Gənc aktrisa “Gənclər mükafatı”na layiq görülüb…

403

2 fevral Gənclər Günü münasibətilə “Buta Saray”da tədbir keçirilib. Hər il ənənəvi olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin təşəbbüsü ilə keçirilən mərasimdə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, gənclər təşkilatları və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə ötən ildə memarlıq, teatr, təhsil, kinematoqrafiya, ədəbiyyat, təsviri sənət sahələrində uğur qazanmış gənclər mükafatlandırılıblar.

Mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı və gənc aktrisası Səbinə Məmmədova da var. O, “2014-cü ildə uğurlu fəaliyyətinə görə” nominasiyası üzrə “Gənclər mükafatı”na layiq görülüb. Gənc aktrisa sözügedən mükafata teatr və kino sənəti sahəsində əldə etdiyi uğurlara görə layiq görülüb.

Səbinə Məmmədova  1997-2009-cu illərdə Bakı Xoreoqrafiya məktəbində təhsil alıb və sözügedən təhsil müəssisəsini xalq rəqsləri üzrə fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “dram rejissorluğu” fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

S.Məmmədova 2013-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa vəzifəsində çalışır. O, qısa müddət ərzində özünü istedadlı aktrisa kimi təsdiq edərək Kəpənək (A.Şaiq “Tıq-tıq xanım”), Piyaləçi qız (H.Cavid “Şeyx Sənan”), Qaraca qız (S.S.Axundov, A.Şaiq  “Qaraca qız”), Qaraçı (A.Tolstoy “Buratinonun macəraları”),  Betti (A.Lindqren “Balaca və damda yaşayan Karlson”), Çiçək (Ə.Əmirli “Hasarın o üzü”), Qırmızı papaq (Y.Şvarts “Qırmızı papağın nağılı”), Nərgiz (V.Siqarev “Ağ ölüm”), Ledi Şour (U.Şekspir “III Riçard”)  kimi obrazlar yaradıb.

Məlumat üçü bildirək ki, hər il 2 fevral – Azərbaycan Gəncləri gününün qeyd olunması münasibəti ilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclərin mükafatlandırılması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş “Gənclər mükafatı” ilə təltif edilir. Mükafatın təsis edilməsində əsas məqsəd müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimullar yaratmaqdır.