Gənclik elə böyük qüvvədir ki…

0
178

Ölkəmizdə gənclərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Gənclərlə bağlı müxtəlif Dövlət proqramlarının həyata keçirilməsi, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə  Azərbaycanda Gənclər Gününün təsis olunması, 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunələridir. 2019-cu il iyul ayında Prezidentin Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən olunması, dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının inkişaf etdirilməsi məqsədi ilə  “Yüksəliş” müsabiqəsi də təsis edilib ki, bunu da gənclərə göstərilən növbəti etimad kimi dəyərləndirmək olar. Bu mənada ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb desək, səhv etmərik.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq, müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, hazırda ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır və onlar irəli çəkilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edirlər. Son bir ildə perspektivli gənclərin dövlət idarəçiliyində mühüm vəzifələrə təyin olunmalarının da kifayət qədər nümunələrini görmək mümkündür. Bu mənada dövlət idarəçiliyində həm milli ruhlu, həm də işinin peşəkarı olan kadrların önə çəkilməsi artıq ənənə halını alıb.

Bir sözlə, gənclər gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Elə Prezident İlham Əliyevin gənclərə xitabən: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deməsi Azərbaycan gəncliyinə olan böyük inamı bir daha nümayiş etdirir. Şübhəsiz, cənab Prezidentin  üzünü ölkə gənclərinə tutaraq ümidinin gənc nəsil olduğunu ifadə etməsi gənclərin üzərinə düşən məsuliyyəti daha da artırır, ölkəmizin maraqlarının qorunması, haqq səsinin dünyaya çatdırılmasında fəal iştirak etmək həvəsini təşviq edir.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev  bu günlərdə Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında ölkəmizdə gənclərin potensialına xüsusi önəm verildiyini, onların bilik və bacarıqlarından səmərəli istifadə edildiyini bir daha vurğulayıb. Göründüyü kimi, ölkə rəhbəri kadr siyasətində gənc nəslə şans verir, onlar üçün fəaliyyət meydanını daha da genişləndirir. Bu, həm də o deməkdir ki, dövlətimizin başçısı hər zaman güvəndiyi və yeni baxışları ilə seçilən, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutan, ölkəmizin dayanıqlı uğurunun təminatçısı sayılan gənclər ordusuna etibar edir. Çünki Prezident İlham Əliyev əmindir ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinə olduqca məsuliyyətlə yanaşan, Ulu Öndərin ideylarına sadiqlik nümayiş etdirən Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Bu yerdə Prezident İlham Əliyev ötən il fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında gənclərə xitabən dediyi bu sözlər də xatırlatmaq yerinə düşərdi: “Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”. Yeri gəlmişkən qeyd edək ki, hazırda ölkə əhalisinin 30 faizdən çox hissəsini gənclər təşkil edir.

Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi hər bir gəncimizdə özünə, öz gücünə, istedadına, potensialına inam hissini artırır. Ötən ilin sonunda keçirilən bələdiyyə seçkilərində gənclərin fəallıq nümayiş etdirmələri də bu amildən irəli gəlir. Bu il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınanların sırasında gənclərin çoxluq təşkil etmələri yeni formalaşacaq parlamentdə onlara göstərilən inam və etimadın daha bir nümunəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”