Gənclərin III Ümumrespublika Teatr Festivalının açılışı olub

480

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclərin III Ümumrespublika Teatr Festivalının sonuncu mərhələsinin açılış mərasimi keçirilib. Açılışda çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Beynəlxalq ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti, Respublikanın Əməkdar Artisti Mübariz Həmidov qonaqları və festival iştirakçılarını salamlayaraq, üçüncü dəfə keçirilən festivalın məqsəd və mərami haqqında məlumat vermiş, belə festivalların gənclərdə  teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək əsas məqsədi daşıdığını qeyd etmişdir. Daha sonra M.Həmidov festivalın ideya müəllifi, millət vəkili Jalə Əliyevanın təbrikini festival iştirakçılarına çatdırmışdır.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin yaxından dəstəyi ilə keçirilən festivala 2 il ərzində 250-ə yaxın istedadlı gənc qoşulub.

2014-cü ilin oktyabr ayının 1-dən start götürən festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edərək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərindən ustad dərsləri almaq imkanı əldə etmişlər.

Ümumilikdə 12 yaradıcı komandanın iştirak edəcəyi festivalda 8 peşəkar və həvəskar teatr kollektivi, eləcə də Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa 3 gün ərzində 12 tamaşa ilə Dövlət Gənc Tamaşaçılar Teatrında çıxış edəcəklər.

Hazırlanan tamaşaların mövzusu sırf narkomaniya düşkünlüyünə, narkotikin qanunsuz  satışına etiraz ruhuna köklənib. Elə buna görə də  festivalın devizi məhz “NARKOSTOP” seçilib.

Festivalın münsiflər heyətinə Xalq Artisti Ramiz Novruzov, Əməkdar Artistlər Sənubər İsgəndərli, Hüsniyyə Mürvətova, Nicat Kazımov, Əməkdar İncəsənət Xadimi Əbdül Mahmudov rəhbərlik edirlər.

Məlumat üçün bildirək ki, qaliblər festivalın son günü – fevral ayının 2-də müəyyənləşəcəklər.