Gənclərin “Yaşıl həyatı” layihəsi başa çatıb

0
392

 

Mingəçevir gəncləri ölkəmizi, eləcə də yaşadıqları şəhəri beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirən gənclərin sıralarında olmaq qürurvericidir. Bu günlərdə gənclərin daha bir layihəsi başa çatıb. Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə Region gənclərinin “Yaşıl” hərəkatı layihəsinin təlimlərinə start verilmişdi. Layihənin təqdimatında çıxış edən layihə rəhbəri Ədilova Zəminə gənclərə layihədə iştirak etdikləri üçün təşəkkür edib, layihənin keçirilməsində əsas məqsədin təmiz ekoloji mühitin vacibliyini gənclər arasında təbliğ etmək olduğunu vurğulayıb.

İlk təlimdə gənclər ekologiyanın qorunması, sağlam ekoloji mühitin faydaları haqqında məlumat alıblar. Ekologiyanın qorunmasına marağı artırmaq, regionlarda Yaşıl hərəkatın davamçılarının hazırlanması və aktiv gənclərin üzə çıxarılması layihənin başlıca məqsədini təşkil edir. Gənclərin ekologiyanın qorunması sahəsində nəzəri və praktiki biliklərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı regiondan olan təlim iştirakçılarının daha sonra öz bölgələrində “Yaşıl hərəkat”ın nümayəndəsinə çevrilməsi planlaşdırılıb.

Təlimlərdə iştirak edən gənclər layihənin üçüncü günü Mingəçevir su anbarı ərazisində ekoturda iştirak ediblər.

Layihəni uğurla bitirən gənclər sertifikatlar verilib.

Esmira Hidayətova.