“Gənclik”dəki səhvlər

535

Bu və ya digər sözü hərə öz tələffüz etdiyi kimi yazsaydı, müxtəlif “orfoqrafiyalar” meydana çıxa bilərdi.
 Məsələn, deyil sözünü biri “degil”, digəri “dəgil”, bir başqası “döyül” və sairə şəklində yazardı (Sirr deyil ki, tələffüzü bu cür müxtəlif variantları olan sözlər dilimizdə kifayət qədərdir). Amma mənə elə gəlir ki, son vaxtlar artıq belə “orfoqrafiyalar” formalaşmaqdadır. Özü də belə “orfoqrafiyaları” formalaşdıran idarə, müəssisə və təşkilatlardır. Yəqin məni yenə hansısa qurumu qaralamaqda günahlandıracaqsınız. Amma yox, bunu bacarmayacaqsınız, çünki əlimdə kifayət qədər fakt var… Bəli, belə səhvlərə sahibkarların mağazalarında, avtobuslarında rast gəlmək mümkündür. Yox, mən bu dəfə belə sahibli “məkanlardan” söz açmaq istəmirəm. Çünki bu məsələdə bir dəfə, necə deyərlər, ağzım yanıb. Yəni günlərin bir günü bir mağazada vurulmuş elandakı səhvlərlə, daha doğrusu, “Satıcı qız telebe olunur”la bağlı fikrimi bildirəndə mağaza əhlindən biri dedi ki, qaqaş, get, işinlə məşğul ol, məgər sən dili bizim müdirdən yaxşı bilirsən? Özəl mağazadır, sahibi özü bilər… İndi sən bizim sahibkara dərsmi keçmək istəyirsən? Hələ indiyədək xozeynimizin bir sözünü iki edən olmayıb. Unutma ki, bura özəl bir məkandır. Özəl məkandakı özəl elanlarda özəl sözlərin işlədilməsi təbiidir. Bir də belə səhvlər məgər yalnız özəllərdədir?.. Yaxşı diqqət etsən, indi bu cür nöqsanlara hər yerdə rast gələ bilərsən. Özü də onların yanında bizim elandakı səhvlər toya-bayrama getməlidir.

… Dünən metronun “Gənclik” stansiyasına düşəndə nədənsə həmin mağaza əhli ilə bağlı o epizod yadıma düşdü. Elə həmin söhbəti başımda fırladırdım ki, birdən bu stansiyada ünvanları göstərən lövhəyə gözüm sataşdı. Bəri başdan deyim ki, son günlər bu stansiyadakı ünvanları göstərən lövhələrə əməlli-başlı əl gəzdirilib. Yəni onlar müasir texnologiya ilə, yəni elektron lövhələrlə əvəz olunub. Buna görə qurumun rəhbərliyinə, bu sahədə canfəşanlıq edən hər kəsə minnətdarlıq edirəm. Amma… hər gün minlərlə insanın istifadə etdiyi “Gənclik” stansiyasının həmin lövhələrindəki səhvlərə görə kimə üz tutacağımı bilmədim. Səhvlər də nə səhvlər… Adamı özündən çıxaran səhvlər… Elektron lövhələrdə diqqəti ən çox çəkən “İdman universiteti” (?) ifadəsidir. Bu söz birləşməsindəki səhvi bir kənara qoyaq. Görəsən, “Gənclik” stansiyasının yaxınlığında, yaxud Bakının hansısa guşəsində “İdman universiteti” fəaliyyət göstərirmi? Bəlkə var, mən bilmirəm? Çox düşündükdən sonra belə qərara gəldim ki, sən demə, bu ifadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əvəzinə işlənibmiş? “İdman universiteti” hara, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası hara? Bu yeniliyə görə şəxsən mən həmin ifadəni “icad” edənlərə, onu ərsəyə gətirənlərə “təşəkkürümü” bildirirəm. Həmin lövhədə digər icadlar da ürək bulandırır. Belə ki, dünya şöhrətli hakim Tofiq Bəhramovun soyadı “Bəhrəmov” kimi, yəni “Tofiq Bəhrəmov stadionu” kimi göstərilib. Halbuki elə “Gənclik” stansiyasının 5-6 metrliyindəki stadionun girəcəyində həmin ünvan belə göstərilib: “Tofiq Bəhramov adına Respublika Stadionu”. Məncə, bu səhv Tofiq Bəhramov kimi bir kişinin ruhuna hörmətsizlikdən başqa bir şey deyil.

Bəli, bu stansiyanın elektron lövhələrindəki yanlışlıqlar mənim saydıqlarımla bitmir. Mən, sadəcə, onların ikisindən söz açdım. Hirsimdən digərlərini unutduğum üçün onları xatırlatmaq istəmədim. İstəmədim ki, hansısa yanlışlığa yol verib, onları üstümə qaldırım.

Onu da deyim ki, mən buna görə metropolitenin mətbuat xidmətini qınamaq fikrində deyiləm. Çox güman ki, belə elektron lövhələrdəki yazılar yazılarkan onların rəyləri nəzərə alınmır. Mən bu stansiyada çalışanlara da savadsız damğası vurmaq istəmirəm. Hətta “onlar səviyyəsizdirlər” də demək niyyətində deyiləm. Çünki mənə elə gəlir ki, səviyyəsiz mənəm ki, belə mətləblərdən söz açıram.

Qvami Məhəbbətoğlu