“Gənclərimizi yad təsirlərdən qorumalıyıq”

390

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə iştirakı ilə Mingəçevir şəhər 1 saylı tam orta məktəbin akt zalında “Gənclərin radikal meyllərdən qorunması” mövzusunda konfrans keçirilb. Konfransda məktəbin pedaqoji kollektivi və 9-11 sinif şagirdləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açıq elan edən Mingəçevir şəhər 1 saylı tam orta məktəbin direktoru Aynur Rəsulova qonaqları təqdim etdikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi silsilə dini maarifləndirmə tədbirləri barədə məlumat verib.
Konfransda “Gənclərin radikal meyllərdən qorunması” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Konfransda çərçivəsində “Fitnə” filmi nümayiş etdirilib və sonra film ətrafında müzakirələr aparılıb. Mövzu barədə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Elşən Əliyev bildirib ki, gənclərimizin milli ruhda böyüməsinə çalışmalı və onları yad təsirlərdən qorumalıyıq. Azərbaycan dövləti bu istiqamətdə öz işini yüksək səviyyədə qurub. Çıxış üçün söz alan məktəbin müəllimi Səbinə Həsənova qeyd edib ki, gənclərimizin vətənpərvərlik ruhda böyüməsi, elmi, intellektual, mənəvi, fiziki inkişafı daim pedaqoji kollektivin diqqət mərkəzindədir. Məktəbin 11-ci sinif şagirdi Gülnar Tağıyeva filmdən təsirləndiyini bildirib, gənclərin radikal dini meyllərdən uzaq tutulması üçün bu cür maarifləndirici tədbirlərin keçirilməsini təqdirəlayiq sayıb.
Esmira Hidayətova, Mingəçevir