Gənclik eşqi ilə çalışan qocaman müəllim

408

Eyvaz müəllimi uzun müddətdir ki, tanıyıram. İllər boyunca bir yerdə çalışmışıq. Sima baxımından xeyli dəyişsə də, xarakter, xasiyyətcə əvvəllər necə görmuşəmsə bu gün də elədir. Müəllim haqqında başqaları çox rahatlıqla danışa, söz söyləyə bilər, lakin müəllimin öz həmkarı haqqında fikir söyləməsi o qədər də asan deyil. Hər insan fərqli yarandığı kimi, fəaliyyət göstərdiyi sahədə də fərqlənir başqalarından. Eyvaz müəllimin ən tez təsir bağışlayan cəhəti onun enerjili olması, işini yaşına görə daha şövqlə, həvəslə görməsidir. Diqqətlə müşahidəyə ehtiyac olmadan hər kəs Eyvaz müəllim üçün ikinci dərəcəli bir işin olmadığını müəyyən edə bilər. İşinə çox məsuliyyətlə, həssaslıqla yanaşır, tələbələrindən də yiyələnmək istədikləri ixtisasa qarşı eyni münasibət bəsləmələrini tələb edir. Eyvaz müəllimə görə peşənin, sənətin pisi yoxdur, onu təmsil edənlərin yaxşıları və ya pisləri olur. Pedaqoji sənətdə isə ikincisinə heç yer yoxdur, ya yaxşı müəllim olacaqsan, ya da bu sənətdən uzaqlaşacaqsan. Uşaqlar bütün dövrlərdə cəmiyyətlərin gələcəyi hesab olunub. Cəmiyyət və valideynlər dünyada ən əziz, ən qiymətli varını biz müəllimlərə etibar edir, etibara sədaqət isə hər bir vicdanlı insan şəxsiyyətinin mayakıdır.

Eyvaz müəllimin ən çox bəyəndiyim xüsusiyyətlərindən biri də onun öyrətməli olduğu materialı dəfələrlə saf-çürük edib, mənimsənilməsinin asanlığına tam əmin olduqdan sonra təqdim etməsidir. Onun dərs vəsaitlərində səhifə-səhifə, sətir-sətir altından qırmızı xətt çəkilmiş yerlər görmək olar. Bu, peşakar müəllimə yeri gəldikdə manevr etmək, başa düşülməyən məqamı nişanladığı yerin müqayisəsi ilə bərabər, öz dəst-xətti ilə izah etməsi üçündür. Pedaqoji ustalığı, taktı mükəmməl müəllim eyni bir məsələnin ən azı üç variantda izahına hazır olmalı, qarşısındakı tələbənin ürəyində zərrə qədər şübhə yeri qalmamsına çalışmalıdır. Eyvaz müəllim də tanıdığım belə müəllimlərdəndir.

Mən dəfələrlə lap təcrübəli müəllimlərin belə bu və ya digər məsələlər barəsində Eyvaz müəllimə müraciət etdiklərinin və onun məsələyə nə qədər səmimiyyətlə yanaşdığının, həmin məsələyə onların özlərinin fəal iştirakı ilə necə aydınlıq gətirdiyinin şahidi olmuşam. Onun özünün də fikir mübadiləsinə ehtiyacı olduğu zaman həmkarları ilə nə qədər səmimi davrandığını da görmüşəm.

Eyvaz müəllim kimləri isə kiçildərək özünə dəyər qazanmaq istəyənlərdən deyil. O, öz həmkarlarına dəyər, qiymət verməkdə çox səxavətlidir, comərddir. Eyvaz müəllim “düşməninin” də yaxşılığını istəyən, istəməklə kifayətlənməyib ona hər cür yardım göstərməyi bacaran böyük ürək sahibidir. Yaxşı yadımdadır, kənddə bir nəfər kobudcasına onun xətirnə dəyir. Bir müddətdən sonra gəlməyəcəyini zənn edərək, onu oğlunun toyuna dəvət edir. Eyvaz müəllim heç nə olmamış kimi, “el şad, mən də şad” deyib, fərəhlə toya gedir. Məclisdə ona söz verilir. Sinədəftər Eyvaz müəllim elə bir çıxış edir ki, toy sahibi özünə yenidən baxmalı olur. Toydan sonra Eyvaz müəllimə yanaşıb dönə-dönə üzr istəyir. Bax, Eyvaz müəllim belə bir ürək sahibidir!

Eyvaz müəllim, məncə, ən qədirşünas insandır. Kiçik yaşlarından hər iki valideynini itirmiş Eyvaz müəllim və onun qardaşlarını rəhmətlik xalası boya-başa çatdırıb. O, xalasının sağlığında da, dünyasını dəyişəndən sonra da öz övladlıq borcunun öhdəsindən ləyaqətlə gəlib. Elə söhbəti olmaz ki, “rəhmətlik xalam demişkən” kimi ifadələr işlətməsin. Övladlar var ki, doğma ata-analarını dillərinə gətirmir, yada salmırlar.

Eyvaz müəllim həm də nümunəvi ailə başçısıdır. Hər iki övladına dərs demişəm. Həm oğlu, həm də qızının gözəl ailəsi var və bu gözəlliyin nəsillər boyunca davam edcəyinə əminəm, çünki bu şəcərənin kökü gözəlliyə dayanır.

Eyvaz müəllim əsl müəllimdir, öyrədəndir. O, həm də pedaqoji xəzinədir. Onu öyrənməyə dəyər. Sabahın müəllimləri ondan tədris etdiyi fənlə yanaşı, əsl müəllimliyin sirlərini də öyrənməlidirlər ki, gələcəkdə uğur qazansınlar.

İlk baxışda soyuqqanlı görünən Eyvaz müəllimin nə qədər mehriban, ailə, qohum-qardaş, övlad, nəvə, dostcanlı olduğunu onu tanıyanların hamı bilir. Düz on yeddi il əvvəl onun haqqında zarafatyana yazdığım şeirə bir neçə bənd əlavə edərək sözümü yekunlaşdırmağa çalışacağam. Əksər yzılarımda Eyvaz müəllimlə bağlı epzodlar olsa da, bu gözəl insan haqqında bir kitab yazsaq belə azdır.

Biz bu sirri necə yozaq,

Eyvaz müəllim? –

Həm yaxınsan, həm də uzaq,

Eyvaz müəllim.

Ömür nədi il gözündə?

Həsrət yanıb kül – gözündə,

Hərdən açır dil gözün də,

Eyvaz müəllim.

Saçın seyrək, boyun bəstə,

Kaş olaydım sən həvəsdə.

Loğman sanar səni xəstə

Eyvaz müəllim!

Çəkib gedir illər yaşı,

Dindirirsən dağı daşı,

Zər qədrini bilməz naşı,

Eyvaz müəllim!

Can deyənlər gen düşəndə,

Yollarına çən düşəndə,

Tez atlandın sən düşəndə,

Eyvaz müəllim!

Adam var ki sözə dəymir,

Od-ocağı közə dəymir,

Bülbül oxur, gözə dəymir,

Eyvaz müəllim!

İlham dedi: – Rahib, bitir,

Dinləmədi qələm, sətir,

Dünya dərddi, biz də çətir,

Eyvaz müəllim!

Eyvaz müəllim!

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında gənclik həvəsi ilə çalışan Eyvaz müəllim, həmkarlarının, universitet rəhbərliyinin və tələbə kollektivinin rəğbət və hörmətini qazanmış pedaqoqlarımızdandır, qabaqcıl təhsil işçisidir.

Həmkarımız, dostumuz, istedadlı pedaqoq, gözəl insan, nümunəvi şəxsiyyət olan Eyvaz müəllimi altmış yaşı olması mümasibəti ilə təbrik edir, ona can sağlığı, uzun, sağlam və xeyirli ömür arzu edirik!

Rahib Alpanlı