlərdə bu cür üzlüklərin binalardan sökülməsinə başlanılmadımı? Təkcə paytaxtda belə gözəlləşdirilmiş, başqa sözlə desək, maskalanmış binaların sayı isə 150-dən çox idi. Və bununla da dövlətin milyonlarla vəsaiti zibilliyə atıldı. Yenə deyirəm, axı niyə biz beləyik? Gərək hadisə baş versin ki, nəsə iş görək?