“Gənclərin tərbiyəsində islam həmrəyliyinin rolu”ndan danışılıb

518

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir 13 saylı tam orta məktəbin  birgə təşkilatçılığı ilə “Gənclərin tərbiyəsində islam həmrəyliyinin rolu” adlı tədbir keçirilib.

Tədbirdə Mingəçevir şəhəri 13 saylı məktəbin direktoru Tünzalə Əfəndiyeva bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. Daha sonra çıxış edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, şagirdlərə sosial şəbəkələrdən istifadə zamanı daha diqqətli olmalarının bildirib.

 

Tədbirdə həmçinin Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhəri “Heydər” məscidinin imam naibi Müşfiq Nəcəfov, həmçinin məktəbin tarix müəlliməsi Mətanət Abbasova, X sinif şagirdi Zərif Məmmədli də çıxış edib. Onlar ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu da bildiriblər.

Tədbirdə şagirdlərin mövzuya dair sualları cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilib.

Esmira Hidayətova, Mingəçevir