Gənclər yorğunluqdan gileylənir, ağsaqqal işləmək istəyir

409

Modern insanın xəstəliyi hesab olunur yorğunluq. Ev işləri, evdən işə, işdən evə var-gəl etmək, uşaqların dərslərinə köməklik göstərmək, sosial problemlər, kifayət qədər yata bilməmək kimi səbəblər sonda bizi yorur və hətta dincəlmək istəsək belə keçib getmir. Psixoloqların bildirdiyinə görə, həftə ərzində yorğun olan, həftəsonunu yataraq keçirən bir insanın özünü dincəlmiş hiss etməməsinin səbəbi psixoloji yorğunluqdur. Bu cür yorğunluq hətta dincələrək belə keçmir. Psixoloqlar bu qənaətdədirlər ki, insan, sadəcə, fiziki aktivlik göstərməklə yorulmur, gündəlik həyatın, qayğıların stresi, üzüntüsü, özünə vaxt ayırmadan davamlı şəkildə bir işlə məşğul olmasının nəticəsində zehni yorğunluq meydana gəlir. İnsanın bütün fikrini, zehnini, sadəcə, bir işə verməsi, özünə aid xobbilərinin olmaması nəticəsində zehni yorğunluq ortaya çıxır. Zehni yorğunluq isə bir müddət sonra həvəsdən düşməyə, halsızlığa, baş ağrılarına, həzm prosesinin çətinləşməsinə, yuxusuzluğa yol açır. Bunun üzərinə yersiz narahatlıq da əlavə olunur. Nəticədə, insan səhərlər yuxudan çox çətin qalxır, günə yorğun başlayır, axşamlar yorğunluğu atmağa, dincəlməyə çalışır, amma dincələ bilmir. Bundan başqa, yorğunluq səbəbi ilə özünü fiziki aktivlikdən uzaqlaşdırır, dostlarının getdikləri yerə getmir, ən sadə fiziki aktivlikdən belə boyun qaçırıb dincəlməyə çalışır və bu durum onu daha da yorğun hala gətirib çıxarır.

Türkiyəli psixiatr Sabri Yurdakul bu mövzu ilə bağlı açıqlamasında deyib ki, dincəlməklə keçməyən zehni yorğunluqlar, eyni zamanda depressiyaya gətirib çıxarır və insan özünə daha çox qapanır. Sosial aktiv fəaliyyətlərdən uzaqlaşması isə onun sıxıntısını daha da artırır. Sıxıntılar artdıqca yorğunluq, yorğunluq artdıqca sıxıntılar çoxalır və əgər belə demək mümkünsə, insan “çökür”: “Buna görə də psixoloji yorğunluğu atmaq üçün başlanğıcda çətin olsa belə, onun üstünə getməkdir. Fransızların bir misalı var: yaşamaq velosiped sürməyə bənzəyir, pedal çevirməyi dayandırsanız yıxılar və ya yoldan qalarsınız. Bu mənada insan da həyatda mücadiləni, hərəkəti buraxdığı zaman “yıxılar”, bunu düzəltməyin ən yaxşı yolu onun üstünə getməkdir. Hamımızın başına gəlib, özümüzü çox yorğun və həvəssiz hiss etdiyimiz zaman dostlarımızın israrı ilə çölə çıxar və bundan sonra özümüzü yaxşı hiss edərik və “Yaxşı ki, gəlmişəm”,-deyərik. Halbuki getməmişdən öncə bir xeyli bəhanələr tapmışdıq…”

Ekspertin bəzi tövsiyələri də var: “Hər gün davamlı olaraq idman etmək, bir saat piyada gəzmək, evdən çölə çıxmaq, həftə sonları yatıb özünüzlə təkbaşına qalmaq yerinə, dostlarınızla görüşmək, ailənizlə birlikdə vaxt keçirmək, növbəti həftəyə daha yaxşı başlamağa, enerjinizi artırmağa imkan verəcək”.

“İşlədikcə elə bil cavanlaşıram”

Yazımızın ikinci hissəsini bir qədər fərqli mövzuda davam etdirmək istəyirik. Söhbət Salyan rayonunun Arbatan kəndində yaşayan 89 yaşlı Dərzalı Əsgərovun işgüzarlığından, əzmindən, zəhmətkeşliyindən, bu yaşda belə işləməyə, çalışmağa göstərdiyi həvəsdən gedir…

Əgər gənc qalmaq və müvəffəqiyyət qazanmaq istəyiriksə, bunun üçün çox çalışmalıyıq. İşləməyəndə insan tənbəlləşir. Tənbəllik isə insanı paslandırır. İnsanın öz əməyi, zəhməti ilə əldə etdiyi uğur, gördüyü iş ona daha şirin gəlir, dəyərli təsir bağışlayır. İşləməklə əlaqədar bir çox atalar sözlərimiz var. Məsələn, “işləyən dəmir paslanmaz” “insan yeddisində nədirsə, yetmişində də odur”…

Salyan rayonunun Arbatan kəndində yaşayan 89 yaşlı Dərzalı Əsgərov yaşının çoxluğuna baxmayaraq, həyət belləyir, ağac əkir, həyətindəki bütün işləri görür. Dərzalı kişi gənc qalmağının  səbəbini işləməkdə və təmiz havada gəzməkdə görür. Onun sözlərinə görə, işləyən insan həmişə dinc olar, asanlıqla yaşlanmaz. Xəstəlikdən də uzaq olar: “İndiyə qədər çox nadir hallarda xəstələnmişəm. Həkimə getməyim yadıma gəlmir. Cavanlıqda çox işləmişəm. Demək olar ki, təqaüdə çıxana qədər… Yaxşı və pis günlərim də olub. Aclıq illərini də görmüşəm. Ancaq heç vaxt naşükürlük etməmişəm. Həmişə Allaha şükür etmişəm”. Dərzalı Əsgərov işləməkdən zövq aldığını, bundan yorulmadığını söyləyir: “Mənə elə gəlir ki, işsiz qalmaq insanı qocaldar. Ona görə işsiz qalmamağa çalışmışam. Təqaüdə çıxmazdan qabaq qaynaqçılıqla məşğul idim və bu işdən də zövq alırdım. Təqaüdə çıxandan sonra da boş oturmuram. Boş oturmağı sevmirəm. İndi çoxlu kitab oxuyuram. Həyət-baca işləri ilə məşğul oluram. Sökülüb-dağılanı özüm təmir edirəm. Boş vaxtlarımda nəvələrimi ziyarət edirəm. Elə bilirəm ki, otursam ağırlaşaram. Bədənimi hərəkət etdirmək üçün həmişə hər hansı bir işlə məşğul oluram. İşlədikcə elə bil cavanlaşıram”. Arbatan kəndində yaşayanlar da Dərzalı kişinin cavanlar kimi hərəkət etməsinə öz heyranlıqlarını bildirdilər. Onunla hər fürsətdə görüşüb söhbətləşdiklərini və nəsihətlərini dinlədiklərini dilə gətirdilər.

Nicat İntiqam, Babək Əsgər