Gənclərimizi dini radikalizmdən qoruyaq

491

“İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” İctimai Birliyi  Mingəçevirdəki 7 saylı tam orta məktəbdə Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili”  layihəsi çərçivəsində növbəti “Gənclərimizi dini radikalizmdən qoruyaq” adlı tədbir keçirib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir. Tədbirə dinləyici kimi  müəllim və tələbələr,  Qeyri-Hökumət Təşkilatlarının, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.  Layihənin rəhbəri, İSMM İB-in sədri Əliqismət Kərimov layihənin məqsəd və istiqamətlərindən, bu sahədə görülmüş işlərdən  danışıb.

Tədbirin təlimçisi Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə aparıcı məsləhətçisi Əlisa Fərəcovdur. O,  “Dini radikalizm millətimizə və islam dininə yaddır” mövzusunda çıxış edib. Əlisa Fərəcov dini radikalizmin yaranma səbəblərindən danışaraq dövlətin buna qarşı apardığı mübarizədən bəhs edib. Təlimçi həmçinin dini radikalizm, ekstremizm və dini fanatizmdən qurtulmaq üçün maarifləndirmə üsullarını sadalayıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Dini komissiyanın üzvü, Mingəçevir bələdiyyəsinin komissiya sədri Zahid Qasimlı “Dini radikalizmlə mübarizədə ailə və məktəbin rolu” mövzusunda çıxış edib. O deyib: “Dini radikalizmə aparan yol savadsızlıq, cahillikdən başlayır. Dünyagörüşü zəif olan gənc və yeniyetmələr, psixoloji gərginlik keçirən tələbələr daha tez radikalların təsiri altına düşürlər. Təhsilli, bilikli, dünyagörüşlü şəxsləri fikirlərindən döndərmək çətindir. Bu prosesdə məktəb və ailənin rolu danılmazdır. Məktəblilərin davranışına, hərəkətlərinə diqqət yetirmək gərəkdir ki, vaxtında qabaqlayıcı tədbirlər görülə bilinsin.  Gənclərimizin diqqətini elm və təhsilə yönəltmək, onlara dinin əsl mahiyyətini izah etmək vəzifəsi ailə və məktəbin üzərinə düşür”.

 

Məktəbin direktor müavini Ülviyyə Allahverdiyeva “Gənclərimizi dini radikalizmdən qoruyaq” mövzusunda çıxış edib. O, bu məqsədlə məktəbdə aparılan işlərdən danışıb və bildirib ki, məktəblərdə dinlə bağlı fənn tədris olunmasa da, belə mövzularda sinifdənkənar tədbirlərdə mütəxəssislərin mövqeyi ilə şagirdləri tanış etmək işin xeyrinə olar.

“Dini radikalizmlə mübarizə yolları” mövzusunda danışan “EkoTES” İctimai Birliyinin sədri dini radikalizmlə mübarizənin əsas üsullarından – maarifləndirmə, pereventiv (qabaqlayıcı),  profilaktiv və inzibati yollardan bəhs edib.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Sonda mövzular üzrə müzakirələr, sual-cavablar aparılıb.

Esmira Hidayətova, Mingəçevir