“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

545

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 7 saylı tam orta məktəbdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 7 saylı tam orta məktəbin direktoru Anar İsmayılovun təklifi ilə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilibr. Sonra o, bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

 

Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Film ətrafında öz fikirlərini bildirən Sahib Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsi mühüm vəzifələrdən biri olduğunu, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsini gənclərim tərbiyəsində mühüm rol oynadığını qeyd edib.

Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.