“Gərək ana sağlam olsun ki…

1106

Müsahibimiz Sumqayıt Şəhər Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri, uşaq cərrahı Yektin Əliyevdir.
– Uşaqlarda bud-çanaq oynağı çıxıqlarının yaranma səbəbi nədir?
– Bud-çanaq çıxıqları uşaqlarda əsasən anadangəlmə olur. Son 15-16 ildə kənar müdaxilə nəticəsində yaranmış çıxıq hallarına demək olar ki, rast gəlinmir. Bu hallar daha çox çanağn oynaq quruluşunda qığırdaq toxumalarının çatışmazlığı nəticəsində yaranır. Əvvəllər çanaq çıxığı gec aşkar olunduğundan ancaq cərrahi yolla müdaxilə etmək mümkün olurdu. Lakin hazırda poliklinikalarda uşaq cərrahları fəaliyyət göstərirlər və deyə bilərəm ki, həkimlərimiz bu sahədə çox təcrübəlidirlər. 6 ayına qədər erkən diaqnoz qoyulur və buna uyğun müvafiq qidalanma, masaj tətbiq etməklə düzəlir.
– Bəs bud-çanaq oynağında çıxıq hər hansı əlamətlə özünü göstərə bilir?
– Təbii ki, burada önəmli məqam diaqnozun erkən qoyulmasıdır. Lakin müxtəlif səbəblərdən xəstəliyin aşkar olunması gecikə bilir. Uşaq artıq yeriməyə başlayanda problem özünü yerişində göstərir. 1 yaşdan sonra qoyulan diaqnozdan hər zaman effektiv nəticə almaq olmur. Ayaq gipsə qoyulur, yük asılır və ya dərəcəsinə görə əməliyyat olunsa da, çox vaxt problem aradan tam qalxmır.
– Bu əməliyyat neçə yaşına qədər olunmalıdır?
– Əgər diaqnoz erkən qoyulub, 3 ayına qədər müalicəyə başlanılırsa, uşaq tam sağalır və çıxığın heç bir izi qalmır. Lakin 1 yaş yarımı keçirsə, çıxığın formasından, tam və ya natamam olmasından asılı olaraq əməliyyat olunur.
– Çanaq çıxığının ən çox qızlarda rast gəlinməsinin səbəbi nədir?
– Bu, anatomik quruluşla əlaqədardır. Bəzi xəstəliklər var ki, oğlanlarda daha çox müşahidə olunur. Lakin anadangəlmə çanaq oynağının çıxığı qızlarda daha çox rast gəlinir.
– Uşaqlarda anadangəlmə qasıq yırtığı necə yaranır?
– Uşaqlar ana bətnində olduğu zaman oğlan və qız olmasından asılı olmayaraq orqanlar müxtəlif yerlərdə olurlar. Məsələn, kor bağırsaq əvvəl solda olur, daha sonra sağa keçir. Dilaltı sümük əvvəl döş qəfəsində, böyrək isə çanaqda olub, daha sonra yuxarı qalxır. Belə demək mümkünsə, onların getdiyi yol boru kimidir. Həmin mənfəz sonradan bağlanır. Lakin bu yol bağlanmadıqda orqanlar yer dəyişdirərkən problem yarana bilir. Belə ki, böyrək çanaqda qalır, daha çox oğlanlarda rast gəlinən qasıq yırtığı və ya damar genişlənməsi kimi hallar baş verir. Bunun da səbəbi tam məlum deyil. Qidalanma, infeksiya, ekoloji təsir kimi müxtəlif amillərin bu problemə yol açdığı düşünülür. Amma qeyd etdiyim kimi tibbə hələ də bunun dəqiq səbəbi məlum deyil.
– Yeni doğulan körpələrdə böyrəkdaşı xəstəlikləri müşahidə olunur. Uşaqlarda bu qədər erkən vaxtda böyrəkdaşının yaranması nədən irəli gəlir?
– Son zamanlar bu problemə həddindən artıq çox rast gəlinir. Bir çox xəstəliklər kimi, böyrəkdaşı xəstəliyi də cavanlaşıb deyə bilərik. Həm böyrəkdaşı xəstəlikləri, həm də mədə xorası maddələr mübadiləsinin pozulmasından qaynaqlanır. Eyni zamanda böyük ehtimal ki, hamiləlik dövründə ananın keçirdiyi hansısa xəstəlik buna yol aça bilər. Gərək ana sağlam olsun ki, dünyaya gətirdiyi övlad da sağlam olsun.
– Bəs ana hamiləlik dövründə nələrə diqqət etməlidir?
– İlk növbədə, ana qidalanmasına diqqət etməlidir. Hamiləlik dövründə xanımlarda ən çox anemiya və viruslara, infeksiyalara rast gəlinir. Bunlar vaxtında müəyyən olunub, qarşısı alınmalıdır. Əks halda, bu problemlər doğulan körpədə özünü müxtəlif xəstəliklərlə büruzə verir.
– Bayaq qeyd etdiniz ki, uşaqlarda mədə və bağırsaq xorası xəstəlikləri… Bunlar da eyni problemdən qaynaqlanır?
– Bəli. Çünki 3-4 yaşında uşaqda kəskin mədə xorası aşkar olunması başqa cür izah edilmir. Böyük uşaq deyil ki, yeməkdən olsun. Yaxın günlərdə kəskin mədə xorasından əziyyət çəkən 4 yaşlı xəstəm oldu. Uşağı gətirəndə artıq qan qusurdu.
– Bu xəstəliyin ilkin əlamətləri nələrdir?
– Mədə xorası yeni olmağa başlayanda, yəni hələ qastrit olduğu zaman uşaqda ilkin əlamətlər iştahasızlıq, sol nahiyələrdə ağrı, halsızlıq, rəngi ağa yaxın olur.
– Adətən, uşağın səhhətində hər hansı problem olduğu zaman valideynlər pediatra müraciət edirlər. Bəs uşaq cərrahına nə zaman müraciət edilməlidir?
– Uşaqlarda qarın ağrısı müşahidə olunursa, səbəbindən asılı olmayaraq, ilk növbədə, uşaq cərrahına müraciət olunmalıdır. Səhiyyə Nazirliyinin əmrinə əsasən, təcili tibbi yardımlar da onlara müraciət olunan uşaqlarda qarın ağrısı şikayəti varsa, heç bir müdaxilə etmədən cərrahların yanına gətirirlər.
– Günümüzdə ən çox rast gəlinən problemlərdən biri də boğaz ətindən qaynaqlanan xəstəliklərdir. Çox zaman uşaqların səhhətində ciddi problem yarada bilir. Boğaz əti nə zaman kəsilməlidir və ya kəsilməlidirmi?
– İlk növbədə, onu deyim ki, bizdə boğaz əti dediyimiz tonsilla kəsilməlidir kimi yanlış bir düşüncə var. Hətta bəzi valideynlər gələcəkdə problem yarada bilər düşüncəsi ilə ciddi bir narahatçılıq verməsə də, bu əti kəsdirirlər. Halbuki boğaz əti orqanizm üçün lazımlıdır və immun sisteminin yaranmasında önəmli rol oynayır. Araşdırmalar göstərir ki, boğaz əti və apendisiti kəsilib götürülən uşaqlarda gələcəkdə orqan transplantasiyası zamanı ciddi problemlər baş verir. Yəni bu orqanların immum sistemində, qan yaranmasında böyük əhəmiyyəti var. Hər boğazında ağrı olan insanın boğaz ətini kəsmək olmaz. Burada müəyyən kliniki əlamətlər var. Əgər ürəyində dəyişiklik varsa, revmatizm başlanğıcı varsa, oynaqlarda ağrı müşahidə olunursa, bu zaman əməliyyat oluna bilər. Əvvəllər 5 yaşından sonra yerli keyitmə ilə tonsilla əməliyyatı keçirilirdi. Lakin patoloji hal varsa, 3 yaşında xəstəni də ümumi keyitmə altında əməliyyat edirik.
– Müraciət edən xəstələr arasında ən çox hansı xəstəliklər aşkar olunur?
– Uşaq cərrahiyyəsi 1 yaşından 15 yaşına qədər uşaqlarla məşğul olur. Ən çox bağırsaqların keçməzliyi, anadangəlmə düz bağırsağın olmaması, apendisit, damar genişlənməsi, damar törəməsi, böyrəkdaşı xəstəlikləri müşahidə olunur. Eyni zamanda hemangeoma deyilən damar genişlənməsi patologiyası ən çox rast gəlinən xəstəliklər arasındadır. Daha çox qızlarda görünür və bədənin müxtəlif yerlərində ət xalına oxşar şişdir. Onu da deyim ki, bu xəstəlik son zamanlarda sürətlə çoxalıb. Əvvəllər kəsilib götürülürdü. Lakin indi yeni bir dərman preparatı var ki, onu qəbul etməklə bu xəstəliyi ya tamamilə aradan qaldırmaq, ya da inkişafının qarşısını almaq mümkündür.

Xəyalə Sadıqova, Nərmin Haqverdiyeva.