Gənclər 20 Yanvarla bağlı debat keçirdilər

Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evinin, Mingəçevir Regional Debat Mərkəzinin və Gələcək Gənclərlə Gələcək Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “20 Yanvar” faciəsinin 29-cu ildönümünə həsr edilmiş  “Dəyirmi masa” və  “Faciələrin qəhrəmanlıq simvolu kimi təqdim olunması labüddür” mövzusunda Karl Popper formatında “Debat” keçirilib.

Şəhidlərin 1 dəqiqəlik sükutu ilə başlayan tədbirdə giriş nitqi ilə  çıxış edən Mingəçevir Gənclər və İdman İdarəsinin əməkdaşı Daşqın İsmayılov tarixi boyu Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlara toxunub və “20 Yanvar” hadisələri haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Mingəçevir Gənclər Evinin əməkdaşı Rəşad Qurbanov Gənclər Evində  “20 Yanvar” faciəsinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edərək gəncləri bu kimi tədbirlərdə fəal olmağa çağırıb.

Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə “20 Yanvar” hadisələrinin yalnız faciə deyil o cümlədən Azərbaycan xalqının azadlıq, qəhrəmanlıq tarixi olduğunu bildirərək bu səbəbdən debatların məhz bu mövzuda aparıldığını qeyd edib.

Esmira Hidayətova, Mingəçevir