Gərək bizimkilər belə açıqlamalar verməyəydilər

548

“Biz nəyik? Bəzi vaxt mən öz-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, biz heç bir şeyik. Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa. Bəlkə elə belə də lazımdır: bəlkə elə belə lazımdır ki, bizi bir şey hesab edib, bizdən ehtiyat eləsinlər?!
Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir: amma yenə biz özümüz öz əlimizlə öz işimizi xarab eləyirik. O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar, başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı üç qəpikdir”. Növbəti yazımı böyük Mirzə Çəlilin bu sitatı ilə başlamağın heç də təsadüfi deyil.
Bəli, elə ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş püşkatma mərasimində ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın, (bu komanda Monteneqronun “Rudar” klubu ilə qarşılaşacaq) eləcə də UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri (“İnter” Albaniyanın “Laçi”, “Qəbələ” Gürcüstanın “Dinamo” (Tbilisi), “Neftçi” isə Monteneqronun “Mladost” komandası ilə qarşılaşacaq) müəyyənləşdi, əcnəbi klubların rəsmiləri başladılar öz həyəcanlarını dilə gətirməyə. Məsələn, “Dinamo”nun baş məşqçisi Gia Geguçadze dedi ki, bəs son illər Azərbaycan futbolu inkişafdadır, buna görə də “Qəbələ”ni çox ciddi rəqib kimi qəbul edirəm. “Rudar”ın baş məşqçisi Mirko Mariçin köməkçisi Viko Boqavaç bildirdi ki, “Qarabağ”la qarşılaşdığımız üçün sevindiyimizi söyləyə bilmərəm: “Bununla belə rəqibimiz səviyyəli komandadır. İstənilən halda “Qarabağ” cütün favoritidir”. Elə “Rudar”ın kapitanı Nedelyko Vlahoviç də buna oxşar açıqlama verdi. “Laçi”nin futbolçusu Olsi Teqya “İnter”in gücündən dəm vurdu: “Düşünürəm ki, ikimizə də çətin olacaq”. Elə “Mladost”un rəsmiləri də buna oxşar fikirlər söylədilər.
Sizdən nə gizlədim, əcnəbilərin Azərbaycan futbolunu – bizim komandaları bu şəkildə mədh etmələri, daha doğrusu, onları qaldırıb dağın başına qoymaları mənə alayı ləzzət verdi. Lakin bizim komandaların rəsmilərinin açıqlamaları, sözün həqiqi mənasında, iştahıma soğan doğradı.
Görün “Qarabağ”ın baş məşqçisi Qurban bəy nə dedi? O, dedi ki, canım, siz nə danışırsınız, ümumiyyətlə, Balkan klublarına qarşı oynamq bizə həmişə çətin olub. “Neftçi”nin baş məşqçisi Samir Əliyev isə komandasının problemlər içində boğulduğunu dilə gətirdi. Elə bu səbəbdən klubun idman direktoru Vəli Qasımov: “Mladost”u keçmək asan olmayacaq”. – dedi. “Qəbələ” bu il də təcrübəsizliyinin badına gedə biləcəyini açıqladı. Bir sözlə, bizim komandaların başbilənləri öz klublarının fəaliyyətini bir qəpiklik etdilər. Bununla da onlar komandalarının onların yemi olduğunu bildirdilər.
Mənə elə gəlir ki, gərək bizimkilər belə açıqlamalar verməyəydilər. Yəni sirlərimizin üstünü açmayaydılar, heç olmasa əcnəbilər həmin qarşılaşmalara qədər bizi bir şey hesab etməkdə davam edəydilər. “Mən ölüm, üstünü açma” demək də, məncə, artıq gecdir. Çünki bizimkilər rəqiblərinə astarlarını göstərib, onlara oyunlarqabağı əlavə psixoloji stimul veriblər.

Qvami Məhəbbətoğlu