Gənc və yenilikçi rektorla görüş

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 1 mart tarixində ali təhsil müəssisələrinin rektorları ilə silsilə görüşlər çərçivəsində “Distant ali təhsil: çağırışlar və imkanlar” mövzusunda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə görüş keçirilib.

Görüş xüsusilə pandemiyadan sonra bütün dünyanın reallığına çevrilən distant təhsilin müzakirəsinə həsr olunub. ATGTİ-nin sədri Pərviz Mirələmlinin moderatorluğu ilə baş tutan tədbirdə, təhsil müəssisələrinin distant təhsilə olan hazırlıq səviyyəsi, onun yaratdığı çətinlik və imkanlar kimi aktual məsələlərə toxunulub. Tələbələrin mövcud şəraitdəki prosesə uyğunlaşa bilmələri üçün universitetlərin fərqli idarəetmə metodları tətbiq etməyə məcbur olduğu və bu yolda sosial şəbəkələrin rolunun nəzərəçarpacaq dərəcədə artdığı qeyd olunub.

İttifaqın sədri tərəfindən Mingəçevir Dövlət Universitetinin rektoruna ünvanlanan suallar ətrafında qurulmuş müzakirə tələbələrin böyük marağına səbəb olub və canlı yayımlanan tədbir 300 dən çox tələbə tərəfindən eyni anda izlənilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinə 31 iyul 2019-cu  il tarixdə yeni təyin olunan gənc rektor Şahin Bayramovun  yenilikçiliyinin, tədrisin keyfiyyətli şəkildə davamlılığının təmin etməsinin, məsafədən təhsil prosesində tələbələrin yüksək fəallığına və mənimsəmə səviyyəsinə, biliyin qiymətləndirilməsi prosesinin optimal həllinə nail olunmasının şahidi olmuşuq. Gənc rektora yeni-yeni uğurlar arzulayırıq.

Esmira Hidayətova, Mingəçevir